Əliyev vədinə “əməl etdi”

Yaxud yoxsulları öldürməklə yoxsulluğun kökün kəsmək siyasəti

Təxminən 2 aydan sonra Azərbaycanda parlament seçkiləri keçiriləcək. Artıq ötən gün seçki təbliğatına start verildi.  Azərbaycanda seçki adına heç nəyin qalmadığını, cəmiyyətin seçkidən iyrəndirildiyini, hakimiyyətin vacib bir ənənəni şouya çevirdiyini hamımız yaxşı bilirik. Amma məsələ burasındadır ki, ötən seçkilərdən sonra vəziyyət daha da pisləşib. Yəni son 5 ildə sosial-iqtisadi vəziyyət daha da ağrılaşıb, xalqa verilən vədlər yerinə yetirilməyib və hökumətin qəbul etdiyi qərarlar sadə vətəndaşın zərərinə işləyib.

Ən dəhşətlisi isə budur ki, ötən 5 il Azərbaycanda “intihar bataqlığı” yaradıb. Paytaxt Bakıdan tutmuş, ucqar rayonlara qədər hər yerdən intihar xəbərləri gəlir. Ötən gün isə Şəkidə daha bir intihar hadisəsi baş verdi. Şəhər sakinlərindən aldığımız məlumata görə, Seymur adlı 23 yaşlı gənc özünə qəsd edib. Onun banka kredit borcunu qaytara bilmədiyi deyilir və güman edilir ki, elə bu səbəbdən də intihar edib. Mərhum ailəli olub. Bir uşağı var. Məlumatda deyilir ki, Seymur iki gün qabaq dolanışıq çətinliyinə görə özünü asaraq intihar edən Akif Salmanovun yaxın qonşusu olub.

Bəli, bu ölkədə intiharların böyük əksəriyyəti borcla bğalıdı. Ölkə əhalisinin 2.6 milyon nəfəri kredit borcu ödəyir. Ödənilməyən mikrokreditlərin həcmi 60 milyona yaxınlaşır. Aydın görünür ki, əhali minimal ehtiyaclarını ödəməkdən məhrumdu və problemlərin həlli kimi intiharı görür. Kimisi özünü dənizə atır, kimisi bankda özünə od vurur, kimisi də özünü körpüdən tullayır. Artıq bu ölkədə intiharlar adi hala çevrilib və insanlar asanlıqla həyatlarına qıyırlar. Məsələ burasındadır ki, Azərbaycanda kredit verən əksər banklar iri məmurlara və hakim ailəyə məxsusdu. Bu qədər intiharlara, vətəndaşların çətinliklə üzləşməsinə baxmayaraq bu banklar faiz dərəcələrini aşağı salmır. Əksinə, borcu qaytara bilməyən vətəndaşın evi, maşını, dükanı əlindən alınır, vətəndaş məhkəmələrə düşür və s. Yəni yürüdülən siyasət vətəndaşın ölümünə xidmət edir. Ancaq bu hakimiyyət başqa ölkələrə 0.01 faizlə kredit verir.

Bütün bunları niyə xatırladıq və bunun seçkiyə nə dəxli var?

Xatırlayırsıza, ölkə baçısı çıxışlarının birində “ölkədə bir nəfər də yoxsul qalmayacaq” söyləmişdi. Indi qarşıdan parlament seçkiləri gəlir və YAP hakimiyyəti xalqın etimadını doğrultduğunu, verilən vədlərə əməl edildiyini bəyan edir. Görünür, biz ölkə başçısının “bir nəfər də yoxsul qalmayacaq” sözünü yaxşı başa düşməmişik. Sən demə, söhbət yoxsulluğun yox, yoxsulların kökünün kəsiləcəyindən gedirmiş.

Həqiqətən də hökumətimiz öz vədinə əməl edir və sürətlə yoxsulların kökü kəsilir. Elə bir siyasət qurublar ki, yoxsullar özlərini öldürərək, ölkə başçısının vədini doğruldurlar. Əminliklə demək olar, bu gedişlə Azərbaycan “varlılar ölkəsi”nə çevriləcək. Bütün yoxsullar problemlərin məngənəsində sıxılaraq öləcək, ölkənin sərvətini talayanlar isə sağ qalacaq.

Ona görə də ölkə başçısı seçki təbliğatına arxayınlıqla start verdi. Uğurlu məhvetmə siyasəti davam etdirilir. Valyuta ehtiyatları azalır, qeyri-neft sektoru rəhmətə gedib, əhalinin borclanması sürətlənir, xırda sahibkarlara qarşı əlavə vergilər tətbiq olunur, xəstəlik artır, qiymətlər bahalaşır. Deməli, hökumət bu məsələni kökündən həll edərək yoxsulların kökünü kəsəcək. Beləliklə, yoxsulluğun da kökü kəsiləcək.

Uğurar olsun. Yaşasın, bizi öldürənlər! Millətin kökünü kəsən siyasətə eşq olsun!

Akif