Büdcə rejimi

İlham Əliyev onun təsdiqini sürətləndirilmiş rejimdə və ən qısa müddətdə həyata keçirməyə çalışacaq

Son illər ərzində ilk dəfə hökumətin 2016-cı il büdcəsini müzakirə və təsdiqləyən iclası ölkə prezidentinin iştirakı olmadan keçirilib. Iclası qeyri-ənənəvi rejimdə baş nazir Artur Rasizadə keçirib. Iclas özü və nazirlərin görüşündən sonra prezidentə göndərilmiş büdcənin ilkin parametrləri gizli saxlanıb. Bu da qeyri-adi haldır.

Prezident Ilham Əliyev Nazirlər Kabinetinin iclası ərəfəsində iki həftəlik xarici məzuniyyətdən qayıdıb. Bu məzuniyyətdə onun cari təhlükələri və təmayülləri təhlil etmək üçün kifayət qədər imkanı olub və ənənəvi olaraq uğurlu siyasətin piarı kimi istifadə olunan iclasda onun iştirak etməməsi vəziyyətin o qədər də yaxşı olmadığını göstərir.

Demək olmaz ki, Əliyev ssenarinin bu cür inkişafına hazır deyildi, amma istisna deyil ki, Azərbaycanın uğurlu neft inkişafı illəri psixoloji cəhətdən böhranın sürətlənməsi ehtimalını dərk etməyə imkan vermirdi. Onun hərəkətləri və bəyanatları göstərir ki, o, uzun müddət Azərbaycanın birtərəfli iqtisadi modelinin xilasedicisi rolunu oynayan neft qiymətlərinin düşməsinin qısamüddətli olduğuna ümid edirdi.

Hələ bir il əvvəl o, əmin idi ki, sərhədləri boyunca hökm sürən böhran qasırğası ölkədən yan keçəcək, onun zənnincə, ölkəni sabitlik adasına çevirəcək. Bu ilin əvvəllərində qarşıda duran “sınaq ili” haqqında ötəri bəhs edən prezident yenə də milli valyutanın sabitliyinə əminlik hiss etdirirdi və yanvarın 10-da hökumətin iclasında xarici investorlara təxminən bir ay sonra dəyərdən düşən manata investisiya qoymağı təklif edirdi. Yanvarın 27-də, Ümumdünya Davos Forumuna qısaldılmış səfərdən sonra isə hökumətin iclasında prezident emosional şəkildə nazirlərə milli iqtisadiyyatın sabitliyinə gələn təhlükə haqqında xəbərdarlıq etmişdi. Iyulda neft qiymətlərinin artması nəzərdə tutularkən, Əliyev yenə vəziyyətə nəzarətdən əminlik nümayiş etdirib.

Çin bazarında son sarsıntılar, neft qiymətlərinin növbəti dəfə kəskin enməsi hətta ən islahedilməz nikbinlərdə belə bədbin proqnozlara şübhə qoymur. Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatında artan risklər barədə xəbərdarlıq edib. Sentyabrın 3-də Ankarada açılmış “böyük iyirmilik” ölkələrinin maliyyə nazirlərinin konfransı üçün hazırlanmış məruzədə ekspertlər Çində iqtisadi inkişafın zəifləməsinə və valyuta bazarlarındakı dəyişikliklərə diqqət çəkiblər. BVF ən böyük təhlükəni dolların kursunun artmasında, xammal və enerji daşıyıcılarının qiymətlərinin azalmasında, habelə keçid iqtisadiyyatı olan ölkələrin valyutalarının məzənnəsinin düşməsində görür ki, Azərbaycan da bu ölkələrə aiddir.

Baş nazir Artur Rasizadə sentyabrın 2-də iclasdan bir gün sonra Nazirlər Kabinetinin 295 nömrəli qərarını imzalayıb. Qərara əsasən, 2016-cı il və növbəti üç il üçün dövlət büdcəsi və sərbəst büdcənin layihəsi, həmçinin 2016-cı il və növbəti üç il üçün sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəriciləri prezidentə təqdim edilib. Bu, hökumətin Dünya Bankının 2020-ci ilə qədər Azərbaycanla tərəfdaşlıq üzrə çərçivə sənədində yer alan tövsiyələrinə əsaslanan antiböhran büdcəsi hazırladığını göstərir. Məlum olduğu kimi, sənəd əsasən sabitliyin və iqtisadiyyatın nisbi inkişafının dəstəklənməsinə, biznes mühitinin yaxşılaşmasına hesablanıb. Bu, orta sinfin 4%-dən 29%-ə qədər böyüməsində özünü göstərir.

Hələlik büdcənin konturları və göstəriciləri açıqlanmayıb, amma büdcə üçün əsas maliyyə mənbəyi olan, azalmaqda olan neft gəlirlərindən irəli gələrək, ehtimal etmək olar ki, böhran şəraitində büdcənin xərclər hissəsi sosial və infrastruktura daha az yönəlmiş ola bilər.

Büdcəni noyabrın 1-nə, yəni parlament seçkilərinə qədər hazırkı çağırış deputatların təsdiqləməsi gözlənilir. Büdcənin azaldılmış olduğunu nəzərə alaraq, Ilham Əliyev onun təsdiqini sürətləndirilmiş rejimdə və ən qısa müddətdə həyata keçirməyə çalışacaq. Buna görə 2016-cı il büdcəsinin parlament müzakirəsini ən tez oktyabrda gözləmək olar, özü də bir, iki, üç say deməklə – reqlament oxunuşlarının sayı qədər.

“Turan” Analitik Xidməti