İsti yayın qaynar payızı

İlham Rəhimovu Rusiyadan gətirən payız daha nələr gətirəcək

Azərbaycan qaynar yaydan çıxır. Sözün müxtəlif anlamlarında. Birincisi birbaşa anlamdır: ürək dayandıran istilər bizi bitirməmiş biz onu bitirdik. Indən belənin istisi olsa-olsa könlümüzü oxşayacaq. Yayın bir qaynarı da siyasi məhbusların məhkəmələriydi ki, onları da həsrətlə dallarınca baxa-baxa yola saldıq. Yayın qaynarından çıxıb üzü payıza sərinləmək istərkən qarşıda bizi daha qəzəbli günlər gözlədiyini gördük.

Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə rəsmi start verilməmişdən qabaq mübarizə başladı. Mübarizə müxtəlif formalarda gedir; fəaliyyətdə olan deputatları gözdən salmaq, namizdəliyini irəli sürəcək rəqibləri  sıradan çıxarmaq, dairə uğrunda savaş, seçicini ələ almaq tovlaları-bəxşişlər, vədlər. 2010-cu il seçkilərindən sonra seçki saxtakarlğı, yol verilən qanun pozuntuları ilə bağlı Avropa Məhkəməsinə onlarla şikayət getdi. Hətta tanış vəkillərdən biri qanunsuzluqların 50%-dən yuxarı olduğunu, bu göstəricinin Beynəlxalq məhkəmə qərarı ilə təsdiqindən sonra seçkinin qanunsuz, parlamentin qeyri-legitimliyinin hüquqi əsaslandırılacağını deyirdi. Beş il ötdü, Avropa Məhkəməsində işlər o qədər ləngidi ki, veriləcək qərarların siyasi çəkisi azaldı. Ortada qalan maddi çəki olcaq ki, bu da hökuməti qorxutmur.

Kim kimi, necə

Seçki savaşı əslində çoxdan başlayıb. Bu, hökumətdəki yerini möhkəmləndirmək üçün hər şeydən keçməyə hazır olanların, məmurların, oliqarxların, milyarderlərin, siyasət dəllallarının savaşıdır. Məsələn, bu seçkilərdə Rəbiyyət Aslanovanın YAP-ın siyahısından kənarda qalacağı gözləniləndi. Elnur Aslanovun nurçularla əlaqəsinin hesabını xanım Aslanova verməli olacaq. Bu ölkədə ailədən bir nəfərə münasibətin dəyişməsi hamının cəzalandırılması deməkdir. Adı bitərəf, özü tərəfli deputat Elmira Axundovanın da eks gömrükçü oğlunun hesabına acı günlər yaşamaq “şans”ı var. Son günlər Jalə Əliyevanın seçkilərdən uzaqlaşdırılması uğrunda davamlı iş gedir. Adi hallarda cidd-cəhdlə ört-basdır edilə biləcək xəbərlər səxavətlə yayılır. Qadın deputatlarla yanaşı kişilər üçün də “torbalar tikilir”. Hədəfdə çoxları var. Məsələn, deputatlar Əli Məsimli, Vahid Əhmədov. Kimlərsə onları manatın fevral devalvasiyası ərəfəsində xalqı aldatmaqda suçlayır. Çox gülməlidir. Sözü deyən suçludur, əməli törədən suçsuz. Siyasi məsələlərdə loyallıq göstərsələr də, iqtisadi mövzularda onların hər ikisinin təhlilləri gerçəyə daha yaxındır. 2012-ci il Quba hadisələrində Vahid Əhmədovu xalq qəhrəmanı kimi təqdim edənlər indi onu seçkidən qıraqda qoymağa çalışırlar.

Deputatlıq dövründə susub da müzakirələrə qatılmayanlar, “gözdən uzaq, könüldən iraq” qalanlar da çoxdur. Məclisdə varlığı-yoxluğu bilinməyən bu adamların adı yenə çəkilmir. Ilboyu səsi çıxmayan onlarla deputat var, insanlar onları tanımır belə. Yenə altdan-altdan seçkiyə hazırlaşırlar. Elşad Abdullayevin başına gələn onların da başına gəlməsin. Milli Məclisə gəlməyənlər var – Cəlal Əliyev kimi, yerləri yerindədir. AzTV sədri A.Alışanov Məclisdə yer tutur. O öz yerinin qiymətini yaxşı bilir. Hazırlıqlı olar.

Bəziləri çoxdan “sən məni, mən səni” kampaniyası aparır. Bu razılaşma Qarabağdan olan deputatlar arasında daha aydın görünür. Onlardan hansı biri ITV-nin efirinə çıxmaq imkanı qazansa, həmkarının adını xeyirliyə çəkməyi unutmur. Bu isə əvəzsiz qalmır. “Azərbaycan” qəzetinin deputatı Bəxtiyar Sadıqov jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən futbolçu Cavid Hüseynov barədə “Mən Cavidi həbsdə görmək istəmirəm” dediyinə görə qınanan deputat Aqil Abbası müdafiəyə zəmin yaratmaq üçün bir səhifəlik yazı yazıb. Adam deyir ki, “Azadlıq”, “Yeni Müsavat” niyə ABŞ-da jurnalistin öldürülməsinə R.Əliyevin öldürülməsindən çox yer ayırmır. ABŞ-dakı cinayət Azərbaycan mediası üçün sadəcə xəbərdir, Azərbaycanda həmkarımızın öldürülməsi isə presedent ola biləcək olay, silsilə (Elmar Hüseynov, Rafiq Tağı) qətllərin davamıdır, hörmətli redaktor! Bu fakt Azərbaycanın tarixinə yazılır, ABŞ-dakı Amerikanın – hər şeyin sadə izahı var. Biz öz tariximizi yazırıq. B.Sadıqov yazır: “Aqil Abbasın  başına ağıl qoymaq istəyiblər. Aqil müəllim açıqlama verməmişdən qabaq gəlib sizinlə məsləhətləşməli, fikrinizi öyrənməli idi?” Bunları jurnalist jurnalistlərə deyir. Jurnalistin işi doğrunu yazıb yanlışa irad bildirməkdir. Deyəsən, “Azərbaycan” qəzeti hələ də bu prinsiplərdən gen durmağa üstünlük verir. Əgər “məsləhətləşmə mümkün olsaydı”,  həmkarları Aqil Abbası bu cür birtərəfli münasibətin doğru olmadığına inandırardılar, o da seçki qabağı işini çətinə salmazdı.

Bir yana baxanda hər kəs əkdiyini biçir. Kluarlarda gedən mübarizə mediada qızışdırılır. Deyəsən, bu payız da kimlərsə  “qaz vurub qazan dolduracaq”. Gizli reklam, aşkar əks təbliğatla.

İlham Rəhimovu Azərbaycana kim, niyə qaytarır

Seçki xəbərləri arasında daha maraqlısı iş adamı, zaman-zaman gah deputat Ilyas Ismayılovun dostu, gah da düşməni kimi təqdim edilən, adı hər zaman Rusiya prezidenti Putinlə qoşa çəkilən Ilham Rəhimovun siyasi arenaya çıxmaq qərarının reklam xarakterli açıqlanmasıdır. Ilham Rəhimov “bəxtini bir daha sınamaq”, deputat olmaq istəyir; özü də Ilyas Ismayılovun dairəsindən. Demək, münasibətlər düşmənçilik mərhələsindədir. “Bizim Cəbiş müəllim” də deyildiyi kimi; “çəkilin kənara, indi Namiqlə Makedon vuruşaceylər”. Kimə deputat mandatı veriləcəyi hələ bəlli deyil. Suallar yaranır: Ilham Rəhimov hansı ölkənin vətəndaşıdır? Azərbaycan vətəndaşıdırsa, uzun illərdir Rusiyada niyə və necə yaşayır? Qanunsuzmu? Rusiya vətəndaşıdırsa, Azərbaycanda necə deputatlığa namizəd ola bilər? Rusiyada yaşaya-yaşaya Azərbaycanda necə deputatlıq edəcək? Seçiciləri onun üzünü görə biləcəklərmi? Heç kimi demirik, Qənirə Paşayeva qədər tovuzluların yanında ola biləcəkmi? Azərbaycana dönəcəksə, Rusiyadakı biznesi necə olacaq? Adam işlərini sürdürmək üçün yollarda qalacaqsa, deputatlığı səmərəsiz olacaq. Qanunlara uçaq meydanlarından münasibət bildirəcək. Deməli, deputatlıq sevdasının ayrı, daha ciddi səbəbləri var. Ilham Rəhimovun niyə deputat olmaq istəməsinin gizlinləri bilinmir. “Putinun dostu”nun Azərbaycan parlamentinə gətirilməsi Putinin əlinin, gözünün Milli Məclisin üstündə olması, Rusiyanın Azərbaycana, Qəbələyə bir az da yaxınlaşması, üstünlük əldə etməsi, daha içərilərə əl uzatması deməkdir. Belə görünür, Putin Azərbaycanda deputat olmaq istəyir – Lavrov onu deməyə gəlmişdi. Nə gözəl, Obama deputat ola bilmir, Putin olur.  Azərbaycan uğrunda ABŞ-Rusiya çəkişməsində kim önə keçir – aydınlaşır. Deputatın işi hansısa qanuna səs verib- verməməkdən ibarət deyil. Bunun məlumat ötürməsi, həmkarlar arasında təbliğat aparması, kimlərinsə çeşidli yollarla ələ alınması, yaxud gözdən salınması, müzakirə mövzusu ortaya atması, gündəm yaratması, müdafiə taktikası var.

Xatırlatmamaq olmur, millətin problemlərini həll etməzdən öncə ailə-məişət məsələlərini yoluna qoymaq gərəkdi. Sərvət mütləq üstünlük deyil. Milli Məclisdə də hələ rəsmi olaraq “biznes klass” yeri ayrılmayıb. Hər deyilənə aldanmayın, ay seçicilər!

Seçki – siyasi partiyalar üçün “bazarlama”

Bir neçə partiya parlament seçkilərində iştirakıyla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bəziləri seçki siyahıları üzərində işləyir. Ara qarışıb. Hələlik hakimiyyətlə siyasi partiyalar arasında dəqiq yer bölgüsü aparılmayıb. Onlar gözlətdirir, bunlar gözləyir. Bir pay, yarım pay – təki olsun. Hər dəfə seçkiöncəsi hakimiyyət AXCP-dən üç-beş nəfər qoparıb törəmə partiya yaradır. Bu dəfə “dövlət quşu” Razi Nurullayevin başına qonub. Adama bir seçkilik zaman ayırıblar, sonrası fərasətinə bağlıdır. Mirmahmud Mirəlioğlu, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Qulamhüseyn Əlibəyli, Razi Nurullayev – AXCP-nin “potensial imkanları” tükənmək bilmir. Hakimiyyət belələrinin hesabına möhkəmlənir, seçki legitimləşir.

Budəfəki seçkilər Rauf Arifoğlunu da Müsavatdan qopartdı. Isgəndər Həmidovu Müsvata apardı. “125-lər”in arzularını göyərtdi. 75 nəfərdən ibarət “125-lər”in, deyəsən, hamısı deputat olmaq istəyir. Daha nələr olacaq, yaşayaq, görərik. Hələlik oyun gedir; seçki oyunu. Qəşəy-qəşəy… Bir azdan qırğın başlayacaq.

A.Türkoğlu