“Mən haqqında yazdığım korrupsionerlərdən daha zənginəm”

Xədicə İsmayıl barəsində çıxarılmış hökmə münasibət bildirdi

Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıl 7 il yarım azadlıqdan məhrum edilməsi barədə məhkəmənin hökmü ilə bağlı fikirlərini bölüşüb. Jurnalistin hökmə münasibəti onun “facebook” səhifəsində yayımlanıb. Xədicə Ismayıl bildirir ki, idealları üçün həbsxana həyatı yaşamasına heyfslənmir:

“Mənim məhkəmə hökmünə bir sözlə reaksiyamı soruşsalar – ”Dəyər!"

Mən həqiqət üçün həbsdəyəm, insanların azad və firavan yaşamaq, həqiqəti bilmək haqqı bundan qat-qat artığına dəyər.

7 il yarım nədir ki? Məni qorxutmur. Siz də qorxmayın. Mən haqqında yazdığım korrupsionerlərdən daha zənginəm. Çünki uğrunda canımı belə əsirgəməyəcəyim dəyərlərim var".

Xatırladaq ki, Xədicə Ismayıl ötən ilin dekabrında həbs olunub. Bu il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun 7 il yarım azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılıb.