“Razi əməliyyatı”nda gözlənilməz gəlişmə

Uğursuz “qiyamçı” patronlarının qəzəbinə gəlib; Onu əvəzləmək üçün kimlərlə danışıq gedir? Onun iflası medallı redaktoru da batırır

Nurullayev düşdüyü quyudan çıxmaq üçün nazirlərdən kömək istəyir

Hakimiyyətin “Razi əməliyyatı” tam uğursuzluqla davam edir. İflas indi “konfranslar” mərhələsindədir. Hiss olunur ki, çalışdıqları bu siyasi farsa bir qondarma qurultayla nöqtə qoymaqdır.

İctimai-siyasi sektorun bütün ciddi adamları bu mövzuda yəqin ki, təxminən belə bir sualla üz-üzədir: ölkə iqtisadi tənəzzülün bir addımlığındaykən, dövlətin bu qədər görülməli işləri, çəkilməli qayğıları varkən yekə-yekə səlahiyyət sahibləri niyə belə bir perspektivsiz layihəyə bu qədər pul və enerji xərcləyir? Əslində, niyə xərclədikləri bəllidir, amma hansı ağılla xərclədikləri doğrudan da maraqlıdır.

Əməliyyata start veriləndən bəri bu bəxtsiz cavanın ortaya qoyduğu özünüifşalar bəs etməliydi ki, “bu dəfə də alınmadı” deyib ziyanın yarısından qayıtsınlar və AXCP-nin ətəyini dartmaqdan əl çəkib, sinələrinə çökən böhranın həlliylə məşğul olsunlar. Ancaq neyləmək olar, görünür, AXCP ilə mübarizəni hökumətimiz özünün daha vacib qayğısı sayır və bu işdə onun bəxtsizliyi indi Razi Nurullayevlə davam etdiyi kimi, xalqımızın da ciddi və görməli olduğu işi görən bir hökumətə sahib ola bilməmək bəxtsizliyi davam edir…

***

Razi Nurullayev öz rüsvayçılıqlarını elə sürətlə yeniləyir ki, çatdırıb qeydiyyatını aparmaq da olmur. Məsələn, bu sətirlər yazılarkən onun daha bir şou-konfransının sədası Bakının Nərimanov rayonundan gəldi. Bəlli oldu ki, rayonun hansısa dəbdəbəli sarayında Nurullayev üçün AXCP yerli şöbəsinin konfransı adlı bir tamaşa təşkil ediblər. Ola bilər ki, siz bu yazını oxuyanda növbəti belə tamaşa başqa bir yerdə təşkil olunsun. Yəni AXCP-nin adına iddia prosesi bu qədər tələsik və sürətlə aparılır. Həm də heç bir AXCP üzvünün iştirakı olmadan.

Razi dəstəsinin Nərimanovda, Azərin restoranında şou-konfransı və…

Nərimanovda bahalı yemək masaları arxasında əyləşib “AXCP” quranların kimliyi və ora neçə manata toplaşdıqları yəqin ki, az sonra sosial şəbəkələrdə əksini tapacaq (Yeri gəlmişkən, Nərimanov “konfrans”ı da o birilər kimi qonaqlıqla başa çatıb və tamamilə mümkündür ki, ora toplaşanlardan çoxunun “qazandığı” elə bir qarın yemək olub). Amma dəqiq xəbərlər gözləmədən də demək olar ki, oradakılar buna qədər Sumqayıtda, Beyləqanda və İmişlidə təşkil olunan şou-konfransdakılardan fərqli və fərli adamlar deyillər.

“konfrans”dan sonrakı qonaqlığı

***

Əgər AXCP-nin konfransı adı altında hansısa toplantı şadlıq saraylarında, Olimpia İdman Kompleksində keçirilirsə, o toplantılarda AXCP-nin yerli rəhbərliyi kimi Avropa Oyunları üçün məşəl daşıyan, İlham Əliyevin məşəlli şəkilini profil fotosu edən YAP-çı, hökumət saytının müxbiri, dünənədək KXCP-nin, Müsavatın təmsilçisi olanlar və b. “seçilirsə”, nə baş verdiyi hadisələrə xüsusi həssaslıqla yanaşmayanlara da aydındır. Bu “uğurla” Razi Nurullayev üçün Gülüstan sarayında və ya Heydər Əliyev Mərkəzində bir qurultay da təşkil edə bilərlər, lap istəsələr, İlham Əliyevin özü də ora qonaq kimi qatılar.

Razi Nurullayevin Beyləqanda məşəl daşıyan “cəbhəçi”si

Yəqin ki, Razi Nurullayev şou-konfranslarını tam gücü ilə ölkə boyu davam etdirməyə amansız səylər göstərəcək. Bu, həm də ona bir hesabat yığıncaqları kimi lazımdır. O indi boynundan tutulub bir kənara tullanılmamış, özünü təsdiq etmək üçün əlləşir və tələsir. Amma tələsənin bir təndirə düşməkliyi də var.

Nurullayevin İmişlidə tapdığı Amil İbişov adlı “şöbə sədri” və…

İmişlidən “AXCP Ali Məclisinə üzv” elan etdikləri Saleh Qafarlının bir neçə gün qabaqkı bəyanatı

***

Razi Nurullayev sanki bir QHT layihəsinin saxta icra hesabatını hazırlayırmış kimi AXCP-yə aidiyyatı olmayan adamları orda-burda toplayıb iclas fotoları yaydıqca və hər dəfə saxtakarlığı ifşa olunduqca, onun “əməliyyat kuratorları” narahat olmağa başladılar. Nəyin bahasına olursa-olsun, Razi Nurullayev üçün cəbhəçi kimi təqdim edilə biləcək adamlar tapılmalıydı. AXCP-nin indiki üzvlərindən kimisə satın almaq olmursa, onda köhnə satılmışlara müraciət etmək olar. Cəmil Həsənlinin sözü ilə desək, AXCP-dən 20-ci əsrdə getmişlər, hələ 10-12 il qabaq agentliyi ifşa olunduğu üçün məşhur “Xaqani-33”dən döyülüb qovulanlar, yaxud AXCP-nin dəhlizlərindən sivişib Fuad Ələsgərova (Prezident Administrasiyasının şöbə müdiri), Azay Quliyevə (deputat, QHT Şurasının sədri, Ələsgərovun adamı) sığınmaqla “çax-çuxunu” edənlər indi “Razi əməliyyatı” üçün səfərbər olunublar. Hakimiyyətin bütün cinahlarına məxsus qəzet və saytlar, “Səs”dən “Yeni Müsavat”a qədər hər gün “Razi əməliyyatı”na informasiya dəstəyi vermək tapşırığı ilə fəaliyyətdədirlər. Dövlətin az qala bütün resursları AXCP-yə dublikat yaradıb, partiyanı Əli Kərimlidən almaq avantürasına cəm olunub. Bundan bir az artıq səylə, bəlkə də işğal olunmuş torpaqları ermənilərdən almaq olardı.

Bu da Razi dəstəsinin İmişli Olimpia İdman Kompleksində keçirdiyi “konfrans”

Amma bu qədər səfərbərlik də “Razi əməliyyatı”nı xilas edə bilmir. Çünki Razi dəstəsinə AXCP deyə biləcək qərəzsiz bircə nəfər də tapılmır və heç tapılmaq perspektivi də yoxdur. Satılmışları və bu və ya başqa struktura bağlılıqla hakimiyyətin nəzarətində olanları Nurullayevin başına yığmaqla isə AXCP dekorasiyası almaq mümkün deyil. Əksinə, bunun ən uğurlu adı “Satılmışların partiyası” olar ki, bu da hakimiyyət üçün bütün yumurtaları bir səbətə yığmaq qədər arzu olunmaz görünür.

***

Nurullayevin dəstəsindən sızan məlumatlar göstərir ki, əməliyyatın alınmadığını, onun icrası üçün səyləri artırdıqca əlavə fəsadların yarandığını artıq işin sifarişçisi və kuratorları da anlayırlar. Ona görə də Nurullayevin üzərində qurulan planı dondurmaq, daha uğurlu birini tapıb onun “liderliyi” altında yenidən canlandırmaq variantı da işlənir. Məlumatlara görə, “yuxarılarda” belə qənaətə gəliblər ki, planın baş tutmaması bilavasitə Razi Nurullayevin yarıtmazlığı ilə bağlıdır. Əlbəttə, özünü hər şeyə qadir zənn edənlər qəbul edə bilməzlər ki, baş tutmayacaq, avantürist bir plana qərar veriblər. Əslində, Razi Nurullayevi alınmayacaq iş dalınca göndərib adını yarıtmaz qoyurlar. Amma bunu nə Nurullayev onlara deyə biləcək, nə də onlar qəbul edəcək.

“Yuxarılar”da getdikcə möhkəmlənən qənaət budur ki, Razi Nurullayev çox bahaya başa gəlir. Özü də söhbət tək maddi itkilərdən getmir. Ondan gedir ki, Nurullayevin müdafiəsinə hökumətin bütün siyasi və mətbu yandaşlarını səfərbər etmək ehtiyacı yaranıb. Onun üzərində qurulan əməliyyat isə uzanır və uğursuzluqla davam edir. Belədə həmin yandaş siyasi və mətbu resurslar da bu uğursuzluqdan əlavə pay götürüb, istifadəyə tamamilə yararsız hala düşürlər.

Razi Nurullayevə görə belə itkiyə məruz qalanların ən parlaq nümunəsi “Yeni Müsavat”dır. Rauf Arifoğlu planın başından bəri Razi dəstəsinin bir nömrəli informasiya dəstəkçisinə çevrilib. Hərçənd o, bacarıqlı menecer kimi, bu dəstəyin onun qəzetinə və özünün olan-qalan reputasiyasına hansı zərbələri vurduğunu yaxşı anlayır. Sadəcə, əmr, necə deyərlər, çox yuxarıdan gəlib, imtina edə bilmir. Məcburdur ki, qəzetinin, saytının necə hörmətdən düşdüyünü, oxucularını itirdiyini görə-görə Razi Nurullayevlə bağlı yazıları manşetdən versin. Hakimiyyətin öz mətbu oraqnları içərisində məhz “Yeni Müsavat”ı bu işdə daha çox istismar etməsi isə onun keçmişdən gələn inersiya ilə xüsusən də demokratik düşərgədə müəyyən təsir imkanını saxlamasına görə idi. Amma murdar qabda içməli su ola bilmədiyi kimi, hakimiyyətin planlarını icra edib, “Səs”ə, “Yeni Azərbaycan”a çevrilməmək də imkansızdır və Rauf Arifoğlu qəzetçilik bacarığından nə qədər istifadə etsə də, media orqanlarını o aqibətdən qoruya bilmədi.

***

Daha betər aqibət isə, daxil olan məlumatlara görə, Razi Nurullayevin özünü gözləyir. İndi onun ətrafındakılar “liderlərinin” möhkəm əsəbi sarsıntı keçirməsindən, panikaya düşməsindən tez-tez danışırlar. Deyilənlərə görə, onun planı aldıra bilmədiyi üçün sərt şəkildə cəzalandırılacağından ehtiyatlandığı açıq hiss olunur. Hətta xəbərdarlıq kimi yozula biləcək müəyyən tədbirlərin artıq görüldüyü də deyilir.

Nurullayevin bugünlərdə AXCP ilə bağlı MTN və DİN-ə müracitəi də onun panik vəziyyəti ilə izah edilir. Bildirlir ki, o, yuvarlandığı quyunun dibindən bu strukturların köməyi ilə çıxmağa çalışır. Amma necə, anlaşılan deyil. Əgər AXCP əleyhinə ona tapşırılan işləri MTN və DİN görəcəkdisə, onda Nurullayevə bu qədər maya nə üçün qoyulurdu? Məgər AXCP əleyhinə bu əməliyyata qərar verənlər dövlətin hüquq-mühafizə və başqa orqanlarının ünvanını bilmirdilərmi?

Sızan məlumatlara görə, Razi Nurullayevin roluna artıq başqasının axtarıldığı onun dəstəsinə də bəllidir. Onun faktiki müavinləri kimi çıxış edən diplomsuz “politoloq”, “konflitoloq” və başqa “loq”lar artıq açıq danışmağa başlayıblar ki, Razi bu işi bacarmadı, başqasını tapmaq lazımdır. Yeri gəlmişkən, Razi Nurullayevi əvəzləmək üçün kimlərlə danışıqlar aparıldığı bizə də bəllidir. Onlardan biri artıq “elçilərə” qəti rədd cavabı verib. Əgər axtarışlar ictimai-siyasi sektorda, illah da AXCP-yə aid edilməsi mümkün çevrələrdə davam edəcəksə, çətin ki, uğurla bitsin. Hər halda ciddiliyini və ləyaqət hissini qoruyan kimsə Razi Nurullayevin rolunu üzərinə götürməz. Əks halda isə bu rolu kimin üzərinə götürməsi nəticə etibarilə heç nəyi dəyişməyəcək. Yeni ortaya çıxan da başqa görkəmdə Razi Nurullayev olacaq.

Bu da Nurullayev dəstəsinin Sumqayıtda təşkil etdiyi şou

 

Siyasət şöbəsi