Hakimiyyət niyə seçki müşahidəsini əngəlləyir?

Fuad Qəhrəmanlı: «Seçkidə beynəlxalq müşahidəçilərin sayı az olsa, hakimiyyət iddia edə bilər ki, ATƏT-in rəyi bütövlükdə seçki prosesinin gedişini ifadə edə bilməz»

ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli müşahidəçi, 350 isə qısamüddətli müşahidəçi göndərmək istəsə də, hakimiyyət buna müqavimət göstərir. Qısamüddətli müşahidəçilər seçki gününü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcək. Hakimiyyət 131 müşahidəçini qəbul edə biləcəyini söyləyib. Halbuki bir müddət əvvəl hakimiyyət özü beynəlxalq təşkilatlara müraciətlə seçkiləri izləməyə dəvət etmişdi. Həmin dövrdə hakimiyyət seçkilərin heç bir nüfuzlu beynəlxalq təşkilat tərəfindən izlənməyəcəyindən narahat idi.

Amma görünən odur ki, ATƏT və Avropa Şurası bu məsələdə fərqli mövqe tutmağa üstünlük verdi. Beynəlxalq təşkilatlar hakimiyyətin əlindən “seçkini izləyə bilməyən beynəlxalq təşkilat onun barəsində rəy verə bilməz” bəhanəsini almış olacaq. Seçkini izləmək beynəlxalq təşkilatlara proses barədə ətraflı məlumat almağa imkan verəcək.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, hakimiyyətin ATƏT-in seçkidə 380 müşahidəçi ilə təmsil olunmasına etiraz etməsi onu göstərir ki, iqtidarın seçkiləri müşahidə etməsi üçün ATƏT-ə etdiyi müraciət səmimi deyildi. Hakimiyyətin müşahidəçilərin sayını azaltmağa çalışmasının maraq doğurduğunu deyən F.Qəhrəmanlının sözlərinə görə, ATƏT-in parlament seçkisi öncəsi hazırladığı hesabat onu göstərir ki, bu təşkilat seçkilərin nəticəsinə obyektiv yanaşacaq: “Bu cür mövqe isə hakimiyyəti ciddi şəkildə narahat edir. ATƏT seçki öncəsi vəziyyətin qeyri-demokratik olmasını sənəddə birmənalı şəkildə vurğulayıb. Bir halda ki, ATƏT belə bir addım atıb, deməli, təşkilat seçkiyə də obyektiv qiymət verəcək. Çox böyük ehtimalla ATƏT-in mövqeyi seçkinin nəticələrinin legitim sayılmaması formasında ifadə olunacaq. Ona görə də ATƏT-in verəcəyi rəyi qabaqcadan şübhə altına almaq üçün belə bir addım atılır. Bir var ATƏT-in müşahidə missiyasının təkibi geniş olsun, seçki məntəqələrini daha çox əhatə etsin və nəticədə kəmiyyət baxımından məlumatlar daha çox olsun. Çox məlumat əsasında çıxarılmış nəticə daha çox inandırıcıdır və seçkinin obyektiv mənzərəsini yaratmağa imkan verir”.

F.Qəhrəmanlının sözlərinə görə, seçkidə beynəlxalq müşahidəçilərin sayının az olacağı təqdirdə, hakimiyyət iddia edə bilər ki, ATƏT məhdud sayda dairələrdə təmsil olunduğu üçün bu təşkilatın rəyi bütövlükdə seçki prosesinin gedişini ifadə etməyə yetmir. Hakimiyyətin məqsədinin məhz bu olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, bu baxımdan Azərbaycan hakimiyyəti xüsusili olaraq müşahidəçilərin sayını azaltmağa çalışır: "O zaman belə bir sual yaranır. Əgər hakimiyyət altı min idmançını, onların üç minlik məşqçi heyətini Bakıda qəbul etməyə imkan tapırsa, 380 ATƏT müşahidəçisini niyə qəbul etmir? Hakimiyyətin bu mövqeyini əsaslandırmaq üçün texniki və siyasi bəhanəsi yoxdur".

Xəyal