Şərlənən AXCP fəalının işi üzrə saxtakarlıqlar ifşa olundu

mingecevir mehkemesiQadir Xudabaxşıyevin üzünə duran şəxsdən ilginc etiraf: «Kağıza yazıb veriblər, mən də imzalamışam…»

Şərlənərək həbs olunmuş daha bir siyasi fəal – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şəhər şöbəsinin üzvü, II qrup Qarabağ əlili Qadir Xudabaxşıyevin işi üzrə məhkəmə prosesi davam edir. Mingəçevir şəhər Məhkəməsində hakim Hüseyn Mirzəliyevin sədrliyilə keçirilən məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.

Bu iş üzrə şahid qismində tanınan altı nəfərdən yalnız ikisi məhkəməyə gəlib. Onlar da hal şahidləridir.

Yeri gəlmişkən, Qadir Xudabaxşıyevin üzərindən guya, silah tapıldığını iddia edərək onun üzünə şahidlərdən biri də Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı, baş leytenant Şahlar Şahlarzadə idi ki, onun özü də bir müddət əvvəl həbs olunub. O, polis şöbəsindəəmmalı şəkildə dünyasını dəyişmiş Bəhruz Hacıyevin ölümü ilə əlaqədar həbs olunub.

Digər üç şahid isə bir neçə məhkəmə iclasıdır ki, prosesə gəlmir. Onların məhkəməyə gəlməməyinin səbəbi də bəlli deyil.

Qadir Xudabaxşıyevin işi üzrə dünənki məhkəmə iclasında da bir sıra maraqlı məqamlar yaşanıb. Iş üzrə hal şahidi qismində tanınmış Oqtay Şıxəliyev və Nicat Rəhimov dindirilərkən onların məhkəmədə dediklərilə istintaqdakı ifadələri arasında kəskin ziddiyyətlər yaranıb. Bu səbəbdən Qadir Xudabaxşıyevin vəkili Bəhruz Bayramov adları çəkilən şəxslərin iş materiallarındakı ifadələrinin elan olunmasını xahiş edib.

64 yaşlı hal şahidi Oqtay Şıxəliyevin istintaqa ifadəsi səsləndirilərkən məlum olub ki, bu ifadə onun məhkəmədə söylədiklərilə qətiyyən üst-üstə düşmür. Vəkil hal şahidindən bu ziddiyyətə aydınlıq gətirməsini istəyib. O, vəkilin sualı qarşısında da özünü itirib. Və sonda etiraf edib ki, istintaqa ifadəsində yazılanlardan onun xəbəri yoxdur: “Mənə kağızı yazıb veriblər, mən də onu imzalamışam”.

Məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.

Qeyd edək ki, Qadir Xudabaxşıyev bu il fevralın 11-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən həbs olunub. Üç qız övladı olan Qadir Xudabaxşıyev Qarabağ müharibəsi zamanı Xocalı batalyonunda döyüşərək yaralanıb. O, II qrup Qarabağ müharibəsi əlilidir.

Azər