Hakimiyyətdən Avropa Parlamentinin sanksiya qərarına isterik reaksiya

hakimiyyetƏli Həsənov: “Avropa Parlamenti artıq reallıq hissini itirib”

“Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını qəbul etməyəcək”

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh edib.

APA-nın məlumatına görə, Ə. Həsənov “AZƏRTAC”a bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir: “Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı tam təmin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi mühüm nailiyyətlər Qərbdəki bəzi islamofob, ermənipərəst dairələri qıcıqlandırır və getdikcə daha çox narahat edir: “Əminliklə demək olar ki, Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl həmlələri, qəbul etdiyi qeyri-obyektiv və qərəzli qətnamələr də həmin dairələrin təhriki və bu struktura davamlı təzyiqinin nəticəsidir. Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin kənardan idarə olunan ayrı-ayrı fraksiyalarının fəallaşması və bu qurumun islamofob rəhbərliyinin də yaxından iştirakı ilə ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması artıq adət halını almışdır. Azərbaycanda parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə də bu qurumun rəhbərliyinin və oradakı məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq cəhdindən başqa bir şey deyildir. Onlara xatırlatmaq istərdim ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil”.

Qətnamədə əks olunmuş iddialara gəldikdə, Əli Həsənov qeyd edib ki, şübhəli mənbələrdən daxil olan informasiyalar əsasında hazırlanmış subyektiv mülahizələr heç bir halda ciddi qəbul oluna bilməz: “Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hökumətin əsas tələbi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində mövcud azadlıqlardan sui-istifadə hallarına yol verilməsin, bu sahədə şəffaflıq və qanunların aliliyi təmin olunsun. Nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmamışdır. Azərbaycanda məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun tələblərini əsas götürürlər. Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin bütün hüquqları təmin olunur və qanunla qadağan olunmayan ehtiyacları tam ödənilir. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxildir və yerli məhkəmələrin qərarlarından həmin instansiyaya şikayət verilə bilər. Buna görə də konkret cinayət əməlləri törətdiyi açıq məhkəmədə faktlar və şahid ifadələri əsasında sübut olunmuş bəzi şəxslərin işini qərəzli şəkildə siyasiləşdirən Avropa Parlamenti bununla hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir”.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Qərbin yürütdüyü siyasətin bütün dünya üçün ağır fəsadlar törətdiyini diqqətə çatdıraraq deyib ki, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən Avropa Parlamentibirbaşa müdaxilə və hərbi təcavüz nəticəsində vətəndaş qarşıdurması arenasına çevrilmiş ölkələrin milyonlarla vətəndaşının aqibətini düşünsə, daha yaxşı olar: “Bu gün onlarla ölkənin iqtisadiyyatının çökməsi və milli sərvətlərinin talan edilməsində iştirak edən, yüz minlərlə insanın öz ölkəsini tərk etmək məcburiyyətində qalmasına səbəbkar olan bəzi Qərb liderlərinə qarşı sanksiyaların tətbiq edilməsi daha məntiqli və ədalətli olardı. Avropa Parlamenti Avropa İttifaqı məkanında dini və irqi ayrı-seçkilik, faşizm və ksenofobiya kimi halların qarşısını almalı, media nümayəndələrinin, QHT fəallarının hüquqlarının pozulmasını araşdırmalı və günahkarların cəzalandırılmasını tələb etməlidir. Əli Həsənovun sözlərinə görə, Azərbaycanda korrupsiya hallarının araşdırılmasını tələb edən Avropa ParlamentiAvropa İttifaqı ölkələrində milyardlarla avro vəsaitin müxtəlif vasitələrlə mənimsənilməsi hallarına qiymət verməli və bu özbaşınalığa qarşı etiraz edən vətəndaşların səslərinin susdurulmasına, etiraz aksiyalarının qəddar şəkildə dağıdılmasına göstəriş verən məmurların hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmalıdır: “Yaxşı olardı ki, Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının ayırdığı milyonlarla avro vəsaitin – Avropa vergiödəyicilərinin pullarının əslində hansı məqsədlərə xərcləndiyini araşdırsın və bu vəsaitlərin havaya sovrulduğunu anlasın. Bu günlərdə keçirilmiş məhkəmə proseslərində təsdiq olundu ki, bəzi QHT rəhbərləri Azərbaycan qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla xaricdən aldıqları qrantları Avropada mülklər əldə etməyə, özlərinin dəbdəbəli həyat tərzinə və şəxsi bank hesablarını doldurmağa xərcləyiblər”.

Avropa Parlamentinin beynəlxalq təşkilatları Azərbaycan Milli Məclisinə seçkilərə müşahidə missiyası göndərməkdən çəkindirmək çağırışına münasibətdə Əli Həsənov qeyd edib ki, bu qurumun artıq reallıq hissini itirdiyini və müxtəlif dairələrin əlində oyuncağa çevrildiyini açıq şəkildə göstərir: “Bu günlərdə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Strasburqda avroparlamentarilər qarşısında çıxışı zamanı baş verən bir insidentlə bağlı istehza ilə demişdi ki, Avropa Parlamentinə hər cür adam düşə bilər. Onun fikrini inkişaf etdirərək bildirmək istərdim ki, Avropa Parlamenti həm də hər cür absurd və gülünc qətnamə qəbul edə bilər. Bu qurumun təcrübəsində belə hallar dəfələrlə olub və Azərbaycanla bağlı qəbul olunmuş sonuncu qətnamə də bir daha bunu təsdiq edir”.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin perspektivinə gəldikdə, Əli Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfdaşlıq əlaqələrini, bərabərhüququlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu dəfələrlə bəyan edib və bu gün də öz mövqeyində qalır. Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını qəbul etməyəcək, “böyük-kiçik” münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcəkdir. Artıq bu həqiqəti anlamağın və münasibətlərin pozulmasına yönəlmiş cəhdlərdən əl çəkməyin zamanıdır.

Əli Hüseynli: “Sanksiya çağırışı gülüncdür”

“Avropa Parlamentinin dünənki qətnaməsi hələ ilk Avropa Oyunları ərəfəsində Qərbin Azərbaycana qarşı apardığı qərəzli siyasətin davamıdır və biz bunu öncədən proqnozlaşdırmışdıq. Sadəcə, budəfəki qətnamə Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti haqqında daha qərəzli, bəzən isə təhqiramiz ifadələrlə müşayiət olunur. Onlar əmin ola bilərlər ki, həm milli səviyyədə, həm də Avropadakı tədbirlərdə onların adekvat cavabı veriləcək”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.


Ə. Hüseynli qeyd edib ki, qətnamədə guya siyasi təqiblərdə əli olan rəsmilərə, siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmaq çağırışı gülüncdür: “Azərbaycan rəsmilərinə kənardan heç kim heç nəyi qadağan edə bilməz. Əgər hər hansı bir Avropa İttifaqı ölkəsi və onların nümayəndəsi belə bir ağılsız fikrə düşərsə, onda biz o ölkələrlə ikitərəfli münasibətlərimizə yenidən baxmalı olacağıq. Bu addımlardan biz yox, onlar əziyyət çəkərlər. Amma o avropalı deputatlar ki, işğal olunmuş Azərbaycan ərazisinə qanunsuz səfərlər ediblər və dünənki qətnamədə də Azərbaycan əleyhinə səs veriblər, onların Azərbaycana yolu birdəfəlik bağlıdır. Görün vəziyyət nə yerə çatıb ki, özləri siyasi korrupsiyaya bulaşmış avropalı deputatlar Azərbaycan hakimiyyətini korrupsiyada ittiham edib, araşdırmalar aparılmasına çağırırlar. Əgər bizim hüquq-mühafizə orqanları Qərb təşkilatlarından, o cümlədən Avropa Birliyindən qrantlar almış və qətnamədə adı çəkilən “hüquq müdafiəçiləri” ilə bağlı araşdırmaları bir qədər də dərinləşdirsəydilər, bu cinayət əməllərinin bir tərəfi elə həmin avropalı rəsmilərə gedib çatardı. Həmin avropalı rəsmilər və deputatlar erməni lobbisi ilə əlbir olaraq siyasi korrupsiyaya qurşanıb və məqsədləri müstəqil siyasət yürüdən Azərbaycana zərbələr endirmək olub. Cənab prezidentin 2015-ci il 14 iyul tarixli çıxışında dediyi fikirləri bir daha xatırlatmaq istəyirəm: “Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir. Gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır”. Verilmiş bu tövsiyənin icrasını hesab edirəm ki, indi daha da sürətləndirmək lazımdır. Avropa Parlamentinin dünənki qətnaməsi göstərdi ki, Azərbaycanın da təmsil olunduğu AVRONEST Parlament Assambleyası tam səmərəsiz bir qurumdur və onu tərk etməyin vaxtı gəlib çatıb”.

Komitə sədrinin sözlərinə görə, qətnamədə Avropa İttifaqına üzv dövlətlərə ünvanlanmış, Azərbaycandakı parlament seçkilərini müşahidə etməkdən çəkinməyə çağırış da iflasa uğrayacaq: “Bizim bir çox Avropa ölkələri və onların parlamentləri ilə ikitərəfli yaxşı əməkdaşlığımız mövcuddur. İnanırıq ki, Qərbin bu çirkin oyunlarından kənarda olan demokratik insanlar seçkiləri müşahidə etməyə qatılacaqlar. Amma heç bu da bir o qədər əhəmiyyətli deyil. Əhəmiyyətli olan Azərbaycan xalqının iradəsi, seçimi və müşahidəsidir. Azərbaycan xalqı da, Azərbaycan ictimaiyyəti də bilməlidir ki, bu cür qətnamələrlə bizə təsir etmək mümkün deyil. Əvvəllər də olduğu kimi, yenə də Qərbdən, Avropadan Azərbaycana gələcək rəsmilər prezidentimizlə görüşdə Avropa parlamentarlarının bu ağılsız qərarına görə üzrxahlıq edəcəklər və Avropa ilə strateji əməkdaşlığı davam etdirməyi xahiş edəcəklər”.

Əli Əhmədov Avropada «xəstəlik» tapdı

«Avropa Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş qətnaməni qərəzli, ədalətsiz və yersiz hesab edirəm. İnsanda belə bir təəssürat yaranır ki, Avropanın bu mötəbər qurumu sanki, anti-Azərbaycan xəstəliyinə tutulub».

Avropa Parlamentinin qətnaməsinə münasibət bildirən baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov belə deyib. AZƏRTAC-a açıqlamasında o bildirib ki, Azərbaycan vətəndaşları Avropa Parlamentinin anti – Azərbaycan mövqeyindən dərindən təəssüflənir:

«Bu, insanlarımızın Avropa dəyərlərinə inamını sarsıdır. Onsuz da Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibət bunun əyani misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan kifayət qədər ciddi problemləri var».

YAP-ın sədr müavini vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin kökündə dövlətin və xalqın mənafeyi dayanır. «Milli mənafelər Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz qətnamədən daha vacib və daha əhəmiyyətlidir» – deyə o vurğulayıb.