Yaxud «Razi əməliyyatı» hazırlayanların «əməliyyat stolu»nda qalan YAP
Həqiqətən də dövlət bazar təfəkkürlü adamların əlinə keçəndə faciələr bir-birini əvəz edir. Azərbaycanın son 22 illik dövrü dövlətçilik təfəkkürü olmayan, ölkəyə bahalı obyekt kimi baxanların nəzarətində olub və bu gün də bu nəzarət davam edir.
Demək olar, bütün sahələrdə korrupsiya zirvəsi yaranıb, insana dəyər verilmir, bütün dəyərlər məhv edilib. Ölkəni idarə etməli olan, dövlətin imicini qorumaq məsuliyyəti daşıyan adamlar şər-böhtanla məşğuldur. Ölkə fəlakətə yuvarlanır, vətəndaş ehtiyac içindədir, torpaq düşmən tapdağındadı. Hakimiyyət isə vicdanlı insanları ləkələməyin yollarını axtarır. Son günlər isə bir neçə satqının üzərində yeni ssenari qurublar. Amma o qədər dayaz düşüncəli, o qədər məntiqdən uzaq düşmüş adamlardılar ki, öz planlarına uyğun hərəkt etməyi belə bacarmırlar. Hökumət mətbuatı, rejim əlaltıları AXCP-yə alternativ düzəltmək istədikləri “Razi əməliyyatı”nın təbliğatını aparırlar. Tutaq ki, Razi Nurullayev həqiqətən də sağlam müxalifət partiyası yaratmaq istəyir və AXCP-ni yenidən formalaşdırmaq missiyası götürüb. Nə vaxtdan “Yeni Azərbaycan”, “Azərbaycan”, “Yeni Müsavat” kimi hökumətin sözçülyünü edən qəzetlər AXCP-nin təəssübkeşi olub? Bu gün hardan çıxdı ki, YAP hakimiyyəti AXCP-ni gücləndirmək, sıralarını genişləndirmək istəyir? Göründüyü kimi, hakimiyyət özünün ssenarisini özü ifşa edir. Əslində, hakimiyyət “Razi əməliyyatı”ndan narahat olduğu görüntüsünü yaratmalıydı. Gecə-gündüz AXCP-ni böhtan yağışına tutan qəzetlər “yeni AXCP”ni tənqid etməliydi, Rauf Arifoğlu AXCP-dən guya istefa verənləri başqa partiyalara transfer etməliydi və s. Amma hakimiyyət “Razi əməliyyatı”na dəstək verməklə külli miqdarda pul hesabına qurduğu planı ifşa etdi. Üstəlik, bəzi cəbhəçilər Razini tamam ifşa etdilər və ondan pul alıb pərt vəziyyətə saldılar. Məlum oldu ki, hakimiyyət külli miqdarda pul vasitəsilə AXCP-dən isteflara nail olmaq istəyir. Amma pul da köməyə gəlmədi və Avropa Oyunlarının məşəlçisini, KXCP üzvünü, 5-10 ilə əvvəl cəbhədən qovulmuşları AXCP üzvü kimi təqdim etmək məcburiyyətində qaldılar. Hakimiyyət həm də etiraf etmiş oldu ki, ölkə vətəndaşını 5 manata möhtac vəziyyətə salıblar və insanlar 5 manat qarşılığında 15 dəqiqəlik “cəbhəçi” olmağa razılıq verir.
Bəli, biz belə bir hakimiyyətin idarəetməsində yaşayırıq. Belə cılız, uşaq təfəkkürü ilə AXCP-ni dağıtmaq istəyirlər. Təbii ki, bu proses AXCP-nin monolitliyini və hakimiyyətin bu fenomen qarşısında aciz qaldığını göstərdi.
Amma bu yazının əsas məqsədi başqadı. “AXCP dağılır”, “AXCP-də diktatorluq hökm sürür” təbliğatını yayanlar, Razi cəbhəsinə adam toplayanlar öz partiyalarının qeydinə qalsalar, daha məntiqli görünər. YAP-ın tarixi haqqında çox yazmışıq. Bu partiyanı yaradanların qapı arxasında qoyulduğunu da qələmə almışıq. Sirus Təbrizlinin dedikləri, Əli Insanovun məhkəmə zalından söylədikləri, Ziya Bünyadova, Rəfael Allahverdiyevə, Əli Əlirzayevə münasibət aydındı. Bugünlərdə isə YAP-ın məşhur simalarından biri, 91-lərin üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu hakimiyyətə “tərs şillə” vurdu: “Yeni Azərbaycan Partiyasında şəxsi təşəbbüslə çıxış etməyin yaxşı nəticəsi olmur. Rəhbərliyin icazəsi və razılığı mütləqdir. Bunu nəzərə alaraq namizədliyimi verməkdən imtina etdim. Çünki təşəbbüsüm özümü çətin vəziyyətə sala bilər. Bunu gizlətməyimin bir mənası yoxdur. Kimlərinsə adlarını çəkmək mənə xeyir gətirməz. Üstümə şığıyarlar. Bunu etiraf edirəm. Bəzi ”sədaqət” sahibləri xoşlamadıqları adamı ləkələməkdə ustadırlar. 2-3 belə “usta” özlərinə sərf edən iformasiya ilə hədəf götürdükləri adamın belini elə qırırlar ki, bir də özünü düzəltməsi mümkün deyil. Indi onlar elmi də, poeziyanı da, digər sahələri də monopoliyaya alıblar. Vəzifə ailəvi alimlər yetişdirir. Ər və arvad, oğul və qız hamısı elmin korifeyinə dönüb. Hələ elə “düha” var ki, ayda 3-4 kitab ortaya qoyur. Xidmət barədə isə danışmaq təhlükəlidir. Adamın gözünü çıxararlar. Xeyirlisi o ola bilərdi ki, gərək əvvəldən müxalifətdə olub, sonra iqtidar tərəfə keçəydim. Onları sadiq adam kimi tanıyıb dəyərləndirirlər. Bu şansı əldən versəm də, heyfislənmirəm”- deyə Eldar Sabiroğlu bildirir.
AXCP-dən “xoxan” düzəltmək istəyənlər, əvvəlcə YAP haqqında deyilənlərə baxsın. Bu adam etiraf edir ki, YAP hakimiyyəti satılmışları, xəyanətkarları qiymətləndirir. Etiraf edir ki, insanları ləkələmək bu hakimiyyətin ən sevdiyi məşğuliyyətdi. Etiraf edir ki, hakimiyyətdə təmsil olunanlar bütün sahələri monopoliyaya alıb. Etiraf edir ki, YAP-da heç bir şəxsi təşəbbüs ola bilməz.
Indi belə bir mənfi reputasiyalı partiyanın rəhbərləri AXCP-yə qarşı ittiham irəli sürürlər. “Razi əməliyyatı” ilə özünüzü biabır etməkdənsə, yaxşı bir əməliyyat hazırlayıb YAP-ın eyiblərini örtün.
YAP-ın necə bir epidemiya olmasını təkcə müxalifət söyləmir, partiyanın rəhbərliyində təmsil olunanlar da etiraf edir.
Akif