Əslində, o zamandır ki, seçkilərdə iştirak və boykotla bağlı debatların vaxtı da keçib. Vaxt da o qədər dardır və seçkilər elə əcaib günə salınıb ki, seçkilərdə iştirak edənlər vaxtını boykot tərəfdarlarına ayırmış olsa, qorx ki, onlar prosesdə hakim rejimdən olan rəqiblərin tənqidi ilə yox, Milli Şuraya qarşı hücumlarla yadda qalsın. Hakimiyyətdən çox müxalifəti söyən siyasət adamlarının müxtəlif nəsillərini görmüş adam kimi bilirəm ki, seçkini elə beləcə başa vurmaq istəyənlər də olacaq. Bizdə seçki həmişə mandat adlı zəhrimarın oyunu olmayıb, çox oyunlar olur bu saxta və qurama proseslərdə…
Amma kim səmimi olaraq seçkidə iştirakı daha vacib sayır və onda iştirakda ictimai fayda görürsə, onlardan bu faydanı gözləməmək ağlımın ucundan da keçmir. Buna görə də, boykot tərəfdarlarına qarşı arqumentləri oxuyarkən, Milli Şura və AXCP ilə bağlı həm siyasi, həm mənəvi cəhətdən qəbuledilməz saydığım, yanlış bildiyim, hətta böhtan hesab etdiyim bir çox mülahizələrə cavab verməkdən də bilərəkdən imtina etdim. Çünki bu cavablar ümumiləşib kiminsə seçkidə təbliğatına, iştirakına azacıq olsa təsir edə bilər, fürsətcillik kimi görünə bilər, seçkidə iştirakında səmimi olanlara qarşı xırda da olsa mənfi rol oynaya bilər. Xüsusən də, seçki prosesi artıq başlamışsa, kimin nə edəcəyi göz önündə olacaq və hər şey barədə danışmağa da çox az vaxt qalıb. Seçkinin öz dili ilə desək, “4 dəqiqə sonra” seçki də bitir, boykot da və biz rahatlıqla hər şeyi müzakirə edə biləcəyik.
Boykot etirazdır. Saxta seçkiyə etirazdır. Daha dəqiq desək, imkanları tamamilə qapadılmış bir seçkiyə və ölkədəki indiki ağır siyasi duruma etirazdır. Biz bununla şounun qarşısını ala biləcəyimizi düşünmürük, amma ona ən düzgün münasibətimizi ortaya qoymağa çalışırıq. Onu da bilirik ki, bəzən seçkidə iştirak boykotdan daha faydalı olur, amma bunu şərtləndirən amillər artıq yoxdur, ən azı 2013-dəki birlik və motivasiya yoxdur. Milli Şuranın seçkilərdə iştirakını yanlış sayanlar bir anlığa düşünsünlər, daha vacib iştirakçını unudublarmı: seçici seçkidə iştirak edəcəkmi?
Ancaq, bu şərtlərlə də kimsə seçkidə iştirakını saxtakarlığa qarşı etiraza çevirəcəksə, mübarizəsində səmimidirsə, bu zaman boykotu niyə özünün dəlilinə çevirməsin? Niyə deməsin ki, ay səs oğrusu iqtidar, gör seçkiləri nə günə salmısan ki, artıq ölkənin ciddi siyasi qurumları seçkidə iştirakı mənasız sayır. Bununla belə hər kəs təbliğatını, iştirakını qurmaqda sərbəstdir və enində-sonunda bundan da narahat deyilik…
Bir şeyi indidən deyə bilərik ki, hakimiyyət təmsilçilər seçki kampaniyası zamanı da öz böhtançı çıxışlarında ciddi şəkildə Milli Şuranı, AXCP-ni hədəfə alacaqlar. AXCP və Milli Şura seçkiyə qatılmasa da! Onların dili dolaşa-dolaşa danışan namizədlərinin belə çıxışları üçün tezislər artıq yazılmış olmalıdır. Cib müxalifəti də bu hədəfləri unutmayacaq. Lakin bu cür böhtanlar ən sadə cavablara dözmür və yalnız əks-effekt verir. Inkişaf nağıllarının daşa çırpıldığı bir dövrdə isə onlar gülməli görünəcək.
Məsələn, tez-tez (həm də dörd tərəfdən) deyirlər ki, Milli Şura yalnız AXCP-dən ibarətdir. Əvvəla, Milli Şuraya AXCP üzvü olmayan xeyli sayda ictimai fəal, vətəndaş cəmiyyəti təmsilçiləri, vəkillər, gənclər daxildir. Digər tərəfdən, bütün bu repressiyalar və məhdudiyyətlər fonunda baxdıqda, AXCP azdırmı? Ölkə boyu strukturlaşmış, sayca ən güclü, mübarizə və fəallığa görə daim seçilən AXCP Milli Şura üçün önəmli uğurdur və bu uğurdan nöqsan düzəltmək istəyənlərin hətta siyasət anlayışı gülüş doğurur.