Büdcəmizi bəd nəzərdən qoruyurlar

Sabah hökumət bu «arqument»dən sallaşsa təəccüblənməyin

Bir neçə gün öncə xəbər yayıldı ki, ölkə başçısı gələn ilin büdcəsi ilə bağlı müşavirə keçirəcək. Daha sonra məlum oldu ki, müşavirəni prezident yox, əbədi baş nazirimiz Artur Rəsizadə keçirib. Belə ki, sentyabrın 1-də baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib. 

Büdcəmizin vəziyyəti qənaətbəxş olmadığına görə hökumətimiz “xəstə”nin gələcəyi haqda dəqiq fikir söyləyə bilmir. Bəli, məlum müşavirədən sonra ictimaiyyətə heç bir açıqlama verilməyib. Hökumətimizin ağsaqqalları ağır müzakirələrdən sonra susmağa üstünlük veriblər. Amma o da məlumdur ki, gələcəyi qeyri-müəyyən büdcənin zərfi prezidentə təqdim olunub. 

Bəlkə də biz yanılırıq. Bəlkə də büdcə müzakirələrindən sonra analoqsuz inkişaf göstəriciləri üzə çıxıb və hökumətimiz büdcəni bəd nəzərlərdən qorumaq üçün susur. Bəli, Avropanın, ABŞ-ın gələn ilin büdcəsinə gözü dəyər, inkişafımıza paxıllıq edərlər və planlar pozular.

Amma görünən budur ki, büdcəmiz neftin səxavətinə göz tikib. Neft də xeyli müddətdir heydən düşüb. Ona görə də gələn ilin büdcəsini müzkirə etmək yox, müşavirə keçirib mərsiyə demək daha məqsədəuyğundu. Həm də ölkəni böhrandan çıxarmaq üçün hər hansı layihə, böhran planı da yoxdur.

Adamın ağlına pis-pis fikirlər gəlir. Bizim bu tox hakimiyyətimiz pulu yaman çox istəyir. Ola bilər ki, Baş nazirin başına yığılanlar büdcəni diri saxlamaq üçün bəzi  xərcləri qayçılamaq qərarına gəliblər. Təbii ki, söhbət hansısa nazirin maaşından, hansısa icra başçısının paketindən kəsməkdən, hansısa deputatın xidməti maşınının ləğvindən getmir. Söhbət sosial xərcləri qayçılamaqdan gedir. Yəni, hökumətimiz çıxış yolunu, vətəndaşın cibinə girməkdə görə bilər.

Gələn ilin büdcəsi ilə bağlı konkret fikir söyləmək çox çətindir. Müşavirənin nəticələri haqda xəbər verilməməsi də məsələnin Qarabağ problemi kimi dala dirənməsini göstərir.

Amma tezliklə bu məhrəm danışığın nəticələri üzə çıxacaq.  Offşordakı pulları gizlətmək olmursa, kabinetdəki danışıqları necə gizlətmək olar?

Bir sözlə, prezidentə təqdim olunan zərfin çox dərdi var.  Ölkəni elə vəziyyətə salıblar ki, gələcək büdcə ilə bağlı ağlabatan açıqlama vermək mümkün olmur. 

Samir