Bunların mahiyyətini növbəti dəfə gördünüz?

alikarimli-mitinqde

Professor Cəmil Həsənli radikal, qaragüruhçu, zorakılığa meylli, fundamentalist bir adam deyil ki? Sualımdan təəccübləndiniz, eləmi? Çünki hamınız bilirsiniz ki, bu ölkənin bütün dünyada tanınan, savadı, vicdanı, dürüstlüyü, vətənə, millətə bağlılığı ilə örnək olacaq hətta 2 ziyalısı varsa, onun biri mütləq Cəmil Həsənlidir. Bəs belə bir işıqlı şəxsiyyətə qarşı hökumətin rəftarından necə, xəbərdarsınız? Cəmil Həsənliyə qarşı gecə-gündüz apardıqları şər-böhtan kampaniyası ürəklərini soyutmadı. Cəmil müəllimin qızını avtoqəza bəhanəsilə, tam qondarma ittihamla mühakimə etdilər.

Bugünlərdə isə hökumət Milli Şura sədrinə qarşı daha bir biabırçılığa imza atdı. Deməli, hələ 1989-cu ildə Bakı Dövlət Universitetinin bağ kooperativi tərəfindən Cəmil müəllimə Ləişdə bağ sahəsi ayrılıbmış. Sonradan Cəmil müəllim həmin bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış da alıbmış. Cəmil Həsənli həmin 6 sot bağ yerinə yeni mülkiyyət pasportu almaq üçün müvafiq dövlət idarəsinə müraciət edib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə Daşınmaz Əmlakın Pasportunu Cəmil müəllimə verməkdən imtina edib. Cəmil Həsənlinin hələ Sovet dövründə əldə etdiyi 6 sotluq bağ sahəsinə mülkiyyət hüququnu şübhə altına alıblar.

Bunların mahiyyətini növbəti dəfə gördünüz? Bütün dünya boyu səpələnmiş villalar, evlər, holdinqlər, gizli hesablardakı milyardlar və daha nələrə görə hesabat vermək əvəzinə rəqibin 6 sotluq bağ sahəsindən istifadəsinə problem yaratmaq.

Bir neçə il bundan əvvəl rejimlə prinspial mübarizəyə cəsarəti çatmayan bəzi həvəskar siyasətçilər tərəfindən belə bir zərərli tezis dövriyyəyə buraxılmışdı ki, guya hökumətin sərtliyinin, qəddarlığının səbəbi müxalifətin radikallığındadır. Zaman bu tezisi onsuz da tam olaraq təkzib etmişdi. Rejim yüksək təhsilə, mədəniyyətə malik çoxlu sayda insanı həbs etməklə bu tezisin yalan olduğunu, rejimin “əl-üzünü yumaq” üçün ortaya atıldığını sübut etmişdi. Cəmil müəllimin yaşadığı məhrumiyyətlər isə bir daha sübut edir ki, düz söz söyləmək, əzilən xalqın yanında olmaq, oyun oynamadan, hökumətə qarşı həqiqi müxalifət olmaq rejimin nəzərində ən bağışlanmaz “cinayət” hesab olunur.

Professor Cəmil Həsənli bunu bilə-bilə öz haqq davasını davam etdirir. Öz haqlı mövqeyindən bir addım da geri çəkilmir. Xalqımız belə şərəfli övladlarına sahib çıxmağı bacarmalıdır.