Telman Zeynalov: «Onsuz da ölkənin hər yerində bitum yataqları var»
Şəkidə baş verən 7 ballıq zəlzələdən sonra paytaxta yaxın ərazilərin təhlükəsizliyi məsələsi gündəmə gəlib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Masazırda qır yatağı üzərində təhlükəli zonada tikilən evlər və binaların köçürülməli olduğunu bildirib.
Bu arada baş nazirin müavini Abid Şərifov Masazırda əksəriyyətinə müvafiq razılıq alınmadan bitum yatağı üzərində 1990-cı illərdə fərdi evlər tikildiyini bilidrib. 1100 evdən ibarət ərazi barədə danşan A.Şərifov bildirib ki, ərazidə araşdırmalar davam edir: “Milli Elmlər Akademiyasından bildirilir ki, orada bitum yatağı var, amma bizdə bununla bağlı konkret məlumat yoxdur. Konkret olan odur ki, orada qaz sızmaları olub, bir evdə partlayış baş verib, insan tələfatı olmayıb, evə ziyan dəyib. Həmin ev bərpa olunub. Belə halların qarşısını almaq üçünÿFövqəladə Hallar Nazirliyinin xəttilə tədbirlər görülüb. Mən bir neçə dəfə SOCAR, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə ərazidə olmuşam, hansı işlər görülməsi ilə bağlı rəyə gəlmişik. Birinci növbədə 1100 evin zirzəmisində nəfəsliklər açdırmışıq ki, qaz yığılmasın. Bütün kommunikasiya, kanalizasiya xətləri yoxlanıb. Bütün bunlar ciddi nəzarətdədir”. A.Şərifov qeyd edib ki, bu gün 1100 evin köçürülməsindən söhbət gedə bilməz, çünki bu, elə də asan məsələ deyil. Baş nazirin müavini görülən tədbirlərdən sonra o evlərin köçürülməsinə ehtiyac qalmadığını dilə gətirib: “Biz daim yoxlama aparırıq, qaz yığıntısından partlayış ola bilməz. Onu da deyim ki, bu tədbirlər görülənə qədər ərazidə təcili tibbi yardım maşınları yerləşdirilmişdi, post qoyulmuşdu, eyni zamanda yanğına qarşı tədbirlər görülmüşdü. Görülən tədbirlərdən sonra orada daimi qrup ərazidə gəzir, postları isə götürmüşük. Orada elə bir ciddi problem gözləmirik”.
Tanınmış ekoloq Telman Zeynalov Masazırdakı bitum yatağının üzərində tikilən evlər barədə danışaraq dövlətin həmin yerlərin təhlükəli olduğunu bilib-bilmədiyinə diqqəti çəkir. Ekoloqa görə təhlükəli ərazidən yaşayış məqsədilə istifadə edilirsə, bundan xəbərdar olunduğu halda, orada insanlar ev tikirsə, sabah orada qəza baş verməsi labüddür:
“Yaxşı olardı ki, Masazır Icra Hakimiyyəti ərazinin təhlükəli olduğunu bildiyi halda orada ev tikintisinə kimin icazə verdiyini araşdırsın. Evlərin bitum yatağının üzərində tikilməsinə gəlincə, qeyd edim ki, ölkənin hər yerində bitum yataqları var. Lakin bu o demək deyil, orada ev tikmək olmaz. Həmin yataqlar neftdən qalan materiallardır. Ona görə də başqa təhlükə yoxdursa, həyəcana da ehtiyac yoxdur”.
Nigar