cemilhesenli

İndi həmin gün gəlib çıxıb

Milli Şuranın sədri, professor Cəmil Həsənli ölkənin valyuta ehtiyatlarının sürətlə əriməsinə münasibət bildirib. Cəmil Həsənlinin Facebook səhifəsindən paylaşdığı yazını təqdim edirik:
 
"Dostlar! Avqust ayının maliyyə itkisi çox bədbin oldu. Hökumət ölkədə normal daxili bazar, iqtisadi mühit, istehsal prosesi yarada bilmədiyindən, təkcə avqust ayında 1,2 milyard itirdi. Pul alveri etməyin axırı belə olmalı idi. Əhali kütləvi şəkildə bankların asılılığına düşüb, banklar isə batır. Ölkəni intihar dalğası bürüyüb. İndi hər gün biz banklara borcunu ödəyə bilməyən vətəndaşların intiharı haqqında məlumatlar alırıq. Bu borclar iş qurmaq, müəssisə açmaq, biznes yaratmaq üçün alınmamışdı. Əksəriyyəti köhnə borclarını bağlamaq üçün təzə borc asılılığına düşürdü. Bəziləri toy etmək, bəziləri hüzür məclisin yola salmaq, üçüncü birisi cərrahiyə əməliyyatı keçirmək, dördüncüsü deputat mandatı almaq, beşincisi birisi vəzifə almaq və ya vəzifəsində qalmaq üçün ağır kredit şərtlərinin altına girirdi.
 
Azərbaycanda banklardan alınan kreditlərin iqtisadi səmərəliliyi sıfıra bərabər idi. Belə hal daimi ola bilməzdi. Bunun bədəli bir gün ödənilməli idi və indi həmin gün gəlib çıxıb. Son illərdə Əliyev rejimini ötkəm edən maliyyə imkanları çökür. Avqust ayının yekunları göstərdi ki, vəziyyətin nəzarətdə saxlamaq üçün hər gün orta hesabla 40 milyon dollar ödəmək lazım gəlir. O qədər də varlı olmayan Azərbaycan kimi ölkələr üçün bu maliyyə intiharına bərabərdir. Bu ilin fevral ayından bəri, maliyyə ehtiyatları yarıdan çox azalıb. Neft böhranı nəticəsində əvvəlki pul axını da elə bu qədər ixtisar olmaqdadır.
 
Çarəsiz bir durum yaranıb. İqtisadi sahəyə inzibati müdaxilə, iş adamlarının kütləvi həbsi yeni qurulmuş müəssisələrin bağlanması, onların iflas etməsi ilə nəticələndi. Sadə vətəndaşlar arasında geniş yayılan intihar dalğası indi işgüzar mühitə ayaq açmaqdadır. Son məlumata görə Qaradağda fəaliyyət göstərən yeni müəssisələrdən birinin maddi məsul şəxsi çarəsizlikdən özünü intihar edib. Bu faktların gizlədilməsinə, məxfi saxlanmasına baxmayaraq, bir-birinin ardınca qapanan müəssisələr çoxlu ailələrin çörəksiz qalmasını qaçılmaz edir. Belə hallar bütövlükdə işgüzar mühitin intiharının simptomları deməkdir. 
 
Xalqı qorxu altında saxlamaq üçün milyardlar xərcləndi, ölkədə polis rejimi yaradıldı. İndi ölkədə idmançı adına harınlamış dəstələr fotorepartyor Rasim Əliyevi qorxu-hürkü bilmədən döyüb öldürə bilir. Mingəçevirdə dövlət adına polis mundirində Bəhruz Hacıyevin cəsədini pəncərədən başıaşağı atmağın da elə bir cəzası yoxdur. Mingəçevir demişkən, bu şəhərdə Bəhruzun ölümünə etiraz edənlər Əliyev rejiminin ümid bəslədiyi qorxu, repressiya, cəza və təqiblərin boşa getdiyini göstərdi.
 
Məlum oldu ki, bu qədər qorxu mühitinin qarşısında xalq öz etiraz haqqın və etiraz hissin itirməyib. Hazırda polis dəyənəyinin sayı ölkədə qalan vətəndaşın sayından çox olsa da, bu dəyənək hesabına sabitlik yaratmaq ümidləri doğrultmadı. Milyardlar hesabına qurulmuş qorxu mühiti Mingəçevirdə tərsinə çevrildi, baş-ayaq oldu. Məlum oldu ki, xalqın etiraz əzmi qorxu hissindən daha güclüdür. Mingəçevirdə baş verənlər rejimin dəyənək siyasətinin intiharı idi. 
 
İntihar demişkən, Xədicəni də intihar dalğasında tutdular. O ölkədə ki, hər gün adamlar intihar edir və bu intiharlara görə heç kəs cəzalandırılmır. Mən bu sətirləri yazanda, televiziyada gedən bir filimdə də intiharın daha asan yollarından bəhs edilirdi. Elə baş tutmayan intihar üstündə Xədicəni tutmaq, özü də film kimi bir şeydir. Sən demə, post-modernizm dövrünün detektivlərində olduğu kimi, Xədicə də Tural adlı keçmiş bir dostunu intihar həddinə gətiribmiş. Xoşbəxtlikdən intihar uğursuz olub və Tural da sağ-salamat gəlib məhkəmədə hakimə dedi ki, mən intihar-zad etməmişəm və Xədicə də məni intihar həddinə gətirməyib.
 
Məhkəmədə aydın oldu ki, vergidən yayınmaq üçün Xədicənin sən demə, maddi məsuliyyəti də yox imiş. Eyni zamanda, elə həmin prosesdə o da aydın oldu ki, bu ölkədə ədalətdən yayınmaq, vergidən yayınmaqdan daha asan bir iş imiş. Nəticədə, əməlləri ilə ədalətin intiharına qərar vermiş ağır cinayətlərin qara mantolu “troykası” heç bir dəlilə söykənmədən, Xədicəyə həbsindən öncə kəsilmiş 7 il yarımlıq hökmü dövlət adından oxudu. Sadəcə olaraq oxudu. Çünki bu prosesdə hakimin rolu elə o hökmü oxumaq qədər idi. Turalı intihara cəhd həddinə çatdırmaq ittihamı ilə mühakimə olunan Xədicə, əslində, prosesdəki son sözü ilə rejimi intihar həddinə çatdırdı, onun yaratdığı qorxu mühitinin, repressiya və təqiblərin, polis dəyənəyinin nə qədər gülməli və mənasız olduğunu ortaya qoydu".