XİN daha bir neçə əməkdaşını cəzalandıracaq
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənovla bağlı məsələyə münasibət bildirib. Xatırladaq ki, Anar Həsənovun Avstraliyadan sığınacaq aldığı barədə məlumat yayılıb. Anar Həsənov özü bu məlumatı təkzib edib.
Eyni zamanda Azərbaycanın Avstraliyadakı səfirliyinin fəaliyyətini tənqid edib. XİN-in mətbuat xidmətinin yaydığı məlumatda isə Anar Həsənovun işdən çıxarılması “ciddi qusurlarla” əsaslandırılıb. Həmçinin bildirilib ki, təmizləmələr davam edəcək: “Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq, Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür. Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da bu sıradandır. Bu kimi bəzi başqa əməkdaşlar da vardır ki, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcək. Maliyyə Nazirliyi və Hesablama Palatasının xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da aparılacaq.
Təəssüflər olsun ki, diplomatik xidmətə yararlı olmadığı təsbit edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad olduqdan sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli məlumatlar yayırlar.
Anar Həsənovun Avstraliyada yaşayış məsələsinə gəldikdə isə bu şəxs xidməti qüsurlara görə, bu ilin iyul ayında işdən azad edilib. Azərbaycan demokratik ölkədir və fərdlərin sərbəst hərəkəti üçün bütün şərait mövcuddur. Diplomatik xidmətdə fəaliyyətinə xitam veriımiş şəxs harada yaşaması barəsində qərar qəbul etməkdə azaddır”.
Bundan əvvəl Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovla bağlı qalmaqal yaranmışdı. Arif Məmmədovun “Facebook” səhifəsində Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə məmurları ittiham etməsi qiyam kimi qiymətləndirilib.
Redaksiyamıza daxil olan məlumatlara görə, bu olaylar xarici işlər naziri Elmar Məmmədyarovun hakimiyyətdə nüfuzunun aşağı düşməsinə səbəb olub və hətta karyerasına ciddi təhlükə yaranıb. Bu baxımdan nazir vəziyyətdən çıxmaq üçün şübhələndiyi diplomatları işdən çıxarmağa start verib.