Fransa kanalı Azərbaycan hakimiyyəti ilə “müttəfiq”lərini “topa tutdu”
Fransanın ən populyar TV kanallarından biri olan “France 2” sentyabrın 7-də ölkə rəsmilərinin, özəlliklə də Fransa prezidentlərinin diktatorla münasibətlərini şərh edən bir veriliş yayımlayıb. Bu, “France 2”də ən populyar proqramlardan biri olan “Cash investigation” adlı proqramın növbəti buraxılışı olub. 2 saatlıq proqramın təqribən 1,5 saatı Fransa prezidenti Ollandla azərbaycanlı həmkarı İlham Əliyevin münasibətlərinə həsr edilib.
Proqramda Fransua Olland ən sərt və ən ironiyalı şəkildə tənqid edilib. Proqram müəlliflərinin fikrincə, İlham Əliyev kimi bir diktatorla oturub-durmaq elan edilmiş mənəvi-siyasi dəyərlərə xəyanət deməkdir.
Verilişin müəllifləri Azərbaycanda korrupsiyanın necə tüğyan etdiyindən, İlham Əliyevin müstəqil jurnalistləri və hüquq müdafiəçilərini həbs edərək, onlara divan tutmağından ətraflı bəhs ediblər. 1 il yarım ərzində hazırlanan bu verilişdə isti kadrlar da var. Məsələn, lap bu günlərdə Parisdə Azərbaycan mədəniyyət günləri keçirilməsinə rəhbərlik edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın jurnalistlərin sual atəşləri altına necə düşməsi kimi kadrlar.
Proqramda Azərbaycan izləyicilərini heyrətləndirəcək bəzi faktların da üstü açılır. Məsələn, bəlli olur ki, Fransadakı Konyak şəhər meriyasının həyətində Azərbaycan hökumətinin hesabına təmir-tərtibat işləri aparılıb, üstəlik merə 8 min avro dəyərində xalça da hədiyyə edilib. Bu lütfkarlığın səbəbi bilinmir və hər halda “regionların sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində də deyil. Çünki “regionların sosial-iqtisadi inkişafı” adlı dövlət proqramı Fransanın deyil, Azərbaycanın regionlarını nəzərdə tutur.
Proqram zamanı Azərbaycandakı diktaturanı təmizə çıxarmaq üçün “kirayə edilən” fransalı siyasətçilər ifşa edilib. Məsələn, Rəşidə Dati adlı xanım siyasətçi suallar qarşısında infarkt olmaq təhlükəsindən özünü yalnız qaçmaqla xilas edə bilir.
Beləliklə, Avropada Azərbaycan oliqarxlarının və hakim ailənin mal-mülk varlığının araşdırılması “mətbuat proqramı”nın kontekstində bu verilişin müstəsna əhəmiyyəti oldu. Bundan sonra Azərbaycan hakimiyyətinin mənafelərini müdafiə etmək istəyənlər ictimai rəyə korrupsiya ortaqları kimi təqdim edilmək risqinin ortasında yerləşirlər.
Proqramın videoyazısı:
İnformasiya şöbəsi