Əhali olumla ölüm arasında seçim etmək məcburiyyətindədir

Eldəniz Quliyev: «İntihar insan kapitalına sayğısız yanaşma, bankların həmlələri və digər səbəblərdən doğur»

Ölkədə intiharlar dalğası səngimək bilmir. Hər gün paytaxt və bölgələrdən özünəqəsd hadisələri barədə xəbərlər gəlir. Psixi durum, ağır sosial-iqtisadi həyat, ailədaxili münaqişələr və s. kimi vəziyyətlər belə hadisələrin fonunda dayanırdısa, indi baş verən intihar hadisələri ağır kredit borcu, gündəlik yaşam xərclərini ödəyə bilməmək, aclıq və səfalət intihar hallarını intensivləşdirir.

Bu yaxınlarda baş verən və 60 qəpiyə görə özünü öldürmək faktı insanların hədsiz çətinlikdə yaşamasının bariz göstəricisidir. Şəki sakini, iki övlad atası Akif Salmanovun intiharına səbəb kimi isə onun sürücülük hüququndan məhrum edilməsi bildirilir. O, şəxsi avtomobiliylə taksi fəaliyyəti göstərirmiş. Sürücülük hüququndan məhrum edilməsi onun yeganə qazanc mənbəyini itirməsi demək olub. Buna dözməyən Akif Salmanov çıxış yolunu intiharda görüb.

Belə faktları saymaqla bitməz. Əvvəllər özünəqəsd hallarının azalmasına ictimai qınaq təsir edirdisə, fəqət indi baş verən intiharlar ölkəni silkələmir.

Tanınmış ziyalı, kinossenarist Eldəniz Quliyev söyləyir ki, baş verən intiharlar ölkə əhalisinin təkcə borclu vəziyyətiylə bağlı deyil. Eldəniz bəyə görə, sosial-iqtisadi durum insanların son durumda olduğunu diqtə edir:

“Əhalinin real vəziyyəti olduqca ağır həddədir. Bu isə mövcud hakimiyyətin sonunun başlandığından xəbər verir. Bu ölkədə insanlar qiymətdən düşmüş sayılır, maddi vəziyyətinə görə olum-ölüm sualı qarşısında qoyulur. Bankların həmlələri, hakimiyyətin insan kapitalına sayğısız yanaşmağı,  insanların əməyinə, fəaliyyətinə adekvat qiymət verilməməsi, sahibsizlik və digər məsələlərin hamısı bir yerə yığılanda son nəticədə intiharlara gətirir. Insanın olumla ölüm arasında seçim etmək qarşısında qalması gələcək faciələrdən xəbər verir”.

Nigar