Siyavuş Novruzov siçan tələsi qurur
YAP-ın “sima”sı (bu sözün rəhmətlik Sirus Təbrizlinin dedikləriylə heç bir əlaqəsi yoxdur) Siyavuş Novruzov yenə çox ağıllı – bu dəfə ağıllı sözünü dırnaqda yazmağa gərək yoxdur – təklif irəli sürüb. Adam deyir ki, AXCP sədri Əli Kərimlini (hakimiyyətin baş rəqibini – niyə belə yazıram; yapçılar ayrı heç kim barədə belə acıqlı və hikkəli danışmırlar, ona görə) silkələmək gərəkdir.
Silkələnsə, onun üstündən xaricdə alınmış daşınmaz, daşınan əmlakın – Günəşin bir zərrəciyinin, Marsda 10 sot ərazinin, beş dənə Vircin adasının, Arktikanın, Volqa çayının, Himalayın, Everestin ətəklərinin, Sibir meşələrinin, şəhərlərin, məhəllələrin, küçələrin, malikanələrin, sarayların, qəsrlərin, villaların, şirkətlərin, yaxtaların, benzindoldurma məntəqələrinin, canım sənə desin, qızıl mədənlərinin, toyuq fabriklərinin, Panamada on beş ulduz hotellərin, Qara dənizin bir hissəsinin, ondan sonra qiyməti milyon avroluq bir qarajlıq maşının, nə bilim iki düjin velosipedin, filan-beşməkanın, heç olmasa Saatlı rayonunun özəlləşdirilmə sənədləri çıxar. Siyavuş müəllim düz deyir, seçkilər başlayana qədər silkələnməyə başlanmalıdır. Seçkidən qabaq silkələnmə olmasa, seçkidən sonra zəlzələ olacaq. Demədi deməyin. Amma bu işə başdan başlamaq gərəkdir. Hörmətli yapçı deputatımıza dəstək olaraq bu işə hardan, kimlərdən başlamalı olduğunu yazmaq istəyirəm. Hazır siyahıdı, yazım, düşünməyə vaxt getməsin.
Baş deyəndə mən heç də prezidenti, onun ailəsini nəzərdə tutmuram. Iki səbəbdən. Birincisi, onları Xədicə Ismayıl silkələyib. Bir çemodanlıq sənəd-filan tökülüb üstlərindən. Sonra onlar Xədicəni silkələdilər; üstündən bir video çıxdı. Indi “Xədicənin dostları” silkələyir Əliyevləri. Ikincisi, böyüklü-kiçikli Əliyevləri, Paşayevləri silkələmək Xədicə xanıma yeddi il yarıma başa gəldi. Mən Xədicə Ismayılla bir damın altında, onun qonşuluğundakı barakda yatmaq istəmirəm. Istəmirəm, vəssalam!
Odur ki siyahı üzrə birinci yox, ikinci rəqəmdəkilərdən başlayıram. Amma xatırladıram, birinci yerlə ikinci yerin arasında Ağ evdə oturub bütün Azərbaycanı silkələyən Prezident Administrasiyası var ki, ordakıları unutmaq olmaz. Ramiz müəllimdən başlamaq olar. Əli müəllim Xədicə Ismayılın kurasiyasındadır. Ikinci yerdə hökumət üzvləridir – nazirlər, komitə sədrləri, onların müavinləri, işçiləri, katibələri, sürücüləri, qayınanaları, qayınları, baldızları və sair.
Üçüncü, icra başçıları və onların ətrafı, dördüncü polis rəisləri, məhkəmə sədrləri, prokurorluq işçiləri, onların qohum-əqrəbası.
Sıralamanı yazmıram, kim istəyir özü saysın; ayrıca Kəmaləddin və Ziya müəllimləri. Gömrük, vergi işçilərini. Bankirləri. Milli Məclisin bütün deputatlarını. Bu seçkilərdə deputat olmaq istəyənləri. Özü xaricdə, əlləri Azərbaycanda olanları. Hakimiyyətdən yardım və mandat, müxalifətdən töhmət və nifrət alanları. Məzə üçün şou-biznes adamlarını. Əlavə bir xeyli adamı.
Bu adamları silkələsək, Azərbaycan düşdüyü iqtisadi böhrandan əlbət çıxar və manatın başına düşəsi daşı göydə yolundan döndərər. Mənim hesabımla 500 minə yaxın adamı silkələyəndən sonra öncə hakimiyyətin əlaltısı olan, ondan sonra olmayan partiya sədrlərini, onların arasında Əli Kərimlini mütləq silkələmək gərəkdir. Bəri başdan deyim; Isa Qəmbərin üstündən yaşadığı mənzilin sənədləri ilə birgə oğlanlarının toyunda şadlıq sarayına ödədiyi pulların sənədləri çıxacaq. Cəmil müəllimin üstündən əlli qəpikliklər, bir də kitablarının çapı üçün xərclədiyi pulların qaimələri töküləcək. Bir az da bərk silkələnsə, qızının məhkəmə sənədləri. Əli Kərimlinin cibindən mütləq yaşadığı mənzilin sənədi çıxacaq. Onun yanında hətta olmayan ofisinin sənədi də olmayacaq. Kərimlinin silahdaşlarını da boş buraxmaq olmaz. Hamısı silkələnməlidir! Xalq tələb edir! Mübariz Tağıyev demiş, intəhası elə zamana gəlib çatmışıq ki, adam xəcalət çəkir. Siyavuş müəllimin yanında üzüqara qalır. Cəbhəçilərin üstündə bit-birə də qalmayıb ki, silkələnəndə tökülə. Yenə maddi sübut olardı. Siçan? Hə siçan ola bilər. Mümkün variantları təkzib edə bilmərik.
Deyirəm, YAP-ın siması seçkiöncəsi YAP-ı yaman dilə-dişə saldı.
A.Akifoğlu