“Hakimiyyət qabaqdangəlmişlik edir”

fuad-qehremanli-enyeniNovruz Məmmədovun Avropa Ittifaqı ilə bağlı tviti bu cür dəyərləndirilir

Fuad Qəhrəmanlı: «Beynəlxalq birliyin Azərbaycanla bağlı sərgilədiyi mövqe tamamilə obyektiv reallığı əks etdirir»

Azərbaycan hakimiyyətinin qarşıdan gələn seçkiləri ənənəsinə uyğun olaraq keçirmək istədiyi iqtidar nümayəndələrinin açıqlamalarından da hiss olunur. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazdıqları da bu qəbildəndir. N.Məmmədov bildirib ki, AI-nin seçki ilə bağlı tənqid dolu hesabatı çoxdan hazırdır: “Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa Ittifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır”.

N.Məmmədov qeyd edib ki, AI-nin sənədinə bircə kiçik əlavə edib tarixi qoymaq qalıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, N.Məmmədovun bu açıqlaması onu göstərir ki, hakimiyyət əvvəllər olduğu kimi bu dəfə də seçkini saxtalaşdırmağa hazırlaşır. F.Qəhrəmanlının sözlərinə görə, ona görə də hakimiyyət bir növ qabaqdangəlmişlik edərək beynəlxalq qurumların, o cümlədən Avropa Ittifaqının seçkilərlə bağlı verəcəyi rəyi öz aləmlərində şübhə altına almağa çalışır: “Hakimiyyət bununla göstərməyə çalışır ki, sanki Azərbaycanla bağlı beynəlxalq aləmdə qərəzli mövqe sərngilənir. Seçki hələ olmamışdan onun nəticələri ilə bağlı guya mənfi rəy hazırdır və sadəcə olaraq həmin sənədə tarixi qeyd etmək qalır. Bu onu göstərir ki, hakimiyyət beynəlxalq birliyin ölkəmizlə bağlı çağrışlarını nəinki nəzərə almaq istəmir, hətta açıq şəkildə öz seçki saxtakarlıqlarını, antidemokratik hərəkətlərini dünya birliyinə qarşı ironiya ilə haqlı göstərməyə çalışır. Guya bunlar doğrudurlar, onlar hər şeyi doğru-düzgün edirlər, demokratik seçkilər keçirirlər, bütün demokratik standartlara əməl edirlər, amma dünya birliyi bunlara qarşı qərəzlidir. Bu hakimiyyətin feodal düşüncəsini, dünyanın müvafiq dəyərləri ilə uyuşa bilmədiyini göstərir”.

F.Qəhrəmanlı onu da bildirdi ki, son vaxtlar beynəlxalq birlik Azərbaycanda baş verənlərə adekvat münasibət bildirir: “Hakimiyyət artıq bilir ki, bu seçkilər də saxtalaşdırılacaqsa, o zaman beynəlxalq birliyin Azərbaycandakı seçki saxtakarlığına əvvəlki münasibəti nəinki təkrarlanacaq, bu dəfəki yanaşma daha detallı, daha obyektiv olacaq. Buna səbəb Azərbaycanın son vaxtlar öz eybəcərlikləri ilə dünya birliyinin gündəminə gəlməsidir. Hakimiyyət bunu bildiyinə görə qabaqdangəlmişlik edir. Beynəlxalq birliyin Azərbaycanla bağlı sərgilədiyi mövqe, ifadə olunan münasibətlər tamamilə obyektiv reallığı əks etdirir. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti bütün bu ifadə olunan münasibətlərdən nəticə çıxarmaq iqtidarında deyil”.

Xəyal