Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Azərbaycanın xəbər lentlərində indi bir-biri ilə üç aşağı, beş yuxarı eyni məlumatlara rast gəlmək olar, oxuduqca adam özünü Hollivud filmlərinə baxırmış kimi hiss edir. Məsələn, dünən saytlarda iki belə xəbər var idi:
Birinci xəbər: “Gök-nur” şirkətinin Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən kabel zavoduna basqın olub. Naməlum maskalı şəxslər gecə zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyib. Daha sonra maskalılar zavodun ofisindən içində 50 min ABŞ dolları olan seyfi aparıb.
Ikinci xəbər: Sumqayıtdakı elektronika mağazalarından birinə basqın olub. Şəhərin mərkəzində – Sülh küçəsində yerləşən mağazanın şüşələrini balta ilə sındıran maskalı şəxs bir neçə mobil telefonu talayaraq uzaqlaşıb. Hadisə nəzarət kameralarına düşüb.
***
Indi isə gəlin ötən günlərin xəbər lentlərinə ötəri göz ataq.
2 sentyabr, 2015. Ağcabədlidə oğurluqla məşğul olan dəstə üzvləri yaxalanıb.
“Inkişaf üçün Maliyyə” MMC-nin Ağcabədi filialının direktoru Vaqif Vəliyev şikayət ərizəsi ilə rayon polis şöbəsinə müraciət edib. O bildirib ki, naməlum şəxslər Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən “Inkişaf üçün Maliyyə” MMC-nin Ağcabədi filialının binasının arxa tərəfində pəncərənin dəmir barmaqlıqlarını kəsərək binaya daxil olublar. Binaya girən zaman oğrular tanınmamaları üçün maskadan istifadə ediblər.
Binanın içərisində filiala məxsus seyfi dəmir alətlərlə sındıraraq içərisində olan 235 manat nağd pulu oğurlayıblar. Binanın içində olan əmanət ödəmə aparatını sındıraraq içərisində olan kassa qabını çıxarıblar.
Həmçinin “Modenis” MMC-dən rayon polis şöbəsinə daxil olan ərizədə bildirilib ki, gecə naməlum şəxslər Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən “Inkişaf üçün Maliyyə” BOKT-da ID-nömrəsi 1470 olan e-manat ödəmə terminalının qapısını sındırmaqla kasetin daxilində olan 10 min 879 manat pul oğurlayıblar.
Bundan başqa, Ağcabədi şəhər sakini Rüfət Novruzov polis şöbəsinə müraciət edərək, üzlərinə maska geyinmiş iki nəfərin H.Əliyev prospektində ona məxsus mağazadan oğurluq etmək istədikləri zaman kilidin səsinə yaxınlıqda yaşayan şəxslərin bayıra çıxması səbəbindən qarətçilərin arzusuna çatmadıqlarını və hadisə yerindən qaçdıqlarını qeyd edib.
Dəstə üzvləri Ağcabədi Rayon Dövlət Notariat Kontorundan da oğurluq ediblər.
1 sentyabr, 2015. Sentyabrın 1-də saat 12:20 radələrində Bakının Xəzər rayonunun H.Z.Tağıyev küçəsində yeni yaşayş sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskallı şəxslər açıq qapıdan daxil olaraq, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu oğurlayıblar. Maskalı şəxslər bir həftə sonra müəyyənləşdirilərək tutulub.
31 avqust, 2015. Bakıda tanınmış holdinqdən külli məbləğdə pul oğurlanıb. Belə ki, “Qaraçay Holdinq”in Xətai rayonunda yerləşən ofisindən içərisində 65 min dollar olan seyf oğurlanıb.
31 avqust, 2015. Ağcabədi rayonunda kredit təşkilatına basqın edilib. Hadisə şəhər ərazisində yerləşən “Maliyyə Inkişaf” Qeyri-Bank Kredit Təşkilatında qeydə alınıb. Üç nəfər maskalı naməlum şəxs gecə saatlarında kredit təşkilatının mühafizəçisinə hücum edərək, oğurluq etmək istəyib. Hadisə yerinə gələn Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsləri tutublar.
10 avqust, 2015. Xırdalan şəhərində “Körpü-Bina-Tikinti” MMC-nin istehsalat bazasının rəisi Əflatun Göyüşovun xidməti otağındakı seyfdən oğurluq edilib. Oğrular seyfdən rəsmi məlumata görə, 6 min manat və qızıl-ziynət əşyalarını aparıblar. Seyfdə deyiləndən artıq pul olub. Hadisə axşam saatlarında olub. Əvvəlcədən hazır olan oğrular otağa seyfdən pulu götürmək üçün xüsusi alətlərlə giriblər. Onlar seyfdən pulu seyfin arxasını xüsusi qurğu ilə deşərək götürüblər.
***
YAP-çılar deyəcəklər ki, nə var bunda, “dünyanın hər yerində oğurluq olur”, falan-filan.
Amma inanın ki, yuxarıdakı cür oğurluqların, qarətlərin artması bu arqumentlə izah edilə bilməz. Yazın gəldiyini qaranquşlar xəbər verdiyi kimi, böhranın, neftsizlik – pulsuzluq illərinin artıq qapımıza dayandığını da getdikcə artan belə qarət xəbərlərindən öyrənmək olar.
Bir sözlə, artıq Hollivudun zövqsüz qarət filmlərinə baxmaq üçün vaxt itirməyə dəyməz. Həyatımız onlardan daha maraqlı olmağa başlayır!