Tanınmış iqtisadçı alim AXCP-yə qoşulmaq qərarı verdi

vahid meherremovVahid Məhərrəmov: “Ölkədə müsbət dəyişikliklər edə biləcək yeganə partiya, güc Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır”

Tanınmış iqtisadçı alim Vahid Məhərrəmov AXCP-yə üzv olmaq üçün müraciət edib. Bu barədə o, özünün facebook səhifəsində bəyanat paylaşıb. V.Məhərrəmov yazıb:

Dostlar, Azərbaycan Xalq Cəbhəsi xalqımızın tarixən həsrətində olduğu azadlıq və müstəqillik istəyindən yaranmış, formalaşmış və qısa bir zamanda bu vəzifənin öhdəsindən şərəflə gəlmişdir. Azərbaycan Xalq Cəbhəsi xalqla birlikdə böyük mücadilə vermiş və dövlətimizin müstəqilliyini çox çətin bir dövrdə bərpa etmişdi. Azərbaycan Xalq Cəbhəsi hərakatının fəalları hakimiyyətdə olarkən Azərbaycanın forpost ölkə olmasına imkan vermədi, onu dünya ölkələrinə müstəqil siyasət yürüdən azad bir dövlət kimi tanıtdı. Çox çətin, ağır muharibə şəraitində cəbhə hakimiyyəti bir sıra ciddi islahatlar aparmağa nail oldu. Təəssüflər olsun ki, ölkəmizin inkişafını istəməyən xarici və daxili qüvvələrin köməyi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verdi, demokratik islahatlar yarımçıq qaldı.

AXC-nin layiqli davamçısı olan Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün ölkə daxilində, regionda, dünyada cəryan edən mürəkkəb ictimai-siyasi hadisələr fonunda ədalətli, demokratik cəmiyyət qurmaq uğrunda mübarizəni çox ləyaqətlə davam etdirir. Ölkədə müsbət dəyişikliklər edə biləcək yeganə partiya, güc Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Ziyalıların, sadə insanların, xüsusən gənclərin yeganə ümid bəslədiyi, sığındığı, güvəndiyi partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasıdir. Bu inam, etibar uzun illər öz mövqeyini prinsipal olaraq qoruyub saxlayan partiya sədri Əli Kərimlinin, partiya fəallarının və fədakar üzvlərin köməyi sayəsində mümkün olub. Uzun müddətdir ki, bu partiyanı zəiflədib sıradan çıxartmaq cəhdlərinin olduğunu görürəm. Partiya daxilinə nifaq salmaq istəyən qüvvələr son zamanlar daha çirkin üsullara əl atır, partiya fəallarını, namuslu gəncləri çirkli pullarla şirnikdirməklə yollarından, iradələrindən döndərməyə çalışırlar. Partiyanın artan nüfuzunu gözü götürməyən qüvvələr cürbəcür vasitələrlə partiya daxilində süni parçalanma imitasiyası yaratmaqla sıravi üzvləri ruhdan salmaq kimi iyrənc əməllərə əl atırlar.

Son zamanlar AXCP əleyhinə aparılan kampaniyalar, səslənən böhtanlar, yalanlar məndə bu partiyaya inamı, etibarı, sevgini artırdı. Uzun müddət birlikdə fəaliyyət göstərdiyimiz cəbhəçi dostlarla bir komandada olmağı özümə borc bildim və AXCP-yə üzv olmaq üçün partiya rəhbərliyinə ərizə ilə müraciət etdim.