Əli Kərimli: “Kəmərlərinizi bağlayın, əziz vətəndaşlar, avtopilotla idarə olunan ölkəmiz çox təəssüf ki, sosial-siyasi uçuruma yaxınlaşır”
AXCP sədri Əli Kərimli Mərkəzi Bankın rezervlərinin avqust ayında daha 1.2 milyard dollar azalmasına münasibət bildirib. O, facebook səhifəsində yazıb:
“Mənə nə?” deyib keçməyin. Hamımıza dəxli var bu söhbətin. Yalnız avqust ayı ərzində ölkənin valyuta ehtiyatları daha 1.2 milyard dollar (14 faiz) azaldı. Son bir ildə Mərkəzi Bankın ehtiyatlarının 8 milyardı gedib. İndi ehtiyatda 7.3 milyard dollar pul qalır. Neft Fondu da aydan-aya əriyir. Xarici borclar isə artır. Büdcə gəlirləri dramatik şəkildə azalır. Ən optimist proqnozlara görə, bu il büdcə gəlirləri nəzərdə tutulduğundan 4 milyard manat az olacaq. Amma bu rəqəm də büdcə gəlirlərinin hansı həddə azaldığını dəqiq ifadə etmir. Çünki bu il büdcəyə toplanması gözlənilən manat əvvəlki illərdəki manatdan deyil, 34 faiz ucuzlaşdırılmış manatdır. Dollarla ifadədə isə bu il gözlənilən büdcə gəlirləri məsələn, 2013-cü ilin büdcə gəlirlərindən 10 milyard dollar az olacaq.
Və bütün bunlar o deməkdir ki, manatın yeni devalvasiyası qaçılmaz olacaq, büdcə xərcləri, dövlət investisiyaları azalacaq, iş yerləri kütləvi şəkildə bağlanacaq, qiymətlər elə artacaq ki, bir azdan indiki qiymətlərə şükr edəcəyik, cəmiyyətdə sosial gərginlik ciddi şəkildə artacaq. Bütün bu ağır nəticələrdən isə qaçmaq olardı. Rezervləri tükəndirmədən iqtisadi islahatlara başlamaq lazım idi. Hələ də gec deyil, amma bir azdan gec ola bilər.
Ölkədə xalq tərəfindən seçilmiş, xalqa canı yanan, iş bacaran, məsuliyyətli bir hökumət olmadığına görə bu qorxulu tendensiyanı durdurmaq üçün heç bir tədbir görülmür. Ölkədə aparılan ən ciddi islahat isə belə görünür ki, rüşvətxorluqları ilə ad çıxarmış icra başçılarının bir rayondan başqa rayona keçirilməsi imiş.
Kəmərlərinizi bağlayın, əziz vətəndaşlar, avtopilotla idarə olunan ölkəmiz çox təəssüf ki, sosial-siyasi uçuruma yaxınlaşır.