Körpələri ölən dünya

seadet

Səadət Cahangirin poeziyasından

Körpələri qurbanlıq dünyanın,
dünyalığı batsın,
çarxı sınsın,

körpələri udan dənizlərin
boğazı qurusun,
körpüləri yansın,

körpələrə qatil böyüklərin
adamlığı gözünə dursun,
cəllad bütlərinin üzünü
mürdəşir yusun,

sən ey ar damarı
çatlamış dünya,
İsrafilin suruna qamış dünya,
üzümüzdə
nə çox qara qoymusan,
bir son ver,
özünü hara qoymusan?

hara qoymusan
pozuq tərəzində
yaxşını, pisi?
bu qədər günahla,
orda, son keçiddə
üstündən buraxma bizi,
sən ey Sırat körpüsü…

illustrasiya1