Səfirin “Yuryev günü”

rovshenRövşən Hacıbəyli

“Mən kimlərinsə dövlətimi qarət etməsinə daha biganə qala bilmərəm” – bu sözləri Azərbaycanın Avstraliyadakı səfirliyinin III katibi Anar Həsənov deyib. O, Avstraliyadakı səfirliyimizdə səfirlə baş mühasibin korrupsiya əməllərini ortaya çıxarmaqla gündəmə gəlib. Elə Xarici Işlər Nazirliyi strukturlarını bürüyən korrupsiyanı ifşa etdiyinə görə də işdən qovulub.

Onun mətbuata açıqlaması, özünün dediyi kimi, “peşəkar diplomat” olduğunu sual altına alır. Niyə? Çünki özü açıqlamalarıyla özünü təkzib edir. Ona ünvanlanan hansı günahın yiyəsidir sualına cavabından:

“Günahım yalnız odur ki, Kanberradakı səfirliyimizdə boğaza çıxan korrupsiya faktlarını açmışam və Azərbaycan prezidentinə və ombudsmana ünvanladığım məktublarda bu faktlar barədə məlumat vermişəm. Bu da səfir Rövşən Cəmşidovun, ümumiyyətlə isə Azərbaycan XIN rəhbərliyinin qətiyyən xoşuna gəlmədi. Onların hamısı mənə hücuma keçdi. XIN səfirlikdə yoxlamalara başlamaq əvəzinə bu ilin iyununda mənim vəzifədən uzaqlaşdırılmağım barədə qərar qəbul etdi”.

Diplomata baxın: işlədiyi səfirlikdə baş verənlərdən narahat olur, əsl ləyaqətli vətəndaş kimi hərəkət edir. Bu barədə ən yüksək səviyyələrə – ölkə prezidentinə və… adını doğrultmayan qurum olsa da, Ombudsmana məktub yollayır. Səfiri qınamaq üçün əlimizdə heç bir əsas yoxdur. Istənilən ləyaqətli vətəndaş bu durumda Anar Həsənov kimi hərəkət edərdi, birinci şəxsə korrupsiya faktları barədə bilgi verərdi… Bu yerə qədər hər şey normaldır, ancaq sonrası nə doplomata, nə də diplomatiyaya yaraşan deyil. Bəs bu niyə?

Bütün ölkədə korrupsiya geniş miqyas alıb, bu, dövlət səviyyəsində də etiraf olunur, diplomat kimi Anar müəllimin də bundan xəbəri var, uzaq Avstraliyada olsa belə. Müxtəlif görüşlərdə ölkə başçısı Ilham Əliyev də xalqa müraciətlə korrupsiya əməlləri barədə ona məlumat verilməsini tövsiyə edir. Adamlar da birinci şəxsin dilindən çıxan sözlərə çox vaxt inanır. Bunu ən azı redaksiyamıza gələn məktublardan bilirəm. O məktubların əksəriyyəti prezidentə ünvanlanan məktublardır ki, işini ehtiyatlı tutan vətəndaşlar onun bir surətini də redaksiyamıza yollayır. Əslində buna ehtiyac olmazdı, prezidentin president.az saytı vəd olunan kimi işləsəydi. Adamlara məsləhət görülür ki, bütün problemlər, nöqsanlar, korrupsiya və rüşvət faktları ilə bağlı şəxsən prezidentə bu sayt vasitəsilə yazsınlar. Bu saytın “Prezidentə yazırlar” bölməsinin daimi ziyarətçisi kimi deyə bilərəm, indiyə qədər bir dənə də olsun şikayət məktubu sayta düşə bilməyib. Diqqət edin: əksəriyyəti saxta, tərif dolu məktublardır. Təkcə ölkədən yox, dünyanın müxtəlif yerindən guya bura yazırlar. Bəlkə heç o adda adamlar da yoxdur…

Indi ölkənin belə bir durumunda XIN necə süddən çıxmış ağ qaşıq ola bilər? Diplomat olan şəxs nədən bu qədər sadəlövhdür? Inandırıcı deyil. Üstəlik, sən birinci şəxsə məktub yazıb həqiqətləri çatdırmısan, korrupsionerlərin cəzalandırılmasını gözlədiyin vaxtda özün işdən qovulursan. Bu sənə heç nə demir? Korrupsiyanın başında məktub yazdıqlarının dayandığını sübut etmir, hörmətli səfir?

Ofşorlara ötürülənlər, xaricdəki mülklər, antitmilli rejimin təbliği üçün xərclənən pulllar… siz bunları korrupsiya saymırsız, cənab səfir?!

…Sonra guya “diplomatiya” işə düşür. “…prezidentimə də inanıram. Mənə böhtan atırlar. Hətta deyirlər ki, guya mən ölkənin siyasi rəhbərliyini də nədəsə ittiham etmişəm. Halbuki mən dövlət orqanlarındakı korrupsiya faktları barədə ona məlumat verməyə çağırış edən dövlət başçısının ictimaiyyətə bu müraciətinə əsaslanmışam, həmin çağırışdan çıxış edib faktları açıqlamışam”. Belə…

Oxumuş adamsız, universiteti də fərqlənmə diplomu ilə bitirmisiz, tarixdən də xəbəriniz var yəqin. Işdən qovulma xəbərini alanda heç olmasa gərək aforizmə çevrilmiş bir sözü yada salaydız: “Buyur nənə, bu da sənə Yuryev günü”…