Heç olmasa Nazarbayevdən nümunə götürün

cemil-hesenli-qerargahCəmil Həsənli Qazaxıstandakı  islahatlarından yazdı

Dostlar, bir neçə gün öncə Qazaxıstana getmişdim. Bu ölkədə gördüklərim sözün tam mənasında məni təəccübləndirdi. Liberal iqtisadiyyat əməlli başlı bu ölkədə ayaq tutub yeriyir. Monopoliya haqqında təsəvvürlər belə yoxdur. İstənilən iş adamı istənilən malı ölkəyə gətirə bilər və qanunla icazə verilən istənilən malı ölkədən çıxara bilər.

Vergi və gömrük orqanlarında korrupsiya halları demək olar ki, aradan qaldırılıb. Təsəvvür edin ki, ölkəyə daxil olan 20 tonluq meyvə maşını ƏDV və gömrük vergisi ilə birlikdə 3200 dollara sənədləşdirilir. Təkcə bir faktın timsalında gömrük və vergidəki vəziyyəti təsəvvür edə bilərsiniz. Bananın bir kiloqramının pərakəndə satış qiyməti təngə hesabı ilə 80 sentə satılır, ölkəmizdə isə bu məhsulun qiyməti 3 dollar ətrafındadır. Avtomobil benzini orta hesabla 47-48 sentə bərabərdir. Dünya bazarında neftin qiymətinin enməsi ilə bağlı hökumət benzinin pərakəndə satış qiymətinin aşağı salınmasının yollarını arayır.

Hüquq mühafizə, vergi və digər dövlət orqanlarının iqtisadi həyata müdaxiləsi qadağan edilib. Kvartal simvolik ödənişlə hər bir avtomobil sahibi taksi fəaliyyəti ilə məşğul ola bilər. Benzin ƏDV-nin həddi 12 faiz ətrafındadır. Gəlir vergisi bizneslə məşğul olan hər kəsi təmin edən sərfəli həddə müəyyən edildiyi üçün istisnasız olaraq bütün iş adamları, orta və kiçik biznes subyektləri həvəslə dövlətin vergisini ödəyirlər. Nəinki fiziki şəxslər, hətta hüquqi şəxslər belə gəlirin həcminə görə vergi ödəməli olurlar.

Məsələn, 3 aylıq gəliri 50 milyon təngədən aşağı olan hüquqi şəxslər 3 faiz həcmində vergi ödəyir ki, bu da kiçik biznesin kütləviləşməsi üçün əlverişli şərait yaradır. Kənd təsərrüfatını qaldırmaq üçün aqrar sahə ilə məşğul olanlara faizsiz kreditlər sistemi tətbiq edilir. Təsərrüfatları texnika, güzəştli yanacaq və suvarma şəbəkəsi ilə təmin etməkdə dövlət kəndliyə qayğısını əsirgəmir. Kənd təsərrüfatının dirçəldilməsi daxili bazarda ət, yağ, süd və digər ərzaq məhsullarının qiymətlərinə ciddi şəkildə təsir göstərir.

Mal ətinin bir kiloqramı 4 dollar, qoyun əti, qazaxların geniş istifadə etdiyi at ətinin qiyməti isə bundan bir neçə sent yuxarıdır. Böhran başlayandan sonra aqrar sahəni dayanaqlı etmək üçün hökumət əlavə olaraq kənd təsərrüfatına 500 milyard təngə (20 milyard dollar) yardım proqramın işə salıb.

Ölkə başçısı Nursultan Nazarbayevin şəkil və portretlərinə paytaxt Astana da daxil olmaqla heç bir yerdə rast gələ bilməzsən. Özünün göstərişi ilə prezidentin şəkilləri küçə və meydanlardan, yol kənarlarından, idarə və müəssisələrin qarşısından yığışdırılıb. Paytaxt Astanada açılmış Nazarbayev universiteti modern bir ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Ayrı-ayrı şəhərlərdə əhali nədənsə narazılıq edirsə hökumət dərhal həmin narazılığa reaksiya verir.

Monqolustanda yaşayan çoxlu sayda qazax ailələri ölkəyə köçürülüb və onların mənzil, məişət, sosial problemlərini həll etmək üçün dövlət tərəfindən iri həcmli vəsaitlər ayrılıb. Son aylarda dünyanı bürüyün maliyyə böhranı təngəni də yerindən oynadıb. Lakin əhalinin banklarda olan vəsaitlərini və bankların özünü böhrandan qorumaq üçün vətəndaşların banklarda olan vəsaitləri böhrandan əvvəlki kursa konvertasiya edilməsi qərara alınıb. Dövlət bu məqsədlə hələ bu ilin fevral ayında “Nurlu yol”  adlandırılan anti-böhran proqramı qəbul edib. Təngəni müdafiə etmək üçün müxtəlif maliyyə proqramları işlənib hazırlanıb.

Əhalinin banklarda olan vəsaitləri 98 faiz həcmində sığorta edilib. Bankları müdafiə etmək üçün ehtiyat fonddan onlara 500 milyard təngə həcmində vəsait ayrılıb. Xarici mütəxəssislərin geniş dairəsi iqtisadiyyatın, maliyyə sisteminin, təhsilin və səhiyyənin idarə edilməsinə cəlb edilib. İş yerlərinin qorunub saxlanması hökumət üçün prioritet istiqamət sayılır. Bu məqsədlə ayrı-ayrı müəssisələrə dövlət tərəfindən yardımlar göstərilir. Kənd təsərrüfatını böhrandan qorumaq üçün ərzaq məhsulları ilə bağlı dövlət satınalmaları bilavasitə yerli məhsullarla həyata keçirilir. Böhran başlayan kimi Nazarbayev iş adamları ilə görüş keçirib xalqı böhrandan qorumağın yollarını onlarla müzakirə edib. Bizdəki kimi iş adamlarını “Bondotdelə” yığıb olan-qalan müəssisələri də müflis etməyiblər.

Nazarbayev dövlət hesabına yubileylərin keçirilməsi ənənəsinə də son qoyub. Onun fikrincə ayrı-ayrı cəmiyyətlər, təşkilatlar kimə istəsə yubiley keçirə bilər, amma bu yükü dövlətin üzərindən götürmək lazımdır. Nazarbayev deyir ki, mühüm tarixi hadisələri qeyd etmək lazımdır, mətbuatda, televiziyalarda danışmaq, elmi-praktik konfranslar keçirmək olar, amma böyük vəsaitlər hesabına təmtəraqlı tədbirlər keçirmək (məsələn bizdəki mənasız gül bayramı), stepdə minlərlə yurd qurub dəbdəbə göstərmək, bol süfrə arxasında mürgüləmək yubilyara nə verə bilər? Şəxsiyyətə pərəstişə gətirib çıxaran belə şeylərdən uzaq olmaq lazımdır. Dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Hər halda bunları müşahidə etmək çox maraqlı idi. Görünən odur ki, Pribaltika respublikaları istisna olmaqla Qazaxıstan keçmiş Sovet coğrafiyasında liberal iqtisadiyyata uğurlu keçidi təmin edə bilib.