vp-qazet

«İlham Əliyev ölkəni Avrasiyanın ən sərt polis dövlətlərindən birinə çevirib»

“The Washington Post”: «Qərb dözümlü yanaşmasa, Azərbaycandakı repressiya maşını çökəcək»

“The Washington Post”da araşdırmaçı jurnalist Xədicə Ismayılova barəsində çıxarılmış hökm fonunda Azərbaycandakı repressiyalardan bəhs edən redaksiya məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın sərt polis dövlətinə çevrilməsinə imkan yaratdıqlarına görə ABŞ və digər Qərb dövlətləri ittiham olunub. “Azərbaycanlı jurnalist biabırçı məhkəmənin nəticəsi olaraq 7 il 6 ay azadlıqdan məhrum edildi” başlığıyla yayımlanan məqalənin tərcüməsini təqdim edirik:

***

Azərbaycan prezidenti Ilham Əliyev son illərdə təxminən 100-ə qədər jurnalist, hüquq müdafiəçisi, dindar və müxalifət fəalını həbsxanaya saldıraraq, ölkədəki rejimi yumşaq avtoritarizmdən Avrasiyanın ən sərt polis dövlətlərindən birinə çevirib. Bu ölkədə hakimiyyət bir neçə nəfəri gizli şəkildə çəkərək, onu biabır eləmək üçün intim görüntülərini özünə göndərib və ardınca da yayıb ki, bunlardan biri də Xədicə Ismayılovadır.

Xanım Ismayılova Xəzər dənizinin sahilində yerləşən neftlə zəngin Azərbaycanda artıq adi hala çevrilmiş siyasi motivli biabırçı məhkəmə proseslərindən daha birinin nəticəsi olaraq, bu həftənin çərşənbə axşamı 7 il 6 ay azadlıqdan məhrum edildi. Onun cinayəti isə Əliyev və ailəsinin dövlətin hesabına necə varlandığı barədə sərt araşdırma yazılarıdır. Bazar ertəsi Xədicə son zərbəsini endirdi: özünə qarşı ittihamları darmadağın elədi.

39 yaşlı jurnalist məhkəmədə son sözündə bildirdi ki, ona qarşı irəli sürülmüş ittihamlar onun öz yazılarında cənab Əliyev və onun ailəsinə qarşı ittihamlarına bənzəyir: qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə. Xədicənin sözlərinə görə, fərq bundadır ki, onun ittihamları konkret faktlar, şahidlər və sənədlərlə mökhəmlənir. Amma ona qarşı ittihamlar yalnız saxta bəyanatlara, asanlıqla təkzib olunan çürük iddialara əsaslanır. Məhkəmədə heç bir şahid onun əleyhinə ifadə verməyib.

“Mən sübutetmə işində bədnam prokurorluq əməkdaşlarından daha uğurluyam”, – deyə Ismayılova bildirərək, 2012-ci ildəki araşdırmalarından biri olan Əliyevlər ailəsinin qızıl yataqlarına sahiblənməsi barədə danışıb.

“Prokurorluq, böhtanı da düz-əməlli hazırlaya bilməyib”, – deyə Ismayılova qeyd edib.

Baxmayaraq ki, Xədicəyə son sözünün mətnini tam oxumağa imkan verilməyib, xanım Ismayılovanın bu cəsur çıxışı ölkəsinin demokratik inkişafı üçün çalışan azərbaycanlılar üçün ilham mənbəyi olacaq.

“Mən sınmayacağam. Bəli, mən həbsdə ola bilərəm, amma əsas odur ki, iş davam edir.

Düşünürəm ki, repressiya maşını çökmək üzrədir. Əlbəttə, bunu neft bazarındakı çöküşün nəticəsi kimi də qiymətləndirə bilərik, amma başqa səbəblər də var. Səbəbin biri də bizik!", – deyə Ismayılova vurğulayıb.

Əgər Birləşmiş Ştatlar və Qərbin digər demokratik dövlətləri Azərbaycandakı neft-qazı və Rusiyadan asılılığın azaldılması baxımından onun əhəmiyyətini nəzərə almayaraq, cənab Əliyevin bu cür hərəkətlərinə dözümlü yanaşmasalar, jurnalistin proqnozu güman ki, özünü doğruldacaq.

Inanılmazdır ki, Azərbaycan hələ də demokratiya, insan haqları və qanunun aliliyini rəhbər tutan Avropa Şurasının üzvü olaraq qalır. Cənab Əliyevə bu yay keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi etmək imkanı verildi.

ABŞ Dövlət Departamenti xanım Ismayılovanın barəsindəki hökmdən narahatlığını ifadə etsə də, onu pisləmədi. Departament yalnız onun azadlığa buraxılmasına çağırış etməklə kifayətləndi, amma cənab Əliyev və ya bu işlərdə əli olan vəzifəli şəxslər üçün ciddi mənfi nəticələri olacağına işarə etmədi. Onlar cəzalanmalıdır.