Kreditlərin kəskin azalması nə vəd edir?

samir-eliyev-iqtisadciBu tendensiya iqtisadiyyatda böhran yaradacaq

Azərbaycanda banklardan ilk dəfə kredit götürənlərin sayı son bir neçə ildə ən aşağı həddə düşüb. Mərkəzi Bankın məlumatına görə, iyul ayında yeni kredit almaq üçün banklara müraciət edənlərin sayı cəmi 15 191 nəfər təşkil edib. Xatırladaq ki, buna qədər həmin göstərici ayda 20 mindən az deyildi. 2014-cü ili n avqust-sentyabr aylarında isə 30-37 minə qalxmışdı. Kredit götürənlərin sayının kəskin azalması həm bankların şərtləri sərtləşdirməsi ilə, həm də əhalinin artıq lüzumsuz kreditləri götürmək istəməməsi ilə bağlıdır.

Ümumiyyətlə, 7 ayın yekunlarına görə, MKR-də 2 milyon 472,3 min borcalan haqqında məlumat var. Son bir ildə kredit götürənlərin sayı 308 min və ya 14,2% artıb. Borcalanların 2 milyon 438,3 mini və ya 98,6%-i fiziki şəxslərdir. Kredit götürən hüquqi şəxslərin sayı 11 min, sahibkarların sayı isə 23 mindir. Son 1 ildə kredit götürmüş fiziki şəxslərin sayı 14,2%, hüquqi şəxslərin sayı 5,2%, iş adamlarının sayı 24,3% artıb.

Açıqlanan statistik rəqəm ölkədə sosial-iqtisadi durumun bir qədər sonra daha da ağırlaşacağını deməyə əsas verir. Çünki əhali bir qayda olaraq maddi problemlərini məhz istehlak kreditləri götürmək hesabına həll edirdi. Indi isə bu imkanın da daralması o deməkdir ki, əhali maliyyə problemlərinin həllində aciz qalacaq.

Iqtisadçı Samir Əliyev bildirdi ki, hazırda bazarda kredit qoyuluşunun azalması müşahidə edilir. Daha çox manatla verilən kreditlərin azaldığını deyən ekspert vurğuladı ki, dollarla verilən kreditlərdə isə artım müşahidə olunur. Amma ümumilikdə götürəndə əvvəlki illərlə müqayisədə kredit verilməsi azalıb: “Azalmanın səbəbi aydındır. Bunun iki səbəbi var. Birinci səbəb əhaliylə bağlı olan səbəblərdir. Artıq banklarda müsbət tarixçəyə sahib vətəndaşların sayı azalıb. Əhalinin bir qismi kredit bataqlığına düşüb. Borcları bağlamaq üçün bəziləri bir neçə bankdan kredit götürüb. Banklardan asılı olan səbəb isə ondan ibarətdir ki, Mərkəzi Bank kreditin verilməsi şərtlərini sərtləşdirib. Digər tərəfdən, vətəndaşların banklara aylıq ödənişləri onların aylıq qazancının yarısını keçə bilməz. Bütün bu məqamlar vətəndaşların kredit əlçatanlığını məhdudlaşdırıb. Eyni zamanda avtomobil kreditlərinin şərtləri ağırlaşıb, mənzil bazarı böhran yaşayır. Nəticədə kredit götürənlərin sayı azalıb. Bu tendensiya hələ bir müddət də davam edəcək”.

Xəyal