ABŞ Putinin əl-qolunu «bağlayır»

obama-agev-telRusiyadan Suriyaya silah daşıyan təyyarələrin yolu kəsilir

Rusiyanın Suriyada IŞID əleyhinə mübarizədə iştirakı və rəsmi Moskvanın bu ölkədə hərbi baza qurduğu barədə məlumatlar yayılandan bəri ABŞ-dan gələn reaksiyaların arası kəsilmir. Son olaraq ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon söhbəti aparmış və məlum xəbərlə bağlı təfərrüatları öyrənməyə çalışmışdı. Qeyd edək ki, bu xəbəri ilk dəfə Israil mətbuatı yaymışdı.

Həm Lavrovun, həm də prezident Vladimir Putinin xəbərə dair açıqlamalarından belə məlum olur ki, Rusiya terrorla mübarizə aparması üçün Suriyaya yalnız hərbi texnika və təlimçilərin göndərilməsi baxımından dəstək verir. Bunu da ilk gündən gizli saxlamır. Rusiyanın Suriyada hərbi iştirakına gəlincə, Putin bir neçə gün əvvəl verdiyi açıqlamada belə bir addımın hələ tez olduğunu bildirmişdi.

ABŞ isə Rusiyadan gələn cavablarla kifayətlənməyərək hərəkətə keçib. BBC-nin məlumatına görə, Vaşinqton Yunanıstandan hava məkanını Rusiyadan Suriyaya humanitar yardım aparan yük təyyarələrinə qapatmağı tələb edib. Bununla bağlı Afinaya rəsmi sənəd də göndərilib. Dünən Yunanıstan hökuməti Birləşmiş Ştatlardan belə bir sənəd aldıqlarını təsdiqləsə də, cavabın müsbət və ya mənfi olduğunu açıqlamayıb.

“Reuters” agentliyi sənədin hazırda rəsmi Afina tərəfindən dəyərləndirildiyini bildirir. Buna baxmayaraq, bir sıra Rusiya KIV-ləri artıq Yunanıstanın məsələ ilə bağlı mövqeyini dərc edərək Afinanın ABŞ-ın təklifinə “yox” dediyini yazıblar. Səbəb kimi də göstəriblər ki, Yunanıstan Rusiya ilə münasibətləri korlamaq istəmir.

Rusiya mətbuatı onu da qeyd edir ki, rəsmi Moskva məlum yükün daşınması ilə bağlı Yunanıstandan icazə alıb. Və bu icazə sentyabrın 1-dən 24-dək olan müddəti əhatə edir.

Rusiya Dəməşqə humantar yardım çatdırmaq üçün Suriyanın Latakiya liman şəhərindən istifadə edir. Moskvadan Latakiyaya birbaşa marşrut Türkiyə ərazisindən keçir. Iddialara görə, Türkiyə bir dəfə bu məsələdə Rusiyaya ciddi problem yaradıb. Belə ki, bu marşrut üzrə uçuşların birində Türkiyə Rusiyadan gələn və içirsində hərbi texnika olan yük təyyarəsini saxlayıb. Sonda təyyarə və içərisindəki heyət Rusiyaya qaytarılsa da, yük müsadirə olunub. Bu hadisədən sonra Rusiya Suriyaya yük göndərmək üçün Yunanıstanın hava məkanından istifadə etməli olub.

Gültəkin