Əyilmişlərin əyilməzlərə nifrəti

razi-nurullayev

Yaxud, Razi və Rauf «Azadlıq»ı nədə ittiham edir?

Həqiqətən də azad olmağın, şərəflə yaşamağın, heç kimə əyilməməyin alternativi yoxdur. Həqiqətən müstəqil olanda, sənə qarşı olan bütün ittihamları darmadağın etmək çətin olmur.

Indi AXCP-yə və “Azadlıq” qəzetinə qarşı elə ittihamlar səsələnir ki, sadəcə gülmək istəyirsən. Məsələn, hökumətin “Yeni Müsavat” qəzeti, hökumətin Razisindən müsahibə götürüb. Müsahibədə səslənən bütün fikirlər isə həm hökuməti, həm “Yeni Müsavat”ı, həm də Razini “çılpaq” qoyur. Brend Razi məlum müsahibədə deyir ki, “Azadlıq” qəzeti bəzi nazirlərdən pul alır və onlar haqqında yazmır. Ümumiyyətlə, sübut etməyə çalışır ki, “Azadlıq”da müəyyən məmurlardan yazmaq qadağandı.

Əvvəla, bu müsahibə o qəzetə verilib ki, həmin qəzet hansısa icra başçısı haqqında da yazmaqdan imtina edib və qəzetin redaktoru bir vaxtlar kəskin tənqid etdiyi Ilham Əliyevin qarşısında səcdədədir.

Ikincisi, “Azadlıq” qəzetinin tənqid edə bilməyəcəyi vəzifəli şəxs yoxdur. Zərrə qədər vicdan gəzdirən adam, “Azadlıq”ı bu məsələdə ittiham etməkdən utanardı. Amma bu adamlar utanmaq hissini də satışa çıxardıqları üçün, kompleks keçirmirlər. “Azadlıq” qəzeti ölkə başçısını adı ilə tənqid edir və hər gün qəzetdə birinci şəxsin adı hallanır. Ölkə başçısının ailə biznesini tirajlayan, yarıtmaz siyasətini tənqid edən, ona qarşı yazılmış yazıları çap edən bir qəzet, hansısa nazirdən qorxa bilərmi?

ilham-rauf-mukafat

Əgər, Rauf Arifoğlu və Razi Nurullayevin hansısa nazir haqqında kəskin tənqidi yazısı varsa, göndərsin çap edək. Məsələn, Razi Nurullayev özündə cəsarət tapıb, güc nazirlərinin birini ifşa etmək istəyirsə, səhifələrimiz onun ixtiyarındadı. Yaxud, Rauf Arifoğlunun əlində yaxşı material varsa və tirajlamağa qorxursa, biz çap edə bilərik.

“Azadlıq” qəzeti heç kimə güzəşət getmədiyi üçün, hamını adı ilə çağıra bildiyinə görə bu vəziyyətdədi. Rauf Arifoğludan fərqli olaraq, biz heç kimdən ianə almırıq. Ya da hansısa bəxşiş qarşılığında sadə vətəndaşların şikayətlərini tirajlamaqdan imtina etmirik.

“Azadlıq” qəzeti “Yeni Müsavat” kimi hər ay ənam alsaydı, qəzetin əməkdaşları aylarla maaşsız qalmaz, redaksiyamız bərbad vəziyyətdə olmaz, əməkdaşlarımız həbs olunmazdı.

Daha sonra müsahibədə qeyd olunur ki, Əli Kərimlinin ətrafında 1-2 nəfər qalıb. Heç olmasa öz yazdıqlarınıza hörmət edin. Son bir ayda “Yeni Müsavat” qəzeti 100-lərlə cəbhəçinin partiyadan istefa verdiyini tirajlayıb. Hər gün 5-3 “cəbhəçi”nin istefa xəbərini yayırsız. Sonra da AXCP-də 2-3 nəfərin qaldığını yazırsız. Həqiqətən bunların dərdi ağırdı. Sifariş verənin də, sifariş alanın da dərin təfəkkürü yoxdur. Rauflar, Razilər o qədər dərin çirkaba batıb ki, artıq edə bilməyəcəkləri pislik qalmayıb. Nə Allahdan qorxurlar, nə də cəmiyyətin nifrətindən depressiyaya düşürlər. Simasını saxlamış, cəmiyyətdə nüfuzu olan heç kim bu adamları müdafiə etmir.

Daha sonra Razi Nurullayev bəyan edir ki, “Yeni Müsavat”a açıqlama vermək AXCP-də qadağan olunub. Öz aləmlərində bunu kompromat kimi təqdim edirlər. Cəbhəçilər “Səs”ə, “Yeni Azərbaycan”a açıqlama vermədikləri kimi, “Yeni Müsavat”a da açıqlama vermirlər. Əgər AXCP-nin rəhbərliyindən kimsə “Yeni Müsavat”a açıqlama versə, bu “Səs”ə qarşı haqsızlıq olar. Həm də “Səs” qəzeti açıq bəyan edir ki, biz buyuq. “Yeni Müsavat”ı isə iş başında tutursan, qırmızı-qırmızı səni borclu çıxardır.

Bu gün hakimiyyətin ən iyrənc ssenarilərində yer alanlara qarşı hamı prinsipial mövqedə olmalıdı. “Yeni Müsavat”a açıqlama verməmək kompromat yox, dəyərlərə sədaqətin göstəricisidi.

Razi Nurullayevdən, Rauf Arifoğludan fərqli olaraq, bizim heç kimin qarşısında öhədiliyimiz yoxdur və heç kim bizə istəmədiyimizi yazdıra bilməz.

Biz həmişə həqiqətləri tirajlamışıq. Allah bizi o günə qoymasın ki, kimdənsə sifariş alıb, kiməsə böhtan ataq. Sıravi vətəndaşları 5-10 manat müqabilində, bir qarınlıq yemək qarşılğında “cəbhəçi”yə çevirmək şəxsiyyətin naqisliyindən xəbər verir.

Satqın, mənliyini itirmiş adamlar istəyirlər ki, başqaları da onlar kimi olsun. “Azadlıq”ın öz yolundan sapmaması, AXCP-nin mübarizə meydanından qaçmaması, Əli Kərimlinin bütün maneələrə baxmayaraq addımlaması, şərə səcdə edənləri dəli edib.

Cənablar, sizin insan kimi doğulub, insanlığa xəyanət etməyinizin günahı bizdə deyil. Siz dünya malının müqabilində özünüzdən imtina etmiş adamlarsız.

Bizə şər atmağa davam edin. Şükr olsun ki, heç bir ittiham qarşısında başımız aşağı deyil. Bu millətə, bu dövlətə xəyanət edənləri həmişə ifşa edəcəyik. Bu gün hökumət Razi, Rauf sifətiylə üstümüzə gəlir amma həmişəki kimi bütün hücumlar dəf olunub. Biz bu illər ərzində çox Rauflar, Razilər görmüşük. Hamısının istifadə müddəti bitib və ictimai şüurda bu insanlar pis nümunəyə çevrilib.

P.S Uşaqlar da deyir ki, atalarımız pul qazanmağa gedib. Amma faciə o zaman başlayır ki, evə puldan çox lənət aparırsan. Nəyə layiqsizsə, Allah bol eləsin.

Akif