Əliyev onu “diktator” adlandıran telekanalı məhkəməyə verir

Azərbaycan hakimiyyəti «France 2» telekanalı və onun iki əməkdaşına qarşı iddia qaldırır

Azərbaycan hakimiyyəti Fransanın ictimai televiziyasına – “France 2″ telekanalını məhkəməyə verir. Bu barədə Fransanın ”Le Figaro” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, telekanalla yanaşı, onun iki əməkdaşı da böhtanda təqsirləndirilərək məhkəməyə verilir. Buna səbəb isə telekanalda yayımlanmış “Cash Investigation” proqramının 7 sentyabr verilişində Azərbaycanın “diktatura ölkəsi”, prezident İlham Əliyevin isə “despot” adlandırılmasıdır.

Verilişin əvvəlində jurnalistlər Eliz Lüsi və Loran Riçar Azərbaycanı dünyanın ən amansız diktaturalarından biri kimi təqdim edir”, – deyə Azərbaycan hakimiyyətinin vəkili, bu həftə telekanala və onun iki əməkdaşına qarşı iddia ərizəsini məhkəməyə təqdim etməyə hazırlaşan Olivye Pardo bildirib.

2014-cü ilin yazında Fransa prezidenti Fransua Olland Azərbaycana səfəri zamanı iki fransız jurnalist geri qayıdarkən Bakıda hava limanında saxlanılmış, müxalif mövqeli insanlardan, hüquq müdafiəçilərindən aldıqları müsahibələr silindikdən sonra ölkədən buraxılmışdılar. Verilişdə bu haqda da bəhs olunur.

Eliz Lüzi prezident İlham Əliyevin xanımı Parisdə olarkən ona yaxınlaşaraq, Azərbaycandakı siyasi məhbusların taleyi haqda ona sual verib. Verilişdə bu kadrlar da öz əksini tapıb.

Bütün veriliş ərzində proqram boyu Azərbaycanın liderinin ünvanına ”despot”, “Qafqazın diktatoru” kimi ifadələr səsləndirilib. Mən Avropa Şurasının üzvü olan, Avropa Məhkəməsinin yurisdiksiyası altında olan, ölüm hökmünü ləğv edən, internetin azad olduğu diktatura tanımıram”, – deyə Pardo bildirib. Vəkil əlavə edib ki, Azərbaycan tərəfi böhtan kampaniyası aparanlara cavab verməkdə israrlıdır.

Le Figaro” xatırladır ki, Ilham Əliyev 2013-cü ildə ardıcıl üçüncü dəfə prezident olub. “Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatının mətbuat azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 162-ci yeri tutur.

İnformasiya şöbəsi