Qürur yerimiz

xedice-ismayilin-anasiXədicə Ismayılın anası Elmira İsmayılovaya təbrik əvəzi

Onunla ilk tanışlığımızın tarixini xatırlamıram. Bilirəm ki, Xədicə hələ azadlıqdaydı. Ancaq artıq küləklər əsməyə başlamışdı. Bu küləyin nəylə sonuclanacağını, şübhəsiz, o, Elmira xala hamıdan tez duymuşdu, Xədicəylə bağlı narahatlıqlarından bilmək olurdu. Növbəti xarici səfərlərin biriydi və Xədicəni evdən götürüb hava limanına aparmaq gərək idi. Şahvələd bəylə onlara getdik və ilk dəfə Elmira xanımı onda gördüm; qapıya çıxıb Xədicəni yola salanda…

“Elmira Ismayılova: qızıma görə rahatam və onunla qürur duyuram” – bu cümləni Xədicəyə oxunan 7 il yarımlıq hökmdən sonra Elmira xala jurnalistlərə açıqlamasında deyib.

Elə bu sözlər yadıma Elmira xanımla ilk tanışlığımızı saldı; yuxarıda vurğuladığım, Xədicəni hava limanına aparmaq üçün onlara getdiyimiz günü. Xədicə maşına tərəf getmək istəyəndə anasının səsinə geri döndü. Xədicənin sağollaşmağı unutduğunu düşünüb çağırmışdı. Xədicə qayıdıb Elmira xalanı bərk-bərk qucaqladı, özünə yaxşı baxmağını, ondan ötrü darıxmamağını tapşırdı. Bax həmin vaxt Elmira xala çox nigaran görünürdü. Xədicədən narahatlığını gizlətməsi mümkün deyildi, gözlərindən, solğun bənizindən, artıq şuxluğunu itirmiş duruşundan aydın görünürdü. Onsuz da səhhəti qaydasında deyildi, – Xədicə demişdi – müalicəyə ehtiyacı vardı. Türkiyəyə gedəsiydi. Xədicənin bu anda ona nəsə deməsi, özünü qorumağı məsləhət bilməsi Elmira xanım üçün əhəmiyyətsizdi. Xədicədən narahatdı, həm də çox. O, hər şeydən xəbərdardı. Bəlkə də bu, Xədicənin “səhviydi”, ona kompüterdə işləməyi, saytlara baş vurmağı öyrətmişdi. Artıq Xədicəsiz də hər şeydən xəbər tuta bilirdi. Indi ölkənin səlahiyyət yiyələrinin, onlara yarınmaq istəyən jurnalistlərin başlıca mövzusunun Xədicə olduğunu bilirdi. Görürdü bunu, oxuyurdu yazılanları. Belə bir məqamda necə narahat olmaya bilərdi, həm də dünyanın gedişindən çox yaxşı baş çıxaran Elmira xanım kimi analar. Bütün dəhşətləri, ağrıları, acıları Elmira xala Xədicənin həbsinə qədər yaşamışdı; Xədicənin araşdırmaları rejim məmurlarının, ailənin korrupsiya cinayətlərini ortaya qoyandan sonra ona qarşı aparılan çirkin kampaniya zamanı.

“Xədicə hökmü mətanətlə, həmişəki kimi, təbəssümlə dinlədi. O mənə dedi: get, hamıya de: Mən möhkəməm, hər şeyə dözəcəyəm. Doğrular uğrunda mübarizə aparanlar məhrumiyyətlərə və cəzalara dözə bilərlər. Xədicə onu dəstəkləyən insanlara salamlarını göndərdi…” – məhkəmə zalından çıxandan, 7 il yarımlıq hökmü dinləyəndən sonra onu çevrəyə alan jurnalistlərə, fəallara dedi bu sözləri Elmira xanım. Bu anda qarşımdakı artıq ilk tanışlığımız vaxtı gördüyüm Elmira xanım deyildi, mübariz, cəsarətli, döyüşkən, haqq-ədalət, ölkənin işıqlı gələcəyi uğrunda çarpışan, şərlə mübarizədə savaşdan qalib çıxan məhbus anasıydı. Üsyankar məhbusun üsyankar anası…

“Hökumət Xədicədən qorxur, buna görə də onu həbs etdilər, amma onu susdurmaq mümkün deyil. O, danışmağa və yazmağa davam edəcək, o, döyüşçüdür və hamını qorxmamağa və mübarizəyə qalxmağa çağırır… Xədicəni bizneslərini araşdırdığına görə həbs edən hökumətə nə deyə bilərəm? Yalnız bir şey deyə bilərəm: ya düzəlin, ya çıxın gedin”.

Bu gün onun doğum günüdür. Xədicəsiz qarşıladığı doğum günü. Təbrik edirik, Elmira xanım! Sizinlə qürur duyuruq. Bu uzun illərin mübarizəsində özümüzdən yaşlıların əksəriyyətindən çoxlarımız eyni sözü eşitmişik: hökumətlə hökumətlik etmək olmaz, başını sal aşağı, sən də başqaları kimi yaşa, pul qazan, ailənin dərdini çək, uşaqlarının gələcəyini düşün. Hələ məsəl də çəkiblər: “düz düzdə qalar”, “az aşım, ağrımaz başım”, “erməniyə dayı de, işinin xatirinə”…

Nə yaxşı ki, sizin kimi analar var; övladının getdiyi yolun doğruluğuna inanan, ona dəstək olan, şərlə mübarizə aparan övladıyla qürur duyan analar! Nə yaxşı ki, siz varsız!

Doğum gününüz mübarək, Elmira xala!

Rövşən Hacıbəyli