Bir gecikmə haqqında

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Günlərdir keçmiş yaptokrat deputatların açıqlamalarına rast gəlirəm xəbər lentlərində. Deməli, bunlardan payızda keçiriləcək deputat “seçkisində” iştirak edib-etməyəcəklərini soruşurlar. Bunların da əksəriyyəti belə cavab verir ki, iştirak etmək istəyərdilər, amma gərək icazə olsun. Icazə gözlədikləri ünvanı demirlər. Amman nə ehtiyac var? Onsuz da hamımız bilirik.

Hətta mən dünən belə keçmiş yaptokrat deputatlardan birinin – Əli Əlirzayevin açıqlamalarını burada heç bir şərhsiz də yaza bilərdim. Niyə şərhsiz? Çünki Əli müəllimin dedikləri ölkədəki seçki adına əslində bir şou düzəldildiyinin, məsxərə həyata keçirildiyinin ən aydın ifadəsidir. Sitat: “…müstəqil şəkildə namizədliyimi versəm belə, seçkinin nəticələrinə baxmayacaqlar. Öz istədiklərini deputat edəcəklər. Hökumət məni istəməyəndən sonra, mən onları niyə istəməliyəm ki? Mən vaxtilə hamısı ilə dost olmuşam, hamısına hörmət etmişəm. Lap böyük vəzifəlilərin də qulluğunda olmuşam. Cavanlar da mənim qulluğumda olub. Indi isə məni saymırlar. Daha nə edə bilərəm? Gedib olan-qalan pulumu xərcləyib deputatlığa namizəd olası deyiləm ki!”.

Buyurun, bizim payızda hansı tamaşaya şahidlik edəcəyimizin bəri başdan ən dəqiq, konkret diaqnozu!

Əslində indi mənə maraqlı olan başqa məqamdır: bu gün öz açıqlamalarında ölkədəki seçkilərin farsdan, şoudan başqa bir şey olmadığını açıq ifadə edənlər necə olur, özləri vaxtilə deputat olanda YAP rejiminin Azərbaycanı demokratiyaya qovuşdurmasından, ədalətli seçki keçirməsindən ağızdolusu danışırdılar? Bu cür ikiləşməni insanlar necə bacarırlar? Bir zamanlar mandat, vəzifə naminə ağa qara, əyriyə düz dediklərinə görə indi azacıq da olsa vicdan əzabı çəkirlərmi? Axı bugünkü açıqlamalarınız göstərir ki, siz vaxtilə Milli Məclisdə seçki ilə yox, təyinatla oturduğunuzu bilmisiniz, o deputat mandatının sizə xalqın yox, Prezident Administrasiyasının lütfü olduğunun fərqinə varmısınız, amma yenə də yaptokratiyanın guya ölkədə demokratiya təntənəsi yaratdığından basıb-bağlamısınız. Bu nə deməkdir? Bu o deməkdir ki, əslində bu gün vəzifə, mandat sahibi olub gecə-gündüz ölkədə hüququn fontan vurmasından, bütün azadlıqların bərqərar olmasından danışan hər bir kəs əslində necə çağdışı rejimə, ədalətsiz Sistemə xidmət göstərdiklərinin fərqindədirlər, ancaq buna ona görə qəbullanırlar ki, onlar hələlik keçmiş deyillər, istifadə müddətləri davam edir.

Qısası, Azərbaycanda kimsə bir gün “mən bilmirdim ki…” sözləri ilə başlayan özünə bəraət çıxışları etmək fikrinə düşməsin. Özünüz üçün yaxşı olanda hamınız bilmisiniz ki, xalq üçün pisdir, amma yenə də bu ədalətsiz, haqsız gedişatın bir parçasına çevrilməyə razılaşmısınız. Odur ki, heç bir zaman mənəvi bəraət qazanmaq barədə düşünməyin, çünki bunun üçün artıq çox gecdir.