Siyavuş Novruzov onun ittihamlarına cavab verməkdən niyə yayındı?
“Siyasi provakatorlar kimisə gözdən salmaq istəyəndə, onu aparıb müxalifətə calayırlar”. Bu sözləri YAP-ın məşhur simalarından olan, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu moderator.az-a açıqlamasında bildirib. Eldar Sabiroğlu bundan əvvəl partiyadaşlarını ittiham etmişdi. “Yeni Azərbaycan Partiyasında şəxsi təşəbbüslə çıxış etməyin yaxşı nəticəsi olmur.
Rəhbərliyin icazəsi və razılığı mütləqdir. Bunu nəzərə alaraq namizədliyimi verməkdən imtina etdim. Çünki təşəbbüsüm özümü çətin vəziyyətə sala bilər. Bunu gizlətməyimin bir mənası yoxdur. Kimlərinsə adlarını çəkmək mənə xeyir gətirməz. Üstümə şığıyarlar. Bunu etiraf edirəm. Bəzi ”sədaqət” sahibləri xoşlamadıqları adamı ləkələməkdə ustadırlar. 2-3 belə “usta” özlərinə sərf edən iformasiya ilə hədəf götürdükləri adamın belini elə qırırlar ki, bir də özünü düzəltməsi mümkün deyil. Indi onlar elmi də, poeziyanı da, digər sahələri də monopoliyaya alıblar. Vəzifə ailəvi alimlər yetişdirir. Ər və arvad, oğul və qız hamısı elmin korifeyinə dönüb. Hələ elə “düha” var ki, ayda 3-4 kitab ortaya qoyur. Xidmət barədə isə danışmaq təhlükəlidir. Adamın gözünü çıxararlar. Xeyirlisi o ola bilərdi ki, gərək əvvəldən müxalifətdə olub, sonra iqtidar tərəfə keçəydim. Onları sadiq adam kimi tanıyıb dəyərləndirirlər. Bu şansı əldən versəm də, heyfislənmirəm”- deyə o, bildirmişdi.
Bundan sonra Eldar Sabiroğlunun müxalifətə keçdiyi barədə məlumat yayıb. O, bu məlumatların dövriyyəyə buraxılmasında yenə partiyadaşlarını ittiham edib: “Mən daşı kimin bostanına atıramsa, onlar özləri gözəl bilir. Əvvəldən həmin adamlarla mənim işim düz gəlməyib. Çünki şəxsi məqsədlərə xidmət etdiklərini, tam səmimi deyirəm, hər addımbaşı görmüş və hiss etmişəm. Əgər incik düşmüş adamlar varsa, onları da bu yola çəkən həmin adamların ayrı-seçkilik mövqeləri olub. Həmin şəxslər hakimiyyət rəhbərliyinə özlərini elə göstərirlər ki, guya cani-dildən bu dövlətə, bu millətə, xüsusilə, dövlət başçısına əsl xidmət göstərirlər. Açıq danışacağam, hətta əhali arasında bu cür fikirlər dolaşır: guya həmin şəxslər geri çəkilsələr, dünya yerindən qopar, hətta dövləti idarə etmək belə müşgülə çevrilər. Dediyim şər və böhtan deyil, uzaq kənd adamından da soruşsan bunun haradan gəldiyini və arxasında kimin durduğunu adı və soyadı ilə deyər.
Vay sizin halınıza, kökü bilinməyənlər gəlib sözün əsl mənasında nümunəvi bir ailədə dünyaya gəlmiş, örnək sayılan böyük bir atanın, görkəmli elm xadimi olan ananın tərbiyəsini almış və zəngin dünyagörüşü əldə etmiş nəhəng Heydər Əliyevin oğlu qarşısında oyun oynamaq istəyirlər. Yazıqlar olsun sizlərə. Atdığınız şər və böhtanların, əzdiyiniz insanların bu dünyada da olmasa, o dünyada haq-hesabını soruşacaqlar. Bir şeyi də bilin ki, yeriniz cənnət olmayacaq”.
Maraqlıdır ki, YAP-ın icra katibi Siyavuş Novruzov Eldar Sabiroğlunun ittihamlarına cavab verməkdən yayınıb. O, “Yeni Müsavat”a müsahibəsində iddia edib ki, Eldar Sabiroğlunun dediklərini oxumayıb. Əslində isə Siyavuş Novruzovun bu məsələdən yayınmasının səbəbi başqadır. Eldar Sabiroğlunun açıqlamalarından aydın sezilir ki, onun problemi YAP-ın indiki rəhbərliyi ilə, konkret olaraqa partiyanın icra katibi Əli Əhmədovladır. Əli Əhmədov YAP-da Paşayevlər qanadını təmsil edir. Siyavuş Novruzov isə əks cəbhədə, yəni, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin komandasındadır. Bu baxımdan Eldar Sabiroğlunun ad çəkmədən Əli Əhmədov və tərəfdarlarını topa tutması Siyavuş Novruzovun maraqlarına uyğundur. Əks halda Siyavuş Novruzov Eldar Sabiroğlunu bu ittihamlarına görə çoxdan vətən xaini çıxarmışdı.