İlham Əliyev ağır böhranın anonsunu verdi

aliyev musavire2Ölkə başçısı dövlət büdcəsilə bağlı müşavirədə sensasion etiraflar etdi

Sentyabrın 8-də ölkə başçısı Ilham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. Bu barədə “AzərTac” məlumat yayıb. Ölkə başçısının müşavirədəki çıxışı bədbin notlarla zəngin olub. “Biz xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək”, – deyə Ilham Əliyev bildirib. Ölkə başçısı həmçinin neft hasilatının düşdüyünü bildirib: “Azərbaycanda neft hasilatı artmır, düşür, neftin də qiyməti iki dəfədən çox düşüb, amma biz yenə də inkişaf edirik”.

Ölkə başçısı maliyyə böhranı başlayandan bəri ilk dəfə olaraq ölkənin “xoşagəlməz mənzərə” ilə üzləşdiyini, həmçinin neft erasının artıq arxa plana keçdiyini etiraf edir.

Neft gəlirləri azalır, çalışmalıyıq ki, vəsaitlərə qənaət edək

Ilham Əliyev dövlət büdcəsindən danışarkən də bəzi etiraflar edib: “Artıq bununla (dövlət büdcəsini nəzərdə tutur – red) bağlı mənə məruzə edildi. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir.

Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. Israfçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək. Indi bütün ölkələr bu siyasəti aparır, biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq.

Gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq

Göründüyü kimi ölkə başçısı büdcə vəsaitlərinə qənaət edilməsini vacib sayır. Israfçılığa yol verilməməli olduğunu bəyan edir. Bu fikirlər maliyyə böhranının etirafıdır. Eyni zamanda buna qədər hökumətin büdcə vəsaitlərini necə gəldi xərcləməsinin təsdiqidir.

Ölkə başçısının növbəti fikirləri də dediklərimiz təsdiqləyir. Ilham Əliyev bildirib ki, hökumət yeni situasiyada işləyəcək: “Neft gəlirləri azalır. Ona görə də daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir şübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi bəzi vaxtilə alınmış əmlakların qiyməti düşdüyünə görə, xüsusilə, avro-dollar məzənnələrinin arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb, ancaq reallığa baxanda görərik ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə, Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.

Bax, bu səpkidə bütün işləri görürük. Bir də demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. 2016-cı ildə də biz uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri ilə, investisiya proqramları ilə, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımlı olmayan xərclərə yol verməyən bir büdcə olmalıdır”.

Neftin ucuzlaşması siyasi sifarişdir

Neftin ucuzlaşmasına diqqət çəkən ölkə başçısı baş verənlərin siyasi sifariş olduğunu bildirib: “Yəqin ki, mütəxəssislər, təhlilçilər bunun səbəbini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq. Baxmayaraq ki, təbii olaraq gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Neftin qiyməti 2 dəfədən çox düşüb”.

Dünyada gedən iqtisadi böhrana diqqət çəkən ölkə başçısı deyib ki, bunun müxtəlif obyektiv bə subyektiv səbəbləri var: “Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu, bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Əlbəttə ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaq. Ancaq indi təhlil aparmaq üçün kifayət qədər informasiya var və biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır”.

İlham Əliyev bu fikirləri böhranın məsuliyyətini “kənar qüvvələr”in üzərinə atır və bununla hakimiyyəti vəziyyətdən çıxarmağa çalışır. Əslində isə hər kəsə aydındır ki, Azərbaycanda böhranın əsas səbəblərindən ölkə iqtisadiyyatının neftdən asılılığı, qeyri-neft sektorunun faktiki olaraq olmaması ilə bağlıdır.

İlham Əliyev JEK-ləri və Ziya Məmmədovu hədəfə aldı

İlham Əliyev idarəetmə sahəsindəki islahatlardan danışarkən “JEK”ləri və Nəqliyyat Nazirliyini də sərt tənqid edib: “Korrupsiya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında ”ASAN xidmət”ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir. Nə qədər qanunsuz tələblər irəli sürülür, nə qədər insanları incidirlər. Indi hər şey asan olacaq – “ASAN xidmət”də“.

Ilham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var: “Insanları incidirlər. Onların qarşısına əsassız tələblər qoyulur. Bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir”.

Azərbaycanda “Maydan hərəkatı” yaratmaq istəyirdilər

Ölkə başçısı çıxışında Qərbi ittiham etməyi də unutmayıb. O, iddia edib ki, Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı: “2011-ci ildə və 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda ”Ərəb baharı”nın yaşanmasından söhbət açırdı. Deyirdilər ki, bu, qaçılmazdır. Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üzərini açıb. Azərbaycanda “Maydan hərəkatı” yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli “Beşinci kalon” vasitəsi ilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər”.

***

Müşavirə ilə bağlı bir neçə maraqlı məqamı da qeyd etmək yerinə düşər. Tədbir dövlət büdcəsinə həsr olunsa da, Ilham Əliyev büdcə barədə fikirlərini açıqlasa da, büdcənin hansı həcmdə olması barədə susdu. Yəni, heç bir məbləğ açıqlanmadı. Digər tərəfdən büdcənin müzakirə olunduğu müşavirədə dövlət gömrük komitəsinin sədri Aydın Əliyev və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov gözə dəymədi. Halbuki bu iki məmurun da müşavirədə iştirakı vacib idi.