Məhkəmə-Hüquq Şurası belə hakimlərin mövcudluğunu etiraf etsə də, onlara yalnız töhmət verməklə kifayətlənir
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Toplantının nəticələri barədə yayılan məlumatda bildirilir ki, bəzi kadr və digər təşkilati məsələlərə baxılıb.
Iclasda səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılıb, onların işinin yerində öyrənilməsi nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı müzakirə olunub. Aparılmış qiymətləndirmə nəticələri üzrə həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib.
“Həmçinin iclasda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb”, – deyə məlumatda qeyd olunur.
Maraqlıdır, Məhkəmə-Hüquq Şurası “korrupsiyaya şərait yaradan hallara” yol vermiş hakimləri hələ də məhkəmə sistemində niyə saxlayır? “Korrupsiyaya şərait yaradan hal” o deməkdir ki, korrupsiya baş verib, adları çəkilən hakimlər də buna şərait yaradıb. Başqa sözlə, bu məsələdə onların da əli olub.
Azərbaycan məhkəmələri indiyədək onlarla adamı korrupsiya ittihamı ilə heç yetərincə sübut-dəlil olmadan uzunmüddətli həbs cəzasına məhkum edib. Bəs korrupsiyaya şərait yaradan hakimlərə niyə güzəşt edilir? Onlar nəinki həbs edilmir, hətta vəzifədən də çıxarılmır, yalnız töhmətlə cəzalandırılır.
Korrupsiyada əli olduğu Məhkəmə-Hüquq Şurası səviyyəsində təsdiqlənən adamlara başqalarının taleyini həll etmək vəzifəsinin həvalə olunması hallarına yəqin ki, yalnız Azərbaycanın məhkəmə-hüquq təcrübəsində rast gəlmək olar.