Razi Nurullayevin “həftəbecər” konfransı

Yaxud hakimiyyətin 5 manatlıq fiaskosu

Hakimiyyətin “AXCP günləri” davam edir. “Yeni Müsavat”-Razi Nurullayev cütlüyü “repertuar”larını yeniləməklə məşğuldu.   Artıq rayon-rayon, kənd-kənd gəzib, pulla “cəbhəçi” əldə etməyə başlayıblar. Razi Nurullayev asan pul qazanmağın  “Asan xidmət”ini yaradıb. Insafən qeyd etmək lazımdır ki, bu adamlar utanmazlıq rekordu vurub. AXCP üzvü Elçin Həsənovun bunları ifşasından sonra zərrə qədər vicdanı olan adam gizlənməyə deşik axtarardı.

Bunlar isə dönüklüyün yeni “dəlik”lərini kəşf edirlər. Guya hökumətin yaratdığı Razi cəbhəsi konfranslara hazırlaşır. Belə “əzəmətli” konfransların ilki Sumqayıtda baş tutub. Bu konfransdan olan video görüntülər Razi Nurullayevin mətbuat xidmətinin rəhbəri Rauf Arifoğlunun saytında yerləşdirilib. Sumqayıtda hansısa şadlıq sarayına yığılmış bu adamlar üzlərini kameradan gizlətməyə çalışır, utandıqlarından başlarını aşağı salıblar. Hakimiyyət vətəndaşı elə vəziyyətə salıb ki, 5-10 manatın müqabilində adamlar yalançı cəbhəçi rolunu oynamağa razı olublar. Əslində, bu mənzərə çox ağrıdıcıdı. Adamlar minimal ehtiyaclarını ödəmək üçün qürurlarını, vicdanlarını satışa çıxarırlar. Hakimiyyət Razilərin, Raufların əli ilə ölkə insanını təhqir edir, alçaldır. AXCP öz konfranslarını şəhərin ucqarlarında, uçuq-sökük daxmalarda keçirir. Razi isə şadlıq saraylarında “konfrans” keçirir. Bu ənənə YAP-ın təcrübəsində də olub. Insanları görüşə gətirmək üçün şadlıq saraylarında qonaqlıq təşkil edirdilər.

Görəsən bu adamlar gecələr necə rahat yatır, övladlarının  üzünə necə baxa bilirlər, ailələrinə haram çörəyi necə yedirdə bilirlər? Bu qədər yalanın, böhtanın içinə batmış adamlar cəmiyyətin  xəstəliyidir. Bu adamlar sabah ölkəni də, dövlətin maraqlarını satışa çıxararlar. Əslində, bu gün antiAXCP kapmpaniyasında yer alanların simasında böyük ibrət dərsi var. Onlar, “xəyanətkara necə çevrilirlər” sualının cavabıdı.

Amma etiraf edək ki, baş verənlərdə sevindirici məqamlar daha çoxdu. Hakimiyyət təsdiqlədi ki, qorxduğu, özünə rəqib gördüyü, satın ala bilmədiyi, qarşısında aciz qaldığı siyasi təşkilat AXCP-dir. Daha sonra təsdiqləndi ki, ən çətin şərtlərdə belə AXCP monolit təşkilatdır. Hakimiyyətin Razi vasitəsilə külli miqdarda pul xərcləməsi, pula böyük ehtiyacı olan cəbhəçiləri sındıra bilmədi. Buna görə də hakimiyyətin “Razi əməliyyatı” iflasa uğradı və saxta cəbhəçilər istehsal etmək məcburiyyəti yarandı. Əslində, hakimiyyət “Razi əməliyyatı” ilə AXCP-nin cəmiyyətdəki mövqeyini gücləndirdi və bu partiyanın missiyasını legitimləşdirdi.

Medallı redaktor brend politoloqla birləşərək şar şişirdir. Amma hər dəfə bu şar partlayır və iyrəncliklərini bəzəyə bilmirlər. Ən məzəlisi isə budur ki, Razikimilər fəsiləsinə daxil olanlar, məşəl daşıyanlarla konfransa gedir. Bu adam konfrans keçirilməsinin qayda-qanununu da öyrənə bilməyib. Elə bilir ki, partiya quruculuğu qrant yeməkdi.

Bir sözlə, hazırda Rauf Arifoğlu və Razi Nurullayev cəmiyyətə dönüklüyün zirvəsini göstərirlər. Bir tərəfədə cəmiyyətin nifrəti, bir tərəfdə Allahın lənəti, bir tərəfdə də hökumətin verdiyi yalın ləzzəti.

Nə deyirik ki, siz saxta cəbhəçilərin istefasını tirajlayın, biz də gerçək üzvlərin qəbulu ilə məşğul olaq. Siz quruldamağınızda olun, biz həqiqi qurultaya hazırlaşaq.  Medallı redaktor da səhifələrini yalanlarla doldurmağa davam etsin. Indi “Yeni Müsavat”ın missiyası köhnə cəbhəçiləri, 5 manatlıq muzdluları üzə çıxarmaqdan ibarətdi. Allah sizə rəhmət eləsin, ölülər!

Akif

P.S.Ölkə uçuruma yuvarlanır, vətəndaş borc bataqlığında çırpınır, dövlətin imici hər gün ləkələnir, hakimiyyət isə  bütün enerjisini müxalifət partiyasını sıradan çıxarmağa sərf edir. Başqa hökumətlər yeni texnologiyların istehsalına, elmin inkişafına, iqtisadiyyatın güclənməsinə çalışır, iqtisadi böhrandan çıxış yolları axtarır, bizimkilər isə Razi, Rauf istehsal etməklə məşğuldular.