10 yaşlı Sərfinaz anasının əllərini ovcuna alıb, təzyiqini “yoxlayır”. “Əlini boş tut. Dediyim kimi tut ha, yaxşı?! Təzyiqi düşüb 35-ə. Bu bilirsən nə yeməlidir ? Bircə dənə şokolad yeməlidir ki, təzyiqi bir az qalxsın. Amma çox şokolad yesə, təzyiqi çox qalxacaq”
“Böyüyəndə həkim olmaq istəyirəm. İstəyirəm ki, gözüm görsün, özüm tək məktəbə gedib-gəlim. Özüm uşaqlarla yaxşı oxuyum. Hərfləri balaca-balaca yazım. Özüm üzgüçülüyə tək gedib-gəlim. Özüm tək kitab oxuyum”deyir Sərfinaz.
Hər cümləsinin əvvəli “istəyirəm”lə başlayır. Bütün istədiklərinin də tarixini gözünün açılmasından sonraya saxlayıb. 10 yaşlı Sərfinaz Xudiyeva 10 dəfə narkoz altında yatıb. 8 aylığından uşağın gözünə mirvari suyu gəlib. Həmin vaxtdan Bakıda, Türkiyədə, Rusiyada müalicə alıb. Amma maddi çatışmazlıqdan uşağın müalicəsi yarımçıq qalıb.
“Türkiyədə, Dünya Göz Hastanesində bizə deyildi ki, uşağın iki gözünün də görməsinə ümid var. Amma əvvəlcə gözünün təzyiqi götürülməlidir. İki kurs müalicə olundu. Müalicəsinin ardı-arasın kəsmədik. Amma 5-6 aydır uşağın müalicəsini etdirə bilmirik. Dərmanlar çox bahadır. Dərmanları gətirtmək, almaq mümkün deyil. Uşağın gözünün birinə də “duman” düşüb ”- Sərfinazın anası Mehparə Xudiyeva deyir.
Sərfinaz 1 ay 10 gün məktəbə gedib. Daha sonra gözlərinə görə uşaqlardan çəkinib məktəbə getmək istəməyib. İndi evinə çəkilib və müəlliməsi ilə evdə dərsləri ilə məşğul olur. Hərfləri, rəqəmləri böyüdərək öyrənir.
Sərfinazı Bakıda hansı xəstəxanaya aparırlarsa, “buralıq deyil, başqa ölkəyə aparın” cavabı verirlər. Uşağın heç olmasa bir gözünün görməsi üçün təxminən 20 min dollara qədər vəsait lazımdır. “Mehriban xanıma, İlham Əliyev cənablarına da yazmışıq, amma baxılmır. Bizi Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna göndərirlər, orada da yoxlayırlar, əməliyyata göndərmirlər. Bir dəfə orada olanda bizdən sonra da bir xəstə içəri keçməli idi. Bizə dedilər ki, “o uşağa kömək etməliyik, onun gözü ağırdır, xərçəng xəstəliyinə çevrilə bilər. Sənin uşağının heç nəyi yoxdur hələ, götürün gedin”. Onda da köməklik etmədilər. Mən də dedim ki, uşağın gözü xərçəngə çevriləndən sonra bizə kömək edəcəksiniz?!”.
Sərfinaz böyüdükcə gözündəki problemlərin ona necə əngəl yaratdığını hiss edir. Anası deyir ki, uşağın göz təzyiqini götürmək üçün 5-6 min manat pul çatmır. Bu əməliyyatdan sonra donor göz pərdəsi götürülüb uşağa köçürülməlidir. “ Onu elə görmək mənim üçün çətindir. Mən ölənə kimi ona baxacam, amma insan həyatda heç nədən sığortalanmayıb. Mən bu gün getdiyim yerdə başıma nə gələcək, bilmirəm. Mən istəyirəm ki, mən öləndən sonra o heç nəyə möhtac olmasın. Bircə bunu istəyirəm”.
Ölkədə müalicəsi mümkün olmayan vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi üzrə komissiyası işləyir. Komissiyanın sədri Nəsib Quliyev deyir ki, Sərfinaz Xudiyevanın müalicəsi ölkədə mümkündür: “ Dövlətimiz Milli Oftalmoloji Mərkəz yaradıb. Orada oturan həkim ömründə xəstəyə, onun valideyninə yalan deməz. Dövlət tibb müəssisələrində xidmət, əməliyyat pulsuzdur. Kim ondan pul istəsə, desin mən dövlət müəssisəsindəyəm”.
Amma Mehparə Xudiyeva bildirir ki, Amerika Oftalmoloqlar Assosiasiyasının üzvü Çingiz Cərullazadə uşağın əməliyyatının Bakıda mümkünsüz olduğunu deyib. Sərfinaz isə hər gün həkim paltarını geyinib evdəkiləri müayinə edir. Deyir, arzusu göz həkimi olmaqdır.
Sərfinazın göz əməliyyatına kömək etmək üçün aşağıdakı bank hesabına pul köçürə bilərsiniz.
AccessBankın Mingəçevir filialı: Xudiyeva Mehparə Comərd qızı
Müştəri kodu: 015000278851
Hesab nömrəsi: 001015241000580273