Hakimiyyət Azərbaycanın tarixi uğuruna kölgə saldı

ilham muhavireİndi bizi ilk dəfə qadınlara səsvermə hüquq verən ölkə kimi yox, xanımları həbsə atan ölkə kimi tanıyırlar

Təəssüflər olsun ki, Azərbaycanla bağlı müsbət məqamlar, qürurverici tarixi qərarlar, dünyaya çıxarılası xəbərlər uzun illər öncə ilə bağlıdır. Yəni, YAP hakimiyyətinin dövründə Azərbaycanla bağlı dünyaya çıxan xəbərlər hansısa məmurun villası, hakim ailənin biznes şəbəkəsi, ölkədəki korrupsiya, repressiya, qanunsuzluqla bağlı oldu.

Bəli, Əliyev hakimiyyəti şəxsi komfortu, şəxsi maraqları naminə dövlətin imicini məhv etdi. Indi beynəlxalq təşkilatlar, nüfuzlu media orqanları, tanınmış hüquq müdafiə təşkilatları Azərbaycandakı neqativ hallardan, avtoritar idarəetmədən danışırlar. Ölkəmiz korrupsiya reytinqlərində birinci, təhsil, səhiyyə, hüquqla bağlı reytinqlərdə sonuncu yerləri tutur.

Bu qədər ifşaya baxmayaraq hakimiyyət öz çirkin əməllərini davam etdirir. Indi də ABŞ Dövlət Departamentinin dünya ölkələrinin həbsxanalarında olan 20 qadın siyasi məhbusla bağlı siyahısı hazırlanır və Azərbaycanın adı bu siyahıda var. Bəli, kiçik bir ölkədə 2 qadın məhbus var və məhkəmə onların cinayətini sübut edə bilməyib. Əksinə, bütün proseslər bu qadınların günahsızlığını sübuta yetirib. Artıq bütün dünya da, yerli ictimaiyyətə bilir ki, hər 2 qadın Əliyev hakimiyyətinin qanunsuzluqlarını ifşa etdiyinə görə həbs olunub.

Biz həmişə öyünmüşük ki, ilk dəfə qadınların səsvermə hüququ Azərbaycanda olub və mövcud hakimiyyət də beynəlxalq tribunalardan bu faktlara istinad edib. Eyni zamanda mentalitetimiz də qadına hörməti, qadınla mübarizə aparmamağı təlqin edib və kişilər qadınlarla rəqabəti özlərinə utanc hesab ediblər.

Amma YAP hakimiyyəti bütün dəyərləri ayaqladığı kimi, qadına münasibətdə də “yenilik” tətbiq etdi. Təbii ki, qanun qarşısında hamı eynidir və cinsindən asılı olmayaraq hər kəs törətdiyi əmələ görə cəzasını çəkməlidir. Amma bir qadını haqlı tənqidinə görə şərləmək, zindanda işgəncə vermək,  şəxsi həyatını ictimailəşdirmək ləyaqətsizliyin, cılızlığın, qeyri-insaniliyin göstəricisidir. Indi bütün dünya bilir ki, “analoqsuz inkişaf” müəllifləri 2 qadının qarşısında məğlub olub və bu məğlubiyyətin əvəzini şər-böhtanla çıxıblar. Əslində, zərrə qədər qüruru olan, özünə hörmət edən diktator da bir qadına qarşı bu münasibəti qəbul edə bilməz.

Bir daha təsdiq olunur ki, bu hakimiyyət üçün müqəddəs dəyər, şərəfli mübarizə, “qırmızı xətt” anlayışı mövcud deyil.

Bəli, yeraltı-yerüstü sərvətlərlə zəngin olan, münbit təbiətə malik, əlverişli coğrafi məkanda yerləşən, qürur duyulacaq tarixə sahiblik edən Azərbaycan, bütün dünyada pis nümunələri ilə tanınır. Bu hakimiyyət Azərbaycana utanc gətirmək üçün israrla çalışdı və son 22 illik tarixi “utanc tarixi” də adlandırmaq olar.

YAP hakimiyyəti dövlətçilik prinsiplərindən,  tolerantlıqdan, demokratik ənənələrdən o qədər uzaqdır ki, ən iyrənc ssenarilərdə rol almaqdan çəkinmir. Əgər Xədicə Ismayıl və Leyla Yunus Əliyev hakimiyyətini mədh etsəydilər  “Şərəf” və “Şöhrət” ordeni daşıyardılar. Amma onlar hakimiyyətin oğurluğunu, qanunsuz əməllərini aşkar etdikləri üçün, zindanla mükafatlandırılıb.

Bir sözlə, hakimiyyət dünyanın 20 nəfərlik qadın siyasi məhbus siyahısına Azərbaycanın adını 2 nəfərlə yazdırdı. Daha dəqiq desək Əliyev hakimiyyəti bütün dünya qarşısında etiraf etdi ki, qurduqları səltənət 2 qadın qarşısında acizdir.

Istənilən halda, Əliyev qadınlarla döyüşə girib və bütün dünya bu qadınları alqışlayır. Bu hakimiyyət isə təkcə bu fakta görə lənətə layiqdir.