ATƏT hakimiyyəti fakt qarşısında qoydu

Avropa Oyunlarında 6000 idmançını qəbul edənlər seçkidə 380 müşahidəçini niyə qəbul edə bilmir?

Həqiqətən də YAP hakimiyyəti başını itirib. Sözləri ilə əməlləri heç bir halda uyğunlaşmır. Bu hakimiyyət yalnız oğurlamağı, haqqını tələb edənləri şərləyərək həbs etməyi, ağ yalan danışmağı bacarır. Dövlət idarəetməsi, uzaqgörən siyasət, hakimiyət məsuliyyətini hiss etmək bunlara yad olan məqamlardı. Bu “həftəbecər” siyasi təfəkkürlə YAP seçkiyə gedir. Bəli, 2 aydan sonra parlament seçkiləri olacaq və dünyanın diqqəti Azərbyacana yönələcək.

Indi YAP təmsilçiləri, MSK səlahiyyətliləri seçkilərin şəffaf keçəcəyini, müşahidəçilərə yüksək şərait yaradılacağını bəyan edirlər. Amma ilk cəhd kifayət etdi ki, hakimiyyət növbəti özünüifşaya əl atsın. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərinə çoxlu sayda müşahidəçi göndərmək istəyi rəsmi Bakını təşvişə salıb. ATƏT bu seçkilərdə 380 müşahidəçi ilə təmsil olunmaq istəyir. Bunlardan 30-u daimi, 350-si isə müvəqqəti müşahidəçilik missiyasını daşıyacaq. Dünənə qədər şəffaf seçkidən danışan hökumət isə ATƏT-in bu planından narahat olub. Onu da qeyd edək ki, ATƏT DTIHB-in bugünlərdə yayılan ilk hesabatında Azərbaycandakı seçkiqabağı durum mənfi qiymətləndirilib və hakimiyyətə qarşı tənqidlər yer alıb. Indi Azərbaycan hakimiyyəti bəyan edir ki, 6 uzunmüddətli, 125 qısamüddətli müşahidəçini qəbul etməyə hazırdı. Ancaq MSK sədri Məzahir Pənahov istənilən sayda müşahidəçiyə xüsusi kabinetlər verməyə hazır olduqlarını da bildirmişdi. Qısası, Azərbaycan hakimiyyəti ATƏT-in 380 nəfərlik müşahidəçisinin yalnız 131 nəfərini qəbul etmək istəyir.

Indi sual meydana çıxır. Hakimiyyət şəffaf seçki keçirmək istəyirsə, niyə müşahidəçilərin sayının çoxluğundan qorxur? Necə olur ki, Avropa Oyunları zamanı 6000 idmançı və 3000 müşahidəçini qəbul edən hökumət, indi 380 nəfəri qəbul etməyə çətinlik çəkir?

Əvvəla, YAP hakimiyyəti dövründə bütün seçkilər saxtalaşdırılıb və bu hakimiyyətin şəffaf seçki keçirmək vərdişi yoxdur. Ikincisi, hakimiyyət bu qədər saxtakarlıqdan sonra da müxalifət təmsilçilərinin qalib gəldiyini dəfələrlə görüb. Üçüncüsü isə Azərbaycan vətəndaşlarının seçkiyə inamı ölüb və buna görə də səsvermə hüququ olan vətəndaşların çox az hissəsi səsvermə məntəqələrinə gəlir.

Yəni hakimiyyət yaratdığı “imarət”dən xəbərdar olduğu üçün ATƏT-in müşahidə missiyasının sayını azaltmaq istəyir. Başqa bir mühüm məqam isə real müxalifət qüvvələrinin seçkidə iştirak etməməsidir.

Məsələn, ötən prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənli əksər məntəqələrdə qalib gəldi. Hətta hakimiyyətin muzdlu səsverənləri də bağlı pərdələr arxasında Cəmil Həsənliyə səs verdi. Müqayisə onu göstərir ki, Milli Şuranın seçkiyə güetməyəcəyi təqdirdə seçki ab-havası, ümumiyyətlə, hiss olunmayacaq və bələdiyyə seçkilərinin təkrarı baş verəcək.

Deməli, hakimiyyət bu seçkidə daha çox “əziyyət” çəkməli olacaq. Yəni seçicilərin səsvermədə fəal iştirak etdiyi görüntüsünü yaratmaq üçün “karusel”dən geniş istifadə olunacaq, seçki qutularına “əl gəzdiriləcək” və s.

Bütün bunları nəzərə alan YAP hakimiyyəti daha az xarici müşahidəçi ilə prosesi yola vermək istəyir. Qeyd edək ki, 2013-cü ilin prezident seçkilərində ATƏT-in 210 müşahidəçisi iştirak edirdi və nəticə “58 faiz və ya çox pis” kimi qiymətləndirildi. Faktiki olaraq Ilham Əliyevin legitimliyi şübhə altına alındı və seçkilərin saxtlaşdırıldığı qənaəti formalaşdı. Ötən seçkidən ağzı yanan hökumətimiz  əvvəlkindən 170 nəfər artıq müşahidəçinin təmsil olunmasını  “70-80 faiz pis və ya çox pis” nəticə ortaya çıxaracağından qorxur.

Bir sözlə, hakimiyyət ATƏT-in 380 nəfərlik müşahidəçi heyətinə “yox2 deməklə, seçkini saxtlaşdıracağını və seçki ab-havasının olmayacağını etiraf etdi. Saxtakarlıq etməyəcəyinə əmin olan hökumət nəinki 380, 3800 müşahiədçini qəbul etməyə də hazır olardı.

İlham