Samir Əliyev: «Vergi öhdəliyinin yerinə yetirilməməsi ölkədəki iqtisadi durumun pisləşməsini göstərən amildir»
Bu ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayındırmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanılıb. Siyahıda ümumilikdə 444 şirkət yer alıb. Bu barədə “Trend”ə Vergilər Nazirliyindən məlumat verilib.
Məlumata görə, başlanmış cinayət işləri üzrə təkcə bu ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə 363 iş üzrə icraata xitam verilib.
Bundan başqa, araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilib. Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Açıqlanan statistik rəqəmlərə hər ay artan problemli kreditlərin sayını da əlavə etsək, dəhşətli mənzərə yaranar. Bundan başqa, problemli kreditlərlə bağlı həbs olunanlar da var.
Iqtisadçı Samir Əliyev bildirdi ki, kredit və vergi öhdəliyinin yerinə yetirilməməsi ölkədəki iqtisadi durumun pisləşməsini göstərən amildir: “Vergi borcu hər hansı əməliyyat aparılan zaman meydana çıxır. Amma vergi öhdəliyinin yerinə yetirilməsi üçün qazanc əldə olunmalıdır. Bəzən alğı-satqı zamanı əməliyyat rəsmiləşdirilir. Amma əslində bu pul sonradan geri alınır. Bu tipli hallar ona gətirib çıxarır ki, müəssisə ziyana düşür və uyğun olaraq vergi borcunu ödəyə bilmir”.
S.Əliyevin fikrincə, bəzən şirkətlərlə belə razılığa gəlinir ki, onlar rüblük olaraq müəyyən həcmdə vergi ödəyəcəklər. Amma hazırda şirkətlərin dövriyyəsi azalıb. Ona görə də şirkətlərin nəticədə vergi borcu yaranır: “Yaranmış vəziyyətin bir səbəbi iqtisadi durumun pisləşməsidir. Ticarət dövriyyəsi kəskin şəkildə aşağı düşüb. Ikinci səbəb neft gəlirlərinin azalması fonunda büdcə icrasında çətinliklər yaranır. Əsas güc vergi orqanlarının boynuna düşür. Ona görə vergi orqanları müəssisələrə yoxlamaları bir qədər də sərtləşdirib”.
Xəyal