
"Son həftələr Aərbaycan tarixinin ən utancverici səhifələri yazılmaqdadır. Azərbaycanın ən vicdanlı və prinsipial hüquq müdafiəçisi Leyla Yunus saxta və uydurma ittihamlarla 8 il 6 ay həbs cəzasına məhkum edildikdən sonra erməni işğalçıları ilə mübarizəyə gücü çatmayan Azərbaycan hakimiyyəti Azərbaycan qadını ilə savaşda növbəti "yüksəkliyi fəth etdi". Ölçüyəgəlməz korrupsiya əməlləri ilə özünü dünya miqyasında ifşa və rüsvay etmək bahasına olsa da daha bir "strateji düşmən"- nəinki ölkəmizin, dünyanınn ən cəsarətli və qorxmaz jurnalistlərindən biri- Xədicə İsmayıl 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Bununla da, təkcə bu araşdırmaçı jurnalistə qarşı deyil, azad sözə qarşı hökm oxundu. Xədicə xanıma qarşı uzun illər ərzində aparılan iyrənc kampaniya və təqiblər əslində onun fiziki məhvinə yönəlmişdi. Lakin Xədicə xanımın dəyanəti və dirənişi qisasçı hakimiyyətə onu susdurmaq üçün həbs etməkdən başqa yol buraxmadı. Nəticədə, Xədicə xanıma qarşı "özünü öldürmə həddinə çatdırma" ittihamı ilə başlayan, qanun, hüquq və ədalət mühakiməsi adına rəzalət olan bu proses sonda Əliyev rejiminin özünün bu qəhrəman qadın qarşısında mənəvi intiharı ilə bitdi. Xədicə İsmayılın əleyhinə bircə sübut, imzası olan bircə hüquqi sənəd, əleyhinə ifadə verən bircə şahid tapa bilmədiyi halda onu, əslində, özünın yeganə mövcudluq forması olan korrupsiya cinayətlərinə görə məhkum etməsi rejimin bu məğrur və əyilməz Azərbaycan qadını qarşısında acizliyinin etirafı idi. Xədicə xanıma qarşı hakimiyyətin sərhəd tanımayan qisasçılığı nəticəsində onun məhkəmə prosesi yarımqapalı şəraitdə keçirildi, məhkəmə zalı hakimiyyətin 5 manat müqabilində yer tutmağa göndərdiyi "tamaşaçılarla" dolduruldu, lakin ədalət çuxalı muzdurların özlərinin səhnələşdirdikləri tamaşanı sonadək oynamağa gücləri və casarətləri çatmadı. Xədicə xanım bu planı da pozdu, yenə də istibdada və ədalətsizliyə meydan oxudu və Azərbaycan hakimiyyətinə qarşı ittiham aktını elan etdi. Xədicə xanımın ittihamlarını dinləməyə belə cəsarətləri çatmayan hakimlər onun "son sözü"nı yarımçıq kəsdilər. Bu gün Xədicə xanım öz həbsi ilə azad sözə və demokratiyaya öz araşdırmalarından daha çox xidmət göstərir. Bir-birinin ardınca ABŞ, Böyük Britaniya hökumətləri və parlamentləri, Avropa Birliyi, ATƏT, AŞPA, onlarla digər beynəlxalq təşkilatlar Xədicə İsmayılın məhz Azərbaycanın hakim elitasının dəyəri on milyardlarla ölçülən korrupsiya cinayətlərini ifşa etdiyi üçün həbs olunduğunu yüksək səslə bəyan edirlər. Dünyanın müxtəlif ölkələrindən olan 100 nüfuzlu jurnalist Xədicə İsmayılın araşdırmalarını uğurla davam etdirir. Bu gün Xədicə İsmayıl Azərbaycanda və bütün dünyada cəsarətin və azad söz uğrunda mübarizliyin ən parlaq rəmzinə çevrilib.
Demokratik Qüvvəələrin Milli Şurası olaraq Xədicə İsmayıl üzərində qurulan rüsvayçı məhkəmə prosesini və utancverici hökmü qətiyyətlə pisləyir, Azərbaycan rəhbərliyindən Xədicə İsmayılı, Leyla Yunusu və digər siyasi və vicdan məhbuslarını dərhal azad etməyi tələb edirik. Azərbaycanın ləyaqətli, mübariz, əyilməz qadınları ilə mübarizədə Azərbaycan hakimiyəti artıq məğlubdur. Azərbaycan xalqının əxlaq və dəyərlər sistemini, geosiyasi reallıqları, elementar sağlam düşüncə və məntiqi görməzdən gələn bu inadkar dirənişilə rejim yalnız öz ifşasını və demokratik dünyadan təcridini sürətləndirəcəkdir".