Hakimiyyət mandat almağın «asan» yolunu təklif edir
Qarşıdan parlament seçkiləri gəlir. Amma mövcud hakimyyət yeni “dəyər” yaratdığı üçün, mandat gəzdirmək istəyənlər də yeni “taktika” ya əl atıblar. Bəli, qarşıdan gələn seçkiləri ən yaxşı “qarşılayan”lar satılmışlardı. Yeri gəlmişkən bugünlərdə mətbuata müsahibə vermiş məşhur YAP-çı Eldar Sabiroğlu da təsdiqləmişdi ki, YAP hakimiyyəti əqidəsini satanları, mənliyini itirənləri yüksək qiymətləndirir.
Deməli, seçkilər yaxınlaşdıqca namizəd olmaq istəyən xeyli adam öz platformasına Əli Kərimlini mütləq əlavə edir. Qəzet redaktorları, köhnə deputatlar, aparıcılar, vaxtilə səngərini qoyub qaçanlar, müxalifət donu altında hökumətə beyət edənlər və digərləri AXCP-ni hədəf seçiblər. Bu adamlar bilirlər ki, hökumətin xoşuna gəlmək üçün, sədaqət nümunəsi göstərmək üçün mütləq Əli Kərimlini ləkələmək, “Azadlıq” qəzetinə hücum etmək, AXCP-nin perspektivsiz olduğunu əsaslandırmaq lazımdı.
Məsələ burasındadır ki, mandat almaq seçicinin səsindən yox, hökumətin siyahısından keçir. Hökumətimiz isə yaltaqlara, dönüklərə, böhtançılara həmişə yal atıb. Xüsusilə son dövrlər bir neçə satılmışın mükafatlandırılması, bütün naqis vücudları hərəkətə gətirib. Bu adamcığazların adlarını bir-bir yazıb, səhifəni doldurmaq istəmirik. Zatən bu adamların “həyat və yaradıcılığı”na nəzər salanda, fəaliyyətlərinin böyük hissəsinin Əli Kərimliyə həsr edildiyini görmək mümkündü. Ölkədə kifayət qədər problem var, bu adamlar deputat seçilmək istəyir və karyera pilləkəni kimi Əli Kərimlini təhqir və tənqid etmək tələb olunur.
Hakimiyyət o qədər iyrənc mənzərə yaradıb ki, yüksəlmək üçün mütləq alçalmalısan. Yoxsa, o yüksəklikdə “duman”a düşə bilərsən. Əslində bu mənzərə hakimiyyətin nə qədər cılız təfəkkürə malik olduğunu, alternativlərdən nə əqədər qorxduğunu və mənəvi dəyərlərdən məhrumluğunu ortaya çıxarır. Artıq bu ölkədə insan dəyəri də pulla ifadə olunur. Bu gün deputat olmaq üçün Əli Kərimliyə çamur atan adamlar, əslində mənliyini satışa çıxarmış adamlardı. Faciə burasındadır ki, özünü satmış adamlar millətə vəkillik etmək səlahiyyəti əldə edə bilirlər.
Parlament seçkiləri hər bir ölkənin taleyində önəmli hadisədir. Insanlar onların səsini eşidəcək, problemlərini həll edə biləcək şəxsi seçmək istəyirlər. Azərbaycanda isə ən yaxşı şər platformasına sahib olanların, mandat almaq ehtimalı daha böyükdür. Bir anlıq bu canfəşanlıq edənlərin, Əli Kərimlini hədəf seçənlərin cəmiyyətdəki yerinə nəzər salın. Bu adamlardan hansının nüfuzu var? Bugünə qədər kiminsə bu buqələmunlarla şəkil çəkdirmək istədiyini, bunlardan avtoqraf almağa can atdığını, bunlara qarşı rəğbətini gördünüzmü? Bəli, cəmiyyətin iyrəndiyi adamlar, hakimiyyətin dəyər verdiyi adamlardı.
Amma bu bədbəxtlər başa düşmür ki, istifadə müddətləri bitindən sonra lazımsız əşya kimi zibil vedrəsinə atılacaqlar.
Istənilən halda Əli Kərimlinin sayəsində cibini doldurmaq istəyənlərin sayı artır. Məsələn, hökumətin “Razi əməliyyatı” nə qədər adama pul qismət edib. Indi AXCP-dən istefa vermək də pul gətirir.
Bütün məqamlarda sübut olunur ki, prinsiplərə sadiqlik, ləyaəqtli mübarizə, əqidədən dönməmək alternativi olmayan dəyərdi. Bu dəyər səni sevməyənlərə də ruzi bəxş edir.
Hökumət şəxsiyyət defisiti yaşayanlara asan imtahan təklif edir. Ictimaiyyət arasında nüfuzun, savadın, dövlətə xidmətin olmaya bilər. Sadəcə olaraq platformanı şər-böhtan üzərində qur və mandatlılar siyahısına düş.
Amma yerlər məhduddur. Yəqin ki, özünü satışa çıxaranların hamısı ənam ala bilməyəcək. Ona görə də daha rəngarəng iyrəncliklər fikirləşmək lazımdı.
Akif