Son müttəhim kim olacaq?

 

Azərbaycan demək olar ki, hər həftə demokratiya şəhidlərini yola salır – məzara deyil, həbsxanaya… Amma öz halında olan xalq bunun fərqində belə deyil, fərqində olsaydı, ən azından öz qəlbində bayraqları endırib matəmini saxlayardı. Saxlamır, çünki zənn edir ki, keçən gün bir jurnalistə hökm oxundu.

Bu qədər bəsit…

Düşünürlər ki, bir qadını həbs etmək hələ dünyanın sonu deyil.

Deyil, doğru…

Amma Xədicəyə oxunan hökm təkcə onunlamı bitdi, bir qadının mənlik sınırlarındamı dayandı? Yox, mahiyyətdə Xədicə, bütünlükdə bu gün siyasi məhbus həyatı yaşayanlar azadlıqdan məhrum edilməyib, Azərbaycan bu zülmət kəsiyində onun gələcəyini işıqlandıra biləcək mübariz, aydın insanlardan məhrum edilib.

Bu üzdən keçən gün oxunan hökm təkçə Xədicəyə deyil, bir ölkənin azad və cəsərətlı düşüncəsinə, aydın gələcəyinə oxundu.

22 ildir bu ölkədə iqtidarı işğal edənlər, elə 22 ildir də Azərbaycanda dayanmadan aydın, ləyaqətli, qürurlu insanları terrora məruz qoymaqla, ölkəni bu keyfiyyətləri daşıyan insanlardan məhrum etməklə meydanı şərəfdən və qürurdan, cəsarətdən yoxsul olanlara buraxıb, onların boşluq və mənasızlığını təmin etməklə məşğuldur.

Bu gün Azərbaycan cəmiyyəti nə qədər qaranlığa məhkum edilibsə, ölkənin həbsxanaları da bir o qədər aydın və işıqlı insanlarla doldurulub.

Tarix yazılır  – qara, utancverici…

Və tarixdə terrorçu rolunu alanlar məhkəmələrin, kölə hakimlərin əli ilə bu ölkənin indisini məhv etməklə qalmır, gələcəyini, tarixini də qaranlığa  məhkum etmək istəyir. Zülməti daha da qatılaşdırmaqla yaratdıqları tarixin qaranlığında öz əməllərini, simalarını, kimiklərini, ölkə qarşısındakı qara olan üzlərini gizlədəcəklərini zənn edirlər.

Beləcə, inkivizisiya məhkəmələrinin lənət damğasını üzərinə götürənlər hər şeyi hesablamış, amma bir şeydən başqa…

Ölkədə necə deyərlər, “başı papaqlı qalmamalıdır” deyib yola çıxanlar naqis əməllərini rahat yaymaq üçün ləyaqət və heysiyyat ovuna çıxıblar. Hər kəsi susmağa, yarınmağa, əl öpən etməyə nail olmuş kimi də görünürlər. Kim ittiham edəcək onları? Bu gün əllərini öpüb onlardan yal alan alimlər, yazarlarmı? Yoxsa hər şeyi görməzdən gəlib, ancaq bu günlə yaşayacaq qədər cahil və nadan olanlarmı? Ya, bəlkə həyatını əyləncə, boş və mənasız işlərə sərf edənlər onlardan hesab soracaq? Kimsə, elədir, kimsə sormayacaq…

Amma dediyim kimi, bir şeyi hesaba qatmayıblar. Bu gün Azərbayacanı Xədicənin, İntiqam bəyin, İlkinin,  Rəşadətin, Elvinin, Seymurun və daha başqalarının işığından məhrum edə bilərsiniz. Amma tarixi onlardan məhrum edə bilməyəcəksiniz…

Hesaba almamısınız ki, Cavid, Müşfiq, Əhməd Cavad və başqa   aydınlar Mikoyanın kimliyini işıqlandırdıqları kimi, bu gün həbsxanada gizlətdiyiniz, qisas aldığınız insanlar da sabah sizin naqisliyinizə işıq tutacaq kitabların, araşdırmaların baş qəhrəmanları olaraq maskanızı yırtacaq.

Beləcə, həbs edib məhv etməyə çalışdığınız insanlardan qurtuluş yoxdur və mahiyyətdə bu gün onlara oxuduğunuz hökmü özünüzə oxuyursunuz.

Sual edin, hansı cəza daha ağırdır, bu gününkü, yoxsa tarixinki? Bu gün tarixin hökmündən hakimin hökmünə sığınanlar, ölkədə fironluq edən cəlladlar əslində, öz qılıncını öz başına endirir.

Utanc tarixinin şərəf səhifələri…

Nə yaxşı ki, bu aydınları həbs edirsiniz – utanc tariximizi silə biləcək nümunələr yaranır.

Nə yaxşı ki, siz dünən o məhkəmədə Xədicəyə o hökmü oxudunuz. Nə yaxşı ki, Xədicənin tarixə yazılmasına imkan yaratdınız.

Nə yaxşı ki, bu gün Azərbaycan gəncliyinin nümayəndələrinin hamısının başı əyləncəyə, mənasızlığa qarışmayıb. Başımız hər şeyə rəğmən tarix qarşısında  aşağı olmayacaq. Rəşadəti, İlkini, Elvini, Rəsulu azadlıqdan məhrum etməklə tariximizin üz qarasını yudunuz.

Nə yaxşı ki, bu gün ən yaxşı halda ancaq  övlad böyüdüb evdə yemək bişirməklə məşğul olan, ya da azadlığını azğınlıqla səhv salıb əxlaqsızlığın qucağına atılan Azərbaycan qadınının ləyaqətini qorudunuz – bu tarixin utancını yuyacaq Leyla, Xədicə nümunəsinin yaranmasına imkan verdiniz.

Nə yaxşı ki, bu gün ləyaqətini biganəliyinə, qorxusuna əsir etmiş Azərbaycan kişisinin obrazı tarixə belə yazılmır, çünki o tarixi Tofiq Yaqublu, İntiqam Əliyev, İlqar Məmmədov, Asif Yusifli  yazır.

Nə yaxşı ki, bu gün ibadətini əyilib-qalxmaqla sınırlayıb, ölkədə baş alıb gedən zülmə qarşı çıxmağa cürət etməyən, dilindəki Allah kəliməsini ürəyinə və əməlinə göçürə bilməyən dindarların üz qızardan obrazlarının üzərindən xətt çəkmək imkanını bizə verən Hacı Mövsüm Səmədov, Hacı Abgül, bu yaxınlarda həbsdən çıxmış Tale Bağırzadə kimi dindaralrın olduğunu  söyləmək şansını yaratdınız…

Nə yaxşı ki, adını çəkdiyim və çəkmədiyim bu siyasi məhbusları tarixə yazdınız… Tarixin qara zolağında bir parlaq işıq seli yaradıb gələcək qarşısında ləyaqət və şərəfimizi ağardanların varlığını bizə tanıtdığınız üçün siz mənəviyat terrorçualrına hətta “sağ ol” demək də olar.

Amma olmur, çünki siz utanc tarixi yaratmasaydınız, biz də bu aydınların varlığını həbsxanalardan deyil, ölkənin gələcəyini qurarkən tanıyacaqdıq.

Azərbaycanı bundan məhrum etdiyinizə görə sizə lənət oxumaq lazım…

Və lənətimiz üzərinizdə olsun.