Öyrətmən, yəni Müəllim

tehsil_nazirliyiTəhsil nazirliyi müəllimliyə qəbulla bağlı müsabiqə keçirib. Müsabiqəyə qatılanlardan az biriləri sınaqdan çıxıb. Necə deyərlər, ilin, günün ac vaxtında özünə iş tapıb. Xeyirli olsun. Təhsil nazirliyinin şəffaflıq görüntüsünə xidmət edən məlumatını olduğu kimi yazaq, prosesin anormallığı bilinsin.    “Müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə 24437 nəfər ərizə verib. Onlardan 21795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə – test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə, 1877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 3599 nəfər əlavə yerləşdirmədə iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2233 nəfər işə qəbul edilib. Onlardan 1589 nəfərinə (71%) həvəsləndirmə tədbirləri tətbiq olunub. Bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32 % artıqdır. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı 1692 nəfər olmuşdusa, cari dərs ilində onların sayı 540 nəfər artıb.

Bu il keçirilmiş müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya şikayəti verən olmayıb”.

Deməli, müsabiqənin sonuclarına görə, müəllim olmaq istəyən 22204 nəfər ali məktəb məzununun arzusu ürəyində qalıb. Həm də 1229 yer boş qaldığı halda. 22204 nəfərin arasında müəllim adına layiq, tələb olunan səviyyədə savadlı 1229 adam tapılmayıb. Bu fakt təhsilimizin göstəricisi sayıla bilər. Hələ biz bunları müsabiqənin hansı-əyri, ya düz yollarla keçirilməsinə toxunmadan yazırıq. Xatırladaq, 2204 nəfərin çoxuna, bəlkə də hamısına diplomu müsabiqəni keçirən Təhsil nazirliyi verib. Sual yaranır: Təhsil nazirliyi müəllimliyə layiq bilmədiyi 22204 nəfərə diplomu niyə verib və necə verib. Deyək ki, onların yolunu TQDK ali məktəbdən salıb, diplomu ki Təhsil nazirliyi verib. Bir var birgə məsuliyyət-TQDK və Təhsil nazirliyi, bir də var özəl məsuliyyət. Araşdıran olsa, bu özəl məsuliyyətin, indiki halda Təhsil nazirliyinin məsuliyyətinin altından çıxmaq mümkün deyil. Daha maraqlısı, 22204 iştirakçının heç biri  müsabiqənin gedişindən narazı qalmayıb. Bəlkə də qalıb, səsini çıxartmayıb. Əlbət özlərinə güvənsəydilər, mübarizədən qaçmazdılar. Məsələ ilə bağlı “Azadlıq”ın sorğusunu şərh edən hüquqşünas bildirir: “Istənilən sahədəÿ müsabiqə və imtahanın tərəfdarı olmaq vacibdir. Çünki obyektiv şəkildə reallaşdırılan imtahanlar həqiqətin üzə çıxmasına, normal kadrların yerləşdirilməsinə xidmət edir”. Bu, bizim anlamayacağımız mövqedir. Diplom ali təhsil haqqında sənəddir. Diplom normal kadrlara verilir. Söhbət 100 ya min nəfərin yox, 1229 yerə 22304 nəfərin layiq olmamasından gedir. Qoy 2000 nəfər saxta yollarla diplom almış olsun-bunu bağışlayaq TQDK-ya, Təhsil nazirliyinə. Bəs 20000 nəfər necə olsun? Hara fırlanırsan cavabdeh Təhsil nazirliyidir. Deyək ki, Prokurorluq ali təhsilli hüquqçünü işə qəbul etmir. Arqumentləri ola bilər: yetərincə cavadlı deyillər, təcrübəsizdirlər. Onlara diplomu prokurorluq verməyib məsuliyyət daşısın. Müəllimin diplomunu Təhsil nazirliyi verib, yetişdirdiyi hər kadr üçün də məsuliyyət daşıyır. Daşımalıdır. Müəllimliyə layiq olmayanlara diplom verməklə gələcək illər üçün də savadsız müəllimlər şəbəkəsi yaradılır. Odur ki, müsabiqə keçirib özünü rüsvay etməkdənsə, müəllimləri Azərbaycan idarəçiliyə xas üsullarla işə götürmək də olar. Oxuyub öyrənməyiblər, işləyib öyrənərlər.

Azadə