Elman Rüstəmov özünü reklam elətdirir

Maliyyə böhranının dərinləşdiyi ölkənin Mərkəzi Bankının rəhbəri necə dünyanın ən yaxşı bankirlərindən biri olub?

“Global Finance” jurnalı dünyanın ən yaxşı Mərkəzi Bank rəhbərlərinin adlarını açıqlayıb. Oxu.az xəbər verir ki, ən yaxşı “A” reytinqinə Çexiya Respublikasının, Avropa Mərkəzi Bankının, Hindistan, Israil, Malayziya, Paraqvay, Peru, Filippin və Tayvanın Mərkəzi Banklarını rəhbərləri layiq görülüb. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina “B” reytinqi alıb. Ukaryna Milli bankının rəhbəri Valeriya Qontaryeva “C” qiymətini alıb. Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov da analoji qiymətləndirməyə layiq görülüb.

MB rəhbərlərinə hər il inflyasiyaya nəzarətdə uğurlara, iqtisadi inkişafda nailiyyətlərə, valyuta sabitliyinə və faiz əmsalının idarəsinə görə “A”dan “F”ə qədər şkala üzrə reytinq verilir. “A” ən yüksək qiymət hesab edilir, bu MB rəhbərinin yüksək əmək məhsuldarlığını qeyd edir.

Elman Rüstəmovun savadına şübhəmiz yoxdur. Amma məsələ burasındadır ki, dünyada böhran başlayandan sonra ən ciddi zərbə Azərbaycana dəydi. Elman Rüstəmov bu gün manatın sabitliyindən danışdı, səhər isə 34 faiz devalvasiya baş verdi. Devalvasiyadan sonra isə Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyarddan 8.5 milyarda düşüb və hələ də maliyyə böhranı davam edir. Təkrar devalvasiyanın olacağı gözlənilir. Valyuta ehtiyatlarının da əhəmiyyətli dərəcədə tükənəcəyi ehtimal olunur. Doğrudur, baş verənlər bütövlükdə hakimiyyətin iqtisadi siyasətinin nəticəsidir. Amma Elman Rüstəmovun da baş verənlərdə suçu az deyil. Bununla belə məlum olur ki, Elman Rüstəmov dünyanın ən yaxşı Mərkəzi Bank rəhbərlərindən biridir. Bu qədər açıq reklam olmaz da…