Xədicə İsmayıla 7 il 6 ay həbs cəzası verildi FOTO VİDEO

Jurnalist hökmü gülüşlə qarşıladı; Beynəlxalq birlikdən dərhal sərt təpki gəldi; Əli Kərimli: “Bu həbslə ümid etdikləri doğrulmadı”

“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi başa çatıb. Sentyabrın 1-də Bakı Ağr Cinayətlər Məhkəməsində məhkəmə jurnalistə hökm oxuyub. Məhkəmənin hökmü ilə Xədicə İsmayıla 7 il 6 ay həbs cəzası verilib.

Hökm X.İsmayılın ittiham olunduğu maddələrdən 125-ci maddə istisna olunmaqla, qalan 4 maddə üzrə verilib. 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə isə X.İsmayıla bəraət verilib.

Hökmə görə, jurnalist cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ekspertiza xərcləri üçün 364 manat ödəməlidir.

Bundan başqa hakimin qərarına görə, jurnalist 3 il müddətində dövlət və bələdiyyə işlərində vəzifə tuta bilməz.

“Xədicəni həbs etməklə bəslədikləri ümid özünü doğrultmadı”

AXCP sədri Əli Kərimli jurnalist Xədicə İsmayıla oxunan hökmə münasibət bildirib. O, facebook səhifəsində yazıb:

“Gözlənilən sifarişli hökm elan edildi. Xədicə İsmayıl 7 il yarım müddətinə azadlıqdan məhrum edildi.

Xədicə İsmayılı həbs etdilər ki, həm ondan indiyə qədər apardığı junalist araşdırmalarının qisasını alsınlar, həm də bundan sonra da yeni-yeni araşdırmaları ilə onların korrupsiya əməllərini ifşa etməsinə imkan verməsinlər. Amma yenə də hesabları səhv çıxdı.

Əvvəla, Xədicə xanımın yarımçıq qalmış korrupsiya araşdırmalarını hazırda beynəlxalq araşdırmaşı jurnalistlər davam etdirirlər. Xədicə xanımın həbsindən sonra da 5-6 çox sanballı, rejimi yerdən-yerə vuran korrupsiya araşdırmaları ictimaiyyətə təqdim olunub. Heç şübhəsiz ki, beynəlxalq səviyyədə korrupsiya ifşaları bundan sonra da davam edəcək. Deməli, rejim başçılarının Xədicə İsmayılı həbs etdirməklə hələ də ifşa olunmamış korrupsiya əməllərinin gizli qalacağına olan ümüdləri özünü doğrultmadı.

İkincisi, Xədicə İsmayıl dünyada tanınan jurnalistdir. Məhz onun və Leyla Yunusun həbsi hökumətə qarşı beynəlxalq basqıları daha da artırıb. Bu cəsur xanımların həbsdə saxlandığı hər gün hakimiyyəti bir az da sarsıdır. Hökumət anlamalıdır ki, bu xanımlar hazırda həbsxana şəraitində onlar üçün daha böyük təhlükədir, nəinki nisbi azadlıqda. Hökumət humanizm nöqteyi-nəzərindən yox (mən bunlardan humanizm gözləmirəm), sivil dünyadan tamamilə qopmamaq üçün bu mübariz xanımları dərhal azad etməlidir. Ölkədə çox nadir situasiyalardan biri yaranıb ki, bizim cəmiyyət olaraq istək və tələbimiz hökumətin özünün də maraqlarına zidd deyil. Siyasi məhbuslar, ilk növbədə Xədicə xanım və Leyla xanım tezliklə azad edilməlidir. Azacıq ağıl və məntiqlə fikirləşsələr, iqtidardakılar da başa düşər ki, onları azad etmək hökumətin də maraqlarına zidd deyil. Tərslik edəcəkləri, qisasçılığı davam etdirəcəkləri təqdirdə isə həm ölkə daxilindən, həm də beynəlxalq aləmdən təzyiqlərin yeni dalğasını qəbul etməyə  hazırlaşsınlar”.

“Onu susdurmaq mümkün deyil”

Məhkəmədən sonra Xədicə İsmayılın anası Elmira İsmayılova jurnalistlərə deyib ki, qızına görə rahatdır və onunla qürur duyur.

“Xədicə hökmü mətanətlə, həmişəki kimi, təbəssümlə dinlədi. O, mənə dedi: get, hamıya de: Mən möhkəməm, hər şeyə dözəcəyəm. Doğrular uğrunda mübarizə aparanlar məhrumiyyətlərə və cəzalara dözə bilərlər. Xədicə onu dəstəkləyən insanlara salamlarını göndərd…
Hökumət Xədicədən qorxur, buna görə də onu həbs etdilər, amma onu susdurmaq mümkün deyil. O, danışmağa və yazmağa davam edəcək, o, döyüşçüdür və hamını qorxmamağa və mübarizəyə qalxmağa çağırır…
Xədicəni bizneslərini araşdırdığına görə həbs edən hökumətə nə deyə bilərəm? Yalnız bir şey deyə bilərəm: ya düzəlin, ya çıxın gedin”, – deyə E.İsmayılova bildirib.

Öz növbəsində, vəkil Fariz Namazlı bildirib ki, müdafiə tərəfi “hər cür hüquqi əsasdan məhrum olan və yalnız istintaqın subyektiv ehtimallarına əsaslanan hökmdən” şikayət verəcək.

Beynəlxalq birlikdən sərt reaksiyalar

Xədicə İsmayıl barəsində çıxarılan hökmə beynəlxalq birlikdən dərhal sərt reaksiyalar gəlib.

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir ki, Birləşmiş Ştatlar məhkəmənin qərarından dərin təəssüf hissi keçirir.
“Biz şahid ifadələri və başqa başlıca dəlillərin çatışmazlığı daxil olmaqla istintaq və məhkəmə prosesi zamanı baş vermiş qanun pozuntuları barədə məlumatlardan daha da narahat olmuşuq. Bu, Azərbaycanda mətbuat azadlığının qarşısının alınmasını və insan haqlarının məhdudlaşdırılmasına dair başqa bir misaldır. Azərbaycanın prezidenti İlham Əliyev özü bu yaxınlarda bildirib ki, kütləvi medianın azadlığı demokratik prinsiplərin ayrılmaz hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.
Biz Azərbaycan hökumətini xanım İsmayılova və fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqalarını azad etməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını və insan haqlarını qorumaq və inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik” – deyə, Dövlət Departamenti bəyan edib.

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton bəyan edib ki, bu hökmdən son dərəcə narahatdırlar. “Bizi narahat edən başlıca məsələlərdən biri məhkəmə prosesinin hansı şəraitdə keçməsidir. Azərbaycan hakimiyyətini bu işə ədadlətli şəkildə və şəffaflıq şəraitində yenidən baxmağa çağırırıq. Biz Azərbaycan hakimiyyətini beynəlxaql öhdəliklərinə və qanunun aliliyinə hörmət etməyə səsləyirik”, – deyə bəyanatda bildirilir.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib ki, bu hökm Azərbaycanda hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı olan və ciddi narahatlıq doğuran neqativ tendensiyanın tərkib hissəsidir. Bu, ölkədə insan haqları və ifadə azadlığına çox pis təsir göstərəcək addımdır.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur isə bu hökmü Azərbaycanda insan haqları sahəsində ciddi problemin göstəricisi sayır: “Mən bir neçə dəfə Xədicə İsmayıla qarşı ittihamlarla bağlı fikrimi bildirmişəm. Bu günkü hökm məni çox təəssüfləndirdi. Bu hökm Azərbaycan məhkəmə sistemində ciddi və sistemli problemlərin olduğunu göstərir”.
Anne Brasseur Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə, insan haqları müdafiəçilərinə və müstəqil jurnalistlərə qarşı sərt basqıları dayandırmağa çağırıb: “Avropa Şurasının fundamental dəyərlərinə hörmət hazırda ciddi sual atdındadır”.
Anne Brasseur bildirib ki, “Parlament Spikerlərinin IV Dünya Konsransı”nda (sentyabrın 2-də) bu məsələni Oqtay Əsədovla müzakirə edəcək.

Azadlıq və Azad Avropa Radioları Korporasiyasının baş redaktoru Nenad Pejic də hökmə münasibət bildirib. O, Xədicə İsmayıla verilən cəzanı hakimiyyətin jurnalisti susdurmaq üçün atdığı addım adlandırıb: “Xədicə haqqında hökm hüquqi yox, siyasi qərardır. Ona qarşı nə ittihamların bir əsası var, nə də proses özü normal keçirilib. Hakimiyyət sadəcə olaraq nəyin bahasına olursa-olsun onu susdurmaq qərarına gəlib”.

Human Rights Wathc təşkilatı isə bəyan edib ki, hakimiyyət uzun müddət Xədicə İsmayıla qarşı qara piar kampaniyası aparıb, onu təqib edib. Təşkilat jurnalistə qarşı məhkəməni və çıxarılan hökmü siyasi motivli adlandırıb və hökmün ləğv olunmasına çağırıb. “Bakıda jurnalist Xədicə İsmayılovanı uydurma, siyasi ittihamlarla həbs ediblər. Bu, hökumətlə razı olmayan vətəndaşların nüfuzdan salınması ilə məşğul olan məhkəmənin və dövlət sisteminin keyfiyyətsizliyini göstərir. Azərbaycan hakimiyyəti hökmü dərhal ləğv etməli və onu azad etməlidir. Bu biabırçı hökm Azərbaycan hakimiyyətinin tənqidçilərindən qisas almaq üçün qanunu tapdamağa hazır olduğunu göstərir. Azərbaycan bu “ədalətin parodiyaları”nı ona görə edə bilir ki, cəzasız qalır. Beynəlxalq ictimaiyyətin konkret addımlar atmasının və Xədicə İsmayılova və bir çox digərləri haqqında ədalətsiz hökmlərə görə real nəticələrə nail olmasının vaxtı çatıb. Avropa İttifaqı və üzv dövlətlər Azərbaycanda insan hüquqları sahəsində dəhşətli vəziyyətə vahid kəskin mövqe bildirməlidir. Bu reaksiya Bakı ilə strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlara son qoyulmasından ibarət olmalıdır. Azərbaycan AŞPA-da səs hüququndan məhrum edilməlidir. Avropa İttifaqı Bakıya meydan oxuyaraq, onun bu xoşagəlməz davranışının cəzasız qalmayacağını göstərməlidir”, – deyə bəyanatda qeyd edilir.

ATƏT-in media azadlığı üzrə komissarı Dunya Miyatoviç də hökmü pisləyib. O, bəyan edib ki, bu hökm ədalətsizdir və Azərbaycan hakimiyyətinin tənqidçi səsləri boğduğunu bir daha göstərir. “Mən bir daha Azərbaycan hökumətini jurnalistlərə qarşı hücumları dayandırmağa çağırıram”, – deyə komissar bildirib.

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks isə bildirib ki, Xədicə İsmayıl jurnalist kimi cəsarətli fəaliyyətinin bədəlini ödəyir. Azərbaycan hakimiyyəti tənqidçi səsləri bir-bir susdurmaqda davam edir. Xədicə İsmayıl haqqında çıxarılan hökm Azərbaycanda qanunun aliliyinə, demokratiyaya, insan hüquq və azadlıqlarına vurulmuş növbəti zərbədir.

“Sərhədsiz reportyorlar” təşkilatı isə bu hökmdən sarsıldığını bəyan edib. “İsmayılova barəsində uzunmüddətli həbs cəzası təəccüblü deyil, belə ki, Azərbaycanda məhkəmə sistemi funksiyası, görünür, dövlət repressiyalarına qanunilik donu geyindirmək üçün mövcuddur”, deyə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri İohan Bir bildirib. O, bəyan edib ki, bütün bunlar hökmün dəhşətini azaltmır. X.İsmayılın yeganə “cinayəti” hökumətdəki korrupsiya faktlarını cəsarətlə araşdırmasıdır. Onun işi Azərbaycandakı bütün jurnalistlər üçün qorxutma vasitəsidir. “İsmayılovanın məhkəmədə son çıxışını belə tamamlamasına imkan verilməyib, müstəqil mətbuat və ictimaiyyət isə məhkəmə prosesinə buraxılmayıb”, – deyə bəyanatda qeyd olunur. “Sərhədsiz reportyorlar” təşkilatı İsmayılovanın və Azərbaycanda həbsdə olan digər 11 jurnalist və blogerin dərhal və qeyd-şərtsiz azad edilməsinə, Azərbaycanın beynəlxalq tərəfdaşlarını isə israrla onun məsələsini bütün ikitərəfli danışıqlarda qaldırmağa çağırır.

Freedom House təşkilatının prezidenti Mark Laqon da hökmə münasibət bildirib. Onun yaydığı bəyanatda deyilir ki, Xədicə İsmayıl barəsində absurd ittihamlar əsasında çıxarılan hökm Azərbaycan hakimiyyətinin onu tənqid edənlərə, mətbuat azadlığına nə qədər dözümsüz olduğunu göstərir. “Bu hökm bir daha nümayiş etdirir ki, İlham Əliyev onun korrupsiyalaşmış hökumətini tənqid edənləri susdurmağa çalışır. ABŞ və Avropa İttifaqı İlham Əliyevi, vətəndaşlarının əsas hüquq və azadlıqlarını təmin etməyənədək, müttəfiq hesab etməməlidir”, – deyə bəyanatda bildirilir.

ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları bürosunun rəhbəri İzabel Santos isə hökmlə bağlı yaydığı bəyanatda bildirir ki, Azərbaycan hakimiyyəti Xədicə İsmayılı dərhal azad etməlidir. “Açıq-aşkar görünür ki, bu hökm siyasi motivli qərardır. Xədicə İsmayılova öz fəaliyyəti ilə Azərbaycan hakimiyyətini məsuliyyətli olmağa sövq etmək istəyirdi. Hər bir jurnalistin, hüquq müdafiəçisinin, siyasi fəalın həbsi ilə Azərbaycan həm demokratik dəyərlərdən, həm də ATƏT qarşısında insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərindən uzaqlaşır. Mən Azərbaycan hakimiyyətini avtoritar addımlardan çəkinməyə, Xədicə İsmayılovanı və həbsdə yatan digər hüquq müdafiəçilərini, siyasi fəalları və jurnalistləri dərhal azad etməyə çağırıram”.

Beynəlxalq təşkilatların “Hüquqlar naminə idman” koalisiyası da Xədicə İsmayıl barəsində hökmü kəskin şəkildə pisləyib. Koalisiyanın yaydığı bəyanatda bu hökm “biabırçı” və “ədalətli mühakimənin ələ salınması” adlandırılır.
Koalisiya beynəlxalq ictimaiyyəti X,İsmayılın azad edilməsi üçün bütün mümkün addımları atmağa çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan hakimiyyəti Avropa Oyunları ərəfəsində onun korrupsiya və özbaşınalığını ifşa edən tənqidin qarşısını almaq üçün vətəndaş cəmiyyətinə və mətbuata qarşı geniş repressiyalara başlayıb.
“Hökumətin jurnalistlərə və onların ailə üzvlərinə qarşı bu misli görünməmiş ovuna son qoymasını tələb edirik”, deyə bəyanatda qeyd edilir.
Bəyanatı 20-dən çox hüquq müdafiə təşkilatı, o cümlədən Article 19, Civil Rights Defenders, CPJ, Front Line Defenders,  HRHF, Freedom Now, Index censorship, FIDH,  International Media Support və b. imzalayıb.