«İki sərxoş, üç-beş çaqqal…»

Davudoğlunun MHP-çi müavini onu ittiham edən partiya yoldaşlarını «topa tutdu»

Türkiyədə yeni hökumətin qurulmasından günlər ötsə də, baş nazir Əhməd Davudoğlunun təklifini qəbul edən MHP sədrinin müavini Tuğrul Türkeş gündəmdən düşmək bilmir. Türkeş MHP-nin qərarına qarşı çıxaraq müvəqqəti seçim hökumətində təmsil olunmağa razılıq vermiş, Davudoğlu da onu özünə müavin təyin etmişdi. Elə bundan sonra da Türkeşin ünvanına tənqidlər yağmağa başlamışdı.

Tuğrul Türkeş ötən həftə söz verdiyi kimi, dünən ittihamlara cavab vermək üçün mətbuat konfransı keçirdi. Baş nazirlik binasında keçirilən toplantıda Türkeş onu tənqid edən partiya yoldaşlarına sərt təpki verdi.

Türkeş əvvəlcə Davudoğlunun təklifini niyə qəbul etdiyinə aydınlıq gətirdi: “Əvvəlcə ölkəm, millətim, sonra partiyam dedim və təklifi qəbul etdim. Terror olaylarına görə ölkəmiz çətin günlərdən keçir. Türkiyənin prioriteti terrora son verilməsi, terrorçuların layiq olduqları cəzanı almasıdır. Müvəqqəti hökumətin də əsas hədəfi budur. Bu hökumət ölkəni 1 noyaör seçkisinə aparmaq və 7 iyunda keçirilən parlament seçkilərini yeniləmək üçün hazırlıq işləri görməlidir. Vətəndaşlarımız seçkidə rahat şəkildə öz iradələrini ifadə etməlidilər”.

Türkeş Davudoğlunun təklifini qəbul etməklə MHP-ni iqtidara gətirdiyini də bildirib: “Siyasi partiyaların məqsədi hakimiyyətə gəlməkdir. Mən baş nazir müavini olmaqla partiyamı iqtidara gətirdim. Bunu kimlər görməməzlikdən gəlir?  Əlbəttə ki, iqtidar olmaq istəməyənlər. Şəxsimə qarşı insafsızca tənqidlər də buna görədir. Məni bu səbəbdən partiyadan atmaq istəyirlər. Mənə hücum edənlərə fikir verin – iki sərxoş, üç-beş çaqqal… Onlara cavab verməyi doğru saymıram. Buradan MHP-çilərə və Dövlət bəyə səslənirəm. Mən MHP üzvüyəm. Seçim hökuməti ilə də olsa, partiyamı iqtidara gətirdim. Buna görə məni heç kim MHP-dən ata bilməz. Partiyadan getməyimə israr etsələr, buna onlar yox, millətçilər qərar verəcək. Bəzi sərxoşlar və çaqqallar məni partiyadan ata bilməz. Sən kimin partiyasından kimi atırsan?!

Dövlət bəydən xahişim var. Partiyanın qurultayını çağırsın. Orada biz MHP-çilərdən soruşaq. Deyək ki, “Tuğrul MHP-çilərə iş, aş, çörək qapısı açır, biz də buna etiraz edirik. Gəlin, qərar verək. Bunu partiyadan qovaqmı, qovmayaqmı”.

Türkeş onu “mirasyeyən” adlandıranlara da cavab verib və bu yolla həm də məlum ifadəni ilk dəfə işlədən MHP sədri Dövlət Baxçalıya mesac göndərmiş olub: “Hər fürsətdə soyadıma görə mənə “mirasyeyən” deyirlər. Miras haqdır və halaldır, istəsəm yeyərəm, istəməsəm yemərəm. Öz işimdir. Sizlər kimin mirasını yeyirsiniz?”. Qeyd edək ki, Baxçalı T.Türkeşi atası Alparslan Türkeşin mirasını yeməkdə ittiham etmişdi.

Baş nazirin müavini AKP-yə keçmə ehtimalı ilə bağlı sualı isə belə cavablandırıb: “AKP-dən mənə belə bir təklif və ya tələb gəlməyib. Mən də hər fürsətdə MHP-çi olduğumu dilə gətirirəm. Baş nazir müavini kimi vəzifəmi də MHP-çi olaraq yerinə yetirirəm. Partiya sədri mənə ehttyac duyarsa və qarşıdakı seçkidə namizədliyimi verməyimi istəyərsə, seçkiyə də MHP-çi kimi gedəcəm”.

Mətbuat konfransından sonra MHP sədri Dövlət Baxçalıdan Türkeşlə bağlı maraqlı açıqlamalar gəlib. Baxçalı bildirib ki, heç kim özünü partiyadan yüksəkdə görməməlidir. Curnalistlərdən birinin “Türkeşi qarşıdakı seçkidə namizəd göstərəcəksinizmi” sualına Baxçalı belə cavab verib: “Çox maraqlanırsız, Trükeşin dostusuz? O mövzu gündəmimizdən düşüb, bizi danışdıra bilməzsiz”.

“Türkeşin gedişi MHP-nin səslərini bölə bilərmi? sualını isə partiya sədri bu cür cavablandırıb: “Bir dağa bir sərçə qonsa, dağ nə qazanar? Bir dağdan bir sərçə uçsa, dağ nə itirər?! Fikrimi çatdıra bildim?!”

Gültəkin