Xalta və azadlığın fərqi

seadetSəadət Cahangir

Aranızda bu uğursuz zamanda və məkanda dünyaya gəldiyi üçün taleyindən şikayətçi olan çox adam var, bilirəm. Maraqlananlar üçün sosial şəbəkələr kifayət qədər fakt verə bilər. Oradakı Azərbaycan insanının 70-80 faizi həyatından, güzəranından, acı ölkə reallıqlarından, qanunsuzluqlardan şikayətçi. Işsizlik, məişət problemləri, yoxsulluq, ehtiyac, sözün əsl mənasında, insanları küncə sıxıb. Vəziyyətin düzələcəyinə, həyat tərzinin yaxşılaşacağına, böhranın aşılacağına dair də ümidverici bir şey yox. Dörd-beş il öncə insanlarımızın böyük ümidlə göz dikdiyi milyardlar da çoxdan havaya uçub. On il əvvəl neft-qaz milyardlarının gözəl xəyallarını quran ölkə vətəndaşı indi gündəlik qiymət artımının və bahalaşmanın, iflasın, devalvasiyanın, məzənnə dalğalanmalarının vahiməsini yaşayır. Hələ gündən-günə qılıncını itiləyən repressiv recimin basqıları, həbslər və özbaşınalıqlar da bir başqa bəladır. Bəla çoxdur, əslində, nə qədər istəsəniz. Belə bir sistemdə bəla sarıdan heç zaman korluq çəkməzsiniz…

Bütün bu bəlaların kökündə bir niyyət dayanır, şübhəsiz-insanları əzmək və qorxu altında saxlamaq. Çünki bu adamlar hakimiyyət sisteminə əbədi sahiblik iddiasındadırlar. Oturduqları yerdən tərpənməyi belə xəyallarından keçirmirlər. O üzdən hər gün yeni-yeni oyunlar, şoular, məzhəkələr qurub, baş qatırlar. Bu oyunlara böyük pullar xərclənir, insanlar ələ alınıb, kukla kimi idarə olunmaqla, o çirkin oyunların içinə qatılır. Bəzən yoxsulluq və ehtiyac üzündən, bəzən də xarakterindəki pozuqluq səbəbindən bulaşır adamlar bu çirkaba. Bulaşdıqdan sonra da geriyə yol qalmır, batdıqca batır çamurun dibinə. Bir totalitar rejimin insana etdiyi ən böyük pislik budur bax! Ən böyük pislik insanı bu şəkildə amansızlıqla öldürməkdir. Mənən, ruhən, qəlbən öldürmək! Çünki bu ölümə məhkum olmuş adam üçün dönüklük, xəyanət, satqınlıq adiləşir gündən-günə. Bütün sərhədlərin keçildiyi o yerdən baxıb, kənarda nəfsinə yenilməyən insanları görmək də bir başqa əzab və aqressiya yaradır o adamlarda. “Nədən onların üstü çirklənmədi, nədən onlar sağlam qaldılar, nədən sağ qaldılar…” əndişəsindən qurtulmağı asanmı sanırsınız? Həyat hər kəs üçün gözəl yaşamaq haqqıdır, amma həm də əziyyətlərlə dolu bir sınaq yeridir, seçim də hər kəsin özünə görə. Ya o sınaqdan çıxıb, insan içinə alnının ağıyla çıxarsan, ya da əyildiyin xırda hisslərin xəcalətindən üzünün qarası rahatlıq verməz yaşamağa. Qurdla köpəyin hekayətində anladıldığı kimi…

Günlərcə ac qalan bir qurd ov axtara-axtara dolaşarkən bəslənmiş bir bağ köpəyinə rast gəlir. Bir qarşısındakı köpəyə baxır, bir də öz sümükləri çıxmış qabırğalarına. Deyir ki: “Köpək qardaş, nə yaxşı bəslənmisən, mənə bax, sümüklərim çıxıb… Nə yeyib- içirsən belə?”.

Köpək cavab verir: “Bir sahibim var. Onun bağını qoruyuram, qarşılığında mənə yemək verir, yeyib-içib kef çəkirəm. Baxıram, durumun acınacaqlı, istərsən, sən də mənimlə qal, canın qurtular”.

Qurd sevinir, amma birdən gözü köpəyin boynundakı izə sataşır. Dərin, kəsik izinə bənzəyən bir iz…ÿ”Köpək qardaş, bu boynundakı iz nədir?” – soruşur.ÿ”Hə, o, xalta izidir”.ÿ

“Xalta nədir ki?”.

Köpək deyir: “Sahibim bəzən boynuma zəncir taxır. Gərək bildiyində bağlayır, gərək bilmədiyində sərbəst buraxır”. O anda sanki qurdun başında şimşək çaxır… “Köpək qardaş, yaxşısı budur, sən öz yoluna get, mən də öz yoluma. Sənin həyatın mənə uymaz. Iki loxma üçün qurdluğumdan keçib, boynuma xalta keçirtmərəm. Ac qalaram, amma azad qalaram” – deyir…