HDP MHP-ni geridə qoydu

dovlet-baxcaliDövlət Baxçalı arzu etmədiyi nəticə ilə üz-üzə

Türkiyə baş naziri Əhməd Davudoğlunun yeni müavini Tuğrul Türkeşin MHP-dən xaric edilməsi bu partiyanı HDP-dən geriyə saldı. Artıq Türkiyə Böyük Millət Məclisində MHP-çi deputatların sayı HDP-çilərlə müqayisədə bir nəfər azdır.

Türkeşin gedişi ilə eyni zamanda, parlamentdəki müstəqillərin də sayı artaraq 2 oldu. Bundan əvvəl CHP-çi Ihsan Özkes partiyasından istefa verərək tərəfsiz millət vəkili statusunu qazanmışdı. Hazırda Türkiyə parlamentində deputat bölgüsü belədir – AKP-dən 258, CHP-dən 131, MHP-dən 79, HDP-dən 80, tərəfsiz 2.

Türkeşin istefasının gündəmə gəldiyi ilk vaxtlarda Türkiyə mətbuatı yazırdı ki, MHP sədri Dövlət Baxçalı müavininin partiyadan getməsini çoxdan istəyirmiş. Buna səbəb hələ müvəqqəti hökumət qurulmamışdan əvvəl Türkeşin AKP rəsmiləri ilə sövdələşməyə getməsi və bu məqsədlə prezident Ərdoğanla gizli görüş keçirməsi idi.

Iddialara görə, Baxçalıda bu gizli görüşün həqiqətən keçirildiyini təsdiq edən videogörüntü də var. Baxmayaraq ki, Türkeş özü belə bir görüşün olduğunu inkar edir.

Türkiyə mətbuatı yazır ki, ilk vaxtlar MHP sədrini məlum radikal addımı atmamağa iki səbəb vadar edib. Bunlardan biri Tuğrul Türkeşin MHP-nin qurucu lideri Alparslan Türkeşin oğlu olması idisə, digəri məhz HDP ilə bağlı olmuşdu.

Baxçalı Tuğrul Türkeşi uzaqlaşdırmaqla MHP-nin parlamentdəki deputat sayının düşəcəyini anlayırdı və partiyasının bu sahədə HDP-dən geri qalması onun üçün arzuolunmaz idi.

Lakin görünür, proseslərin gedişi Türkeşin MHP sıralarından xaric edilməsini zəruri etdi. Türkeşin məsələsi bir neçə gün əvvəl MHP-nin Intizam Komissiyasına həvalə olunmuşdu. Lakin onun bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar MHP-nin bu istiqamətdəki tərəddüdlərinə son qoydu. Və mətbuat konfransından bir gün sonra Tuğrul Türkeşin partiyadan çıxarılmasına qərar verildi.

Həmin mətbuat konfransında Türkeş onu ittiham edənlərin iki sərxoş və üç-beş çaqqaldan ibarət olduğunu demiş və bir daha bəyan etmişdi ki, onu atasının qurduğu partiyadan heç kim ata bilməz.

Amma MHP qərarında israrlı oldu və deputat sayına görə HDP-dən geri qalacağını belə, gözə alaraq Türkeşi millətçilərin partiyasından kənarlaşdırdı.

Baxçalının Türkeşin gedişinin partiyanın səslərinin bölünməsinə səbəb olub-olmayacağı ilə bağlı suala cavabı da göstərdi ki, MHP bu yoxluğu itki saymır.

Gültəkin