yap-emblem

YAP siyahısını niyə açıqlaya bilmir?

yap-emblemPartiya daxilində gərginlik davam edir

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov mətbuata bildirib ki, hakim partiyanın namizədlər siyahısı sentyabrın 10-da açıqlanacaq. Halbuki bundan əvvəl Siyavuş Novruzov demişdi ki, ölkə başçısı Ilham Əliyev Milli Məclisə seçkilərin təyin olunması ilə bağlı sərəncamı imzalayandan sonra siyahı ictimaiyyətə təqdim edəcək. Ilham Əliyev sərəncamı avqustun 28-də imzalayıb. Bəs niyə YAP siyahını açıqlamağı sentyabrın 10-na təxirə salıb?

“Azadlıq” hələ ötən saylarında yazmışdı ki, hakim partiya daxilində qarşıdan gələn parlament seçkilərilə bağlı gərginlik yaşanır. YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovla Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin hakim partiyada nüfuz savaşı, seçkilərlə bağlı namizədlərin müəyyənləşdirilməsini çətinləşdirib. Iddialar görə, Əli Əhmədov YAP-da yalnız Paşayevləri dəstəkləyənlərin seçkilərdə iştirakına nail olmağa çalışır. Lakin YAP-da Ramiz Mehdiyevin tərəfdarları da kifayət qədərdir.

Bundan başqa YAP-ın bir neçə dəfə deputat olan tanınmış simaları, həmçinin bir neçə vəzifə tutan deputatlar növbəti dəfə iddialarını ortaya qoyublar.

Bu isə uzun illərdir ki, hakimiyyətə xidmət edən, lakin hələ ki, mandatla mükafatlandırılmayan YAP-çıların, həmçinin bu və ya digər şəkildə hakimiyyətin yanında olanların qəzəbinə səbəb olub. Onlar da artıq Milli Məclisdə əyləşmək istədiklərini açıq şəkildə bəyan edirlər. Məlumatlarda deyilir ki, siyahı ilə bağlı hakimiyyət daxilində gərgin müzakirələr getsə də, hələ ki, ortaq məxrəcə gəlmək mümkün olmayıb. Eyni zamanda bildirilir ki, siyahı açıqlanandan sonra vəziyyət daha da gərginləşəcək.